195 Çağrı Mərkəzinə 109232 müraciət daxil olub

2013-cü ilin yanvar-aprel aylarında Vergilər Nazirliyinin 195 Çağrı Mərkəzi  tərəfindən 109 min 232 müraciət cavablandırılıb, vergi ödəyicilərinə 181 min 740 sayda mesaj göndərilməklə onların məlumatlandırılması təmin edilib.  Nazirliyin Analitik informasiya şöbəsindən "Olaylar"a verilən məlumata görə, Telefon Məlumat Xidmətinə daxil olmuş  müraciətlərin 68 min 358-i canlı rejimdə müfəttiş-operatorlar, 40 min 874-ü səsli menyu vasitəsilə elektron operator tərəfindən cavablandırılıb. Müfəttiş-operatorlar tərəfindən cavablandırılmış suallar arasında vergi növləri (14,6%), elektron xidmətlər (19,6%), qeydiyyat (10,5%), hesabatlar və onların doldurulma qaydaları (15,2%), büdcə, vergi ödəyiciləri və vergi orqanlarının rekvizitləri (6,2%) barədə suallar, səsli menyu vasitəsilə qəbul edilmiş müraciətlər arasında isə vergi növləri (60,4%) və dövlət büdcəsinə olan vergi borcları (25.2%) barədə müraciətlər üstünlük təşkil edib.Hesabat dövrü ərzində canlı əlaqə zamanı müfəttiş-operatorlar tərəfindən cavablandırılmış müraciətlərin sayı 2012-ci ilin müvafiq dövrünə nisbətən 20,1% artıb. Ötən dövr ərzində vətəndaşlardan şikayət (ərizə) və məlumat xarakterli 446 müraciət qəbul edilərək aidiyyəti üzrə göndərilib.Canlı rejimdə vergi ödəyicilərindən daxil olan sual xarakterli müraciətlərin 98,3%-i müfəttiş-operatorlar tərəfindən dərhal, 1,7%-i isə sual vərəqəsi tərtib edilərək araşdırıldıqdan sonra cavablandırılıb. Müraciətlərin 75,1%-i Bakı şəhərindən, 10,7%-i mobil operatorlardan, qalanı isə ölkənin müxtəlif bölgələrindən daxil olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31