Tarif artımı vətəndaşların ailə büdcəsinə ciddi təsir etməyəcək
7 Yanvar 2021 11:03 İqtisadiyyatEldəniz Səlimov: "Qiymət tənzimlənməsi nəticəsində dövlət büdcəsinə əlavə daxilolmalar proqnozlaşdırılır ki, yaranan əlavə vəsait ölkədə sosialyönümlü tədbirlərə yonəldiləcək"
Son günlərdə Tarif Şurasının Aİ-92 markalı benzin və dizel yanacağının qiymətini artırması barədə qərarı respublikada birmənalı qarşılanmayıb. Bir çox insanlar bu dönəmdə belə bir artımın yersiz olduğunu dilə gətirirlər. Lakin Milli Məclisin deputatı Eldəniz Səlimov hesab edir ki, belə məlumatların yayılması və bu fikirlər tamamilə yanlışdır. Millət vəkilinin sözlərinə görə, Azərbaycan son illərdir siyasi-iqtisadi yüksəlişini yaşayır: "Ticarət əlaqələrimiz genişləndirilir. Bir çox ölkələrlə müqavilələr bağlanılır. Bunlar qiymətlərin oynaması üçün amillərdir. Həm də anlamaq çətin deyil ki, biz xalq olaraq böyük bir müharibədən çıxmışıq. Müharibənin aparılması təbii ki, maddi durumdan asılıdır. Hər bir atılan güllə, mərmi, dron və digər texnikaların milyon dollarla dəyəri vardır. Təbii ki, bunlar da hamısı dövlət büdcəsindən istifadə edilir". Eldəniz Səlimov onu da deyib ki, qiymət artımı büdcənin artımı üçün də müsbət bir haldır: "Digər tərəfdən isə Azərbaycan Avro-5 standartlarına keçid etməkdədir. Burada Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiymətinin artırılmasının əsas məqsədləri bunlardır. Həmin məhsulların keyfiyyətinin yüksək avrostandartlara çatdırılması. Ekoloji mühitin yaxşılaşdırılması. Neft emalı sənayesində yenidənqurma və modernləşdirmə işlərinin davam etdirilməsi. 2022-ci ilin iyun ayınadək dizel yanacağının, 2023-cü ilin iyun ayınadək isə Aİ-92 markalı avtomobil benzininin AVRO-5 standartına tam uyğunlaşdırılması nəzərdə tutulur. Tarif tənzimlənməsində konservativ yanaşma, enerji tariflərinin mümkün olan ən aşağı səviyyədə saxlanılması, əhalinin sosial müdafiəsi, istehsal subyektlərinin ucuz enerji ilə təmin edilməsi və s. kimi amillər nəzərə alınıb". Millət vəkili onu da deyib ki, dizel yanacağından istifadənin ekoloji zərərini nəzərə alaraq, daha çox benzin istehlakına keçilməsi məqsədilə onların arasında qiymət fərqi azaldılıb: "Aİ-92 markalı avtomobil benzini əsasən, şəxsi minik avtomobillərində istifadə olunduğundan istehlak bazarında ciddi qiymət artımına səbəb olmayacaq. Misal üçün, bir avtomobil çəninin orta benzin tutumu 50 litr götürülərsə, avtomobil sahibi bir çənin tam doldurulması üçün əlavə 5 manat, dizellə işləyən avtomobil sahibi isə əlavə olaraq 10 manat ödəyəcəkdir. Aİ-92 markalı avtomobil benzini üzrə qiymət tənzimlənməsi ictimai nəqliyyatdan istifadəni və yanacağa qənaət edən avtomobillərə keçidi stimullaşdıracaq. Qiymət tənzimlənməsi nəticəsində dövlət büdcəsinə əlavə daxilolmalar proqnozlaşdırılır ki, yaranan əlavə vəsait