Son üç ildə minimum pensiya 82%, orta aylıq pensiya 43% artıb
18 Fevral 2021 14:24 İqtisadiyyatÖlkəmizdə əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində atılan addımlar, aparılan islahatlar sosial təminat növləri üzrə ödənişlərin hər biri üzrə ciddi artım dinamikası ilə nəticələnib. Bu pozitiv tendensiyanı 2018-2020-ci illərin sosial mənzərəsində də aydın görmək olar. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən "Olaylar"a bildirilib ki, qeyd olunan dövrdə pensiyaların minimal məbləği 82% artaraq 200 manat, orta aylıq məbləği 43% artaraq 298 manat təşkil edib. O cümlədən yaşa görə pensiyaların orta aylıq məbləği 40% artaraq 328 manata, əlilliyə görə pensiyaların orta aylıq məbləği 49% artaraq 261 manata, ailə başçısını itirməyə görə pensiyaların orta aylıq məbləği 46% artaraq 240 manata çatıb. Artım tempi müavinət və təqaüdlərdə, ünvanlı sosial yardımlarda da özünü göstərib. Son üç ildə müavinətlərin orta aylıq məbləği 95%, maksimum məbləği 65% artmaqla müvafiq olaraq 119 manata və 150 manata çatıb. Təqaüdün maksimum məbləğində 54% artım baş verib və bu məbləğ 1300 manatdan 2000 manata yüksəlib.
Ünvanlı dövlət sosial yardımının hər ailəyə düşən orta aylıq məbləği 61% artaraq 240 manata çatıb. Bu artımın əsasında eyni zamanda ehtiyac meyarı həddinin ildən-ilə artırılması dayanır. Ehtiyac meyarı həddi 2018-2020-ci illərdə 116 manatdan 160 manata çatdırılıb, 38% artıb. Yaşayış minimumunun məbləği də son üç ildə 23% artırılaraq 155 manatdan 190 manata çatdırılıb.
Bütün bu artım dinamikası həmin ödənişlərə yönəldilən vəsaitlərin də artırılmasını şərtləndirmiş olur. Belə ki, 2018-2020-ci illərdə pensiya istiqaməti üzrə ayrılan illik vəsait 36% və ya 1 milyard 188 milyon manat artaraq 4 milyard 477 milyon manata, müavinətlərə ayrılan illik vəsait 120 faiz artaraq 613 milyon manata, təqaüdlərə ayrılan illik vəsait isə 3,5 dəfə artaraq 326 milyon manata çatıb.