"Yeni enerji tariflərinin mənfi təsiri əvvəlcədən sığortalanıb"
5 Yanvar 2021 16:12 İqtisadiyyatYeni enerji tariflərinə keçid tək Azərbaycan miqyaslı hadisə deyil, eyni zamanda bunu bütün dünyada gedən qlobal iqtisadi maliyyə proseslərinin tərkib hissəsi kimi nəzərdən keçirmək lazımdır.
Bunu açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.
Ekspert bidirib ki, yeni enerji tariflərinin tətbiqi Azərbaycanda müxtəlif proqressiv proseslərə istiqamət açacaq:
"Pandemiyanın ilkin mərhələlərinə xas olan iqtisadi fəallıq artıq 2020-cı ilin ortalarından bərpa olunmağa başladı. Nəticədə dünya miqyasında enerji, enerjiyə tələbatın yenidən artımı, başqa proseslərin getməsi enerjinin qiymətinin bütün dünya ölkələri üzrə yüksəlməsinə gətirib çıxardı. Bu mənada, əslində, Azərbaycanda yeni enerji tarifləri dünyada gedən enerji tariflərinin yüksəlmə prosesi ilə uzlaşma cəhdindən başqa bir şey deyil. Hansı ki, dünyada gedən enerjinin bahalaşma prosesindən kənarda qalmaq mümkünsüzdür. Digər tərəfdən, Azərbaycanda atılan bu addım qonşu ölkələrdə gedən analoji proseslərlə uyğunlaşmaq baxımından da diqqəti cəlb edib. Çünki əgər Azərbaycan bu addıma indi gedirsə, 2020-ci ilin ərzində təkcə elə qonşu ölkələrimiz Gürcüstan, Rusiya, Türkiyə, Avropa ölkələrində enerjinin bahalaşmasının ən müxtəlif mərhələlərdə yüksələn proses olduğunun şahidi oluruq. Dünya üzrə orta rəqəmlərlə yanaşanda belə, 2020-ci il ərzində Azərbaycanda enerjinin, xüsusilə də benzinin və dizelin qiymətinin dünya üzrə orta göstəricidən xeyli dərəcədə aşağı olduğu qənaətinə gəlmək mümkündür ki, bu da enerjinin yeni tariflərinin tətbiqini zərurətə çevirdi. Yeni enerji tariflərinin tətbiqi Azərbaycanda müxtəlif proqressiv proseslərə istiqamət açacaq".
O qeyd edib ki, yeni enerji tarifləri həssas təbəqələrə və rifah halına mənfi təsir göstərməyəcək:
"Hər şeydən əvvəl onu qeyd etmək lazımdır ki, yeni tariflərin tətbiqi ilə dövlət büdcəsinə əlavə vəsaitlərin daxil olmasına imkan yaranacaq ki, bu da Azərbaycanda yeni sosial dəstək və sosial təminat layihələrin həyata keçirilməsinə öz töhvəsini vermiş olacaq.
Ölkədə ekoloji tarazlığın təmin olunması baxımından da bu addımın çox mühüm nəticələri ola bilər. Yeni tariflərin tətbiqi benzin və dizelin istehsalı sahəsində ən müasir standartların tətbiqi baxımından da yeni perspektivlər açacaq və ölkəmizin yaxın illərdə Avro-5 standartlarına keçidinin daha da asanlaşdırılması üçün lazım olan şəraitin yaradılması üçün öz töhfələrini verəcək.
Yeni tariflərin tətbiq olunması baxımından bir vacib məsələni də qeyd etmək yerinə düşür. Bu da ondan ibarətdir ki, cəmiyyətimizdə müəyyən narahatlıqlar var. Buna baxmayaraq yeni tariflərin tətbiq olunması ilə əhalinin müxtəlif həssas təbəqələrinin müəyyən qədər ziyan görə biləcəyi nəzəri olaraq ehtimal olunsa da praktikada bu da yoxdur. Çünki 2019-2020-ci illərdə Azərbaycanda həyata keçirilən bir sıra saysız sosial dəstək və sosial müdafiə paketləri, hansılar ki əhalinin ən həssas təbəqələrinin müdafiəsinə yönəlmişdi, bunlar yeni enerji tariflərinin tətbiqinin müxtəlf həssas sosial qruplara mənfi təsir göstərə biləcəyini artıq əvvəlcədən sığortalamışdı. Bu gün Azərbaycanda orta pensiyanın, minimum əməkhaqqının həddi, müavinətlərin, yardımların miqdarı dünyanın bir sıra ölkələri ilə müqayisədə yüksək səviyyədədirsə, bu, deməyə imkan verir ki, yeni enerji tariflərinin həssas təbəqələrə və rifah halına mənfi təsir göstərmək ehtimallarının qarşısını almaq tamamilə mümkün olacaq".
"Yeni enerji tarifləri qaçılmaz bir addım idi. Bu, dünyada gedən proseslərin tərkib hissəsidir. Eyni zamanda ölkənin daxilində yeni inkişaf və tərəqqi trendlərinin açılmasında öz təsirini göstərəcək. Xüsusilə enerji istehsalı sahələrində proseslərin daha şəffaflaşdırılmasında və müasirləşdirilməsində öz rolunu oynayacağı şübhəsizdir. İnsanların sağlamlığı, ekologiyanın tarazlığının təmin olunması, eləcə də ictimai nəqliyyatdan və daha az enerji tutumlu nəqliyyat vasitələrindən istifadə olunması perspektivlərini yaxşılaşdırmış olacaq. Azərbaycanı belə bir addım atmağa sövq edən reallıqlardan biri də ölkədə avtomobil parkının sürətlə böyüməsidir. Təkcə onu deyim ki, 2020-ci ildə Azərbaycana xaricdən idxal olunan avtomobillər 2019-cu ilin əvvəli ilə müqayisədə az qala iki dəfə artıb. Avtomobil parkının bu qədər böyük bir sürətlə böyüməsi, sözsüz ki, ölkədə enerji tariflərinə yenidən baxılması zərurətini doğurdu. Ancaq bütün hallarda yeni enerji tarifləri ölkədə sosial-iqtisadi inkişaf baxımından yeni trendlər doğuracaq", - Aydın Quliyev deyib.
(milli.az)