ölkədə həyata keçirilən sistemli və davamlı xarakter daşıyan sosial siyasətə uyğun olaraq, sosialyönümlü tədbirlərə yonəldiləcəkdir. Tarif dəyişikliyi nəticəsində yaranan əlavə vəsaitdən büdcədən maliyyələşən sahələrin xərclərinin balanslaşdırılmasına da sərf oluna bilər. Tarif artımı çox deyil və vətəndaşların ailə büdcəsinə ciddi bir təsir etməyəcək". Eldəniz Səlimov onu da diqqətə çatdırıb ki, dizel yanacağının qiymət artımının sərnişindaşıma ilə məşğul olan sahibkarlıq subyektlərinə təsirinin neytrallaşdırılması üçün onlara kompensasiya ödəniləcəkdir: "Kompensasiyanın verilməsi mexanizmi yanvar ayının sonunadək açıqlanacaqdır. Bu, əhalinin, xüsusilə sosial həssas qrupun mənafeyinə xidmət edən, vətəndaşların gündəlik həyatda daha çox istifadə etdiyi ictimai nəqliyyatda tarıf dəyişikliyi aparılmaması üçün atılan mühüm addımdır. Dizel yanacağının qiymət artımının kənd təsərrüfatı sahəsinə təsiri nəzərə alınaraq hökumət tərəfindən ayrılan subsidiyaların məbləğinə yenidən baxılacaqdır. Qiymət dəyişikliklərinin digər sahələrə təsirinin minimallaşdırılması üçün müvafiq tədbirlər görüləcəkdir. Alternativ yanacaqdan istifadənin genişləndirilməsi üçün dövlət-özəl tərəfdaşlığı müstəvisində imkanlar yaradılacaq".
Millət vəkilinin sözlərinə görə, tarif tənzimlənməsindən sui-istifadəyə, əsassız qiymət artımınına yol verilməməsi üçün nəzarət tədbirləri həyata keçiriləcəkdir: "Bununla yanaşı, 2019-cu ildən başlayaraq Azərbaycan Prezidentinin təşəbbüsü ilə iki inqilabi sosial paket həyata keçirilib. Pandemiya dövründə əhaliyə və biznesə dəstək paketləri reallaşdırılıb. Prezident İlham Əliyevin təsdiq etdiyi sosial paketlərə əsasən, 2019-cu ilin aprel və oktyabr aylarında ölkədə maaşlar, təqaüdlər, müavinətlər və digər ödənişlər kəskin artırılıb. Minimum əmək haqqı iki dəfə artırılaraq 250 manata çatdırılıb, dövlət sektorunda əməkhaqları 20%-100% həcmində yüksəldilib. Ölkəmizdə minimum aylıq pensiya 200 manata çatdırılıb və 72,4% artırılıb. Azərbaycan minimum pensiyanın alıcılıq qabiliyyəti indeksinə görə MDB ölkələri və Gürcüstan üzrə 1-ci yerə, minimum əməkhaqqının alıcılıq qabiliyyəti indeksinə üzrə 2-ci yerə yüksəlib. 2019-cu ilin ardıcıl iki sosial paketi çərçivəsində sosial müavinət və təqaüdlər orta hesabla 100 faiz artırılıb. Yeni təqaüd növləri - sağlamlıq imkanları məhdud uşaqlara və 1-ci dərəcə əlilliyi olan şəxslərə qulluq edənlər, müharibə veteranları üçün Prezidentin aylıq təqaüdləri təsis edilib. Həmçinin məcburi köçkünlərin müavinətləri, tələbələrin təqaüdləri ciddi şəkildə artırılıb. 800 min insanın problemli kredit narahatlığına son qoyulub və s.
2019-cu ildəki iki sosial paketin əhatə dairəsi ümumilikdə 4,2 mln. nəfər olub (əhalinin 42 faizi). Maliyyə yükü 2019-cu il üçün 2,3 mlrd. manat, 2020-ci il üçün isə 3 mlrd. manat təşkil edib".
