Deputat: “Növbəti 10 ildə ölkə iqtisadiyyatı 5 əsas istiqamət üzrə inkişaf edəcək”

"Azərbaycan Prezidentinin bu gün imzaladığı sərəncamla 2030-ci ilədək ölkəmizin sosial-iqtisadi inkişafı üzrə Milli Prioritetləri təsdiq edildi". Bunu "Olaylar"a deyən millət vəkili Vüqar Bayramovun sözlərinə görə,   növbəti 10 ildə ölkə iqtisadiyyatı 5 əsas istiqamət üzrə inkişaf edəcək: "Dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat; dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət; rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı;  işğaldan azad olunmuş ərazilərə böyük qayıdış; təmiz ətraf mühit və "yaşıl artım" ölkəsi. Diqqəti çəkən əsas məqamlardan biri iqtisadi inkişafda inklüzivlik və innovativliyin daha da önə çəkilməsidir. Sadə dildə desək, inklüziv inkişaf dəyərin yaradılmasında və bölüşdürülməsində bütün cəmiyyətin daha yaxından iştirak etməsi və gələcək nəsillər üçün dəyər bir hissəsinin qorunub saxlanılmasıdır. Digər tərəfdən, müasir çağırışlara uyğun olaraq ümumi dəyərdə innovativ payın daha artırılmasına nail olmaq əsas hədəflərdəndir. Ən əsas məqamlardan biri də qələbənin əbədiləşdirilməsi üçün öz doğma torpaqlarından köçkün düşən insanların vətənə qayıdışının təmin olunmasıdır. Növbəti dövr eyni zamanda məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması və yeni quruculuq dövrü kimi də yadda qalacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31