“Vətəndaşın 2021-ci il üçün büdcə bələdçisi” kitabı Maliyyə Nazirliyinin internet səhifəsində yerləşdirilib
5 Yanvar 2021 12:01 İqtisadiyyatAzərbaycan Respublikasının 2021-ci il üçün dövlət və icmal büdcələrini özündə birləşdirən "Vətəndaşın 2021-ci il üçün büdcə bələdçisi" kitabı Maliyyə Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilib. "Olaylar" xəbər verir ki, "Vətəndaşın büdcə bələdçisi" kitabında dövlət və icmal büdcələrin əsas parametrləri və istiqamətləri, büdcə layihəsinin hazırlanması zamanı müvafiq işlərin həyata keçirilməsi haqqında məlumat, büdcə gəlirinin formalaşması mənbələri və xərclərin istiqamətləri haqqında əsas məlumatlar toplusu əks olunmuşdur. 2020-ci il Azərbaycan Respublikasının dövlətçilik və müstəqillik tarixinə Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Ermənistan üzərində qazanılan parlaq hərbi-siyasi Qələbə və 30 iləyaxın işğal altında olan əzəli Azərbaycan torpaqlarının tam azad edilməsi ili kimi həkk olunmuşdur. 2021-ci ilin dövlət büdcəsinin əsas xüsusiyyətlərindən biri də məhz erməni işğalçılarına qarşı zəfər qazandığımız Vətən müharibəsi nəticəsində işğaldan azad olunan ərazilərdə bərpa və yenidənqurma işlərinin aparılması, sosial-iqtisadi, enerji, kommunal, nəqliyyat infrastrukturunun yaradılması, öz doğma yurdlarına qayıdan vətəndaşlarımızın yaşayışı və işgüzar fəaliyyəti üçün şəraitin təşkil edilməsi kimi şərəfli və məsuliyyətli vəzifələrin icrası üçün maliyyə təminatının yaradılmasıdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, "tezliklə bütün Qarabağda abadlıq