Milli Məclisin deputatı Azər Badamov isə qeyd edib ki, Tarif Şurasının qərarına əsasən bu gündən Aİ 92 benzinin və dizel yanacağının qiyməti dəyişsə də, ölkədə kəskin qiymət artımının baş verməməsi üçün qabaqlayıcı tədbirlər görülür. Onun sözlərinə görə, ictimai nəqliyyatda qiymət artımının baş verməməsi üçün ictimai nəqliyyat xidməti göstərən şirkətlərə subsidiya ödəniləcək: "Kənd təsərrüfatı məhsullarının istehsalının maya dəyərinin artmaması üçün isə həmin sahəyə verilən dövlət subsidiyalarına yenidən baxılacaqdır. Əhalinin aztəminatlı təbəqəsinin alacağı müavinətlər, pensiyalar və təqaüdlər artırılıb. Yəni, dövlət yanacağın qiymətinin artırması ilə yanaşı əhalinin sosial müdafiəsi tədbirlərini də gücləndirir. Həm də qeyd etməliyəm ki, 2020-ci ildə bu kateqoriyaya aid insanların müavinətlərinin artırılması ilə bağlı addımlar atılıb. Məsələn, şəhid ailələrinə verilən aylıq müavinət 300-dən 500 manata, Milli Qəhrəmanlara verilən Prezident təqaüdü 1500-dən 1800 manata çatdırılıb. Əlillik dərəcəsinə görə verilən müavinətlər 40% artırılıb və bu istiqamətdə görülən işlərin siyahısını daha da genişləndirmək olar. Yanacağın qiymətinin artımı düşünürəm ki, ailələrə çox təsir etməyəcək. Bu artımdan dövlət büdcəsinə gələcək gəlirlər yenidən əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edəcəkdir".
Millət vəkili bildirib ki, yanacağın qiyməti artanda biz region və dünyadakı vəziyyət ilə ölkəmizi müqayisə edirik: "Düşünürəm ki, bu daxili bazarı qorumaq baxımından düzgün yanaşmadır. 2020-ci ildə dünya bazarlarında benzinin qiyməti 14% artıb. Azərbaycanda isə benzinin qiymətində axırıncı artım 2017-ci ildə, dizel yanacağında 2013-cü ildə olub. Qonşu ölkələrdə isə benzinin və dizel yanacağının qiymətinin 2020-cil ildə də müəyən qədər artaraq baha olması bu məhsulların qeyri-qanuni yollarla ölkəmizdən çıxarılmasını artırmışdı. Bu da müəyyən vaxtdan sonra daxili bazarda qıtlığın yaranmasına gətirib çıxarardı. Bu baxımdan Tarif Şurasının qərarı başa düşüləndir".
Qeyd edək ki, benzin və dizelin qiymətinin artımının ictimai nəqliyyatda gediş haqlarının artırılmasına təsir göstərməyəcəyi də açıq şəkildə ifadə edilib.
Bakı Nəqliyyat Agentliyi (BNA) Tarif (Qiymət) Şurasının qərarı ilə ölkədə yanacağın qiymətinin artırılmasından sonra sərnişin avtobuslarında da gediş haqqının artırılması ehtimalına münasibət bildirib. Bakı Nəqliyyat Agentliyi bildirb ki, paytaxtda müntəzəm sərnişindaşıma sahəsində dövlət nəzarətini həyata keçirən qurum olaraq gediş haqqının artırılması ilə bağlı Tarif Şurasına müraciət edilməyib və bu məsələ hazırda gündəmdə deyil. Hazırda sərnişindaşıma istiqaməti üzrə əsas diqqət vətəndaşlara göstərilən ictimai nəqliyyat xidmətlərinin keyfiyyətinin artırılmasına, onların rahatlığının təmin edilməsinə yönəldilib".
Həmçinin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidməti (DANX) də bəyan edib ki, şəhər və rayonlararası ictimai nəqliyyatda qiymət artımı nəzərdə tutulmur və bununla bağlı Tarif Şurasına müraciət olunmayıb. İctimai nəqliyyat bütün regionlarda hansı qiymətə işləyirdisə, bundan sonra da elə olacaq. Dizel yanacağının qiymətinin artırılmasının sahibkarlara təsirlərinin neytrallaşdırılması üçün onlara konpensasiyaların hansı formada ödənilməsi məsələsinə isə aydınlıq gətiriləcək. Bununla yanaşı taksilərdə süni qiymət artımına yol verilməməsi üçün isə nəzarət tədbirləri gücləndiriləcək.
Füzuli
Olaylar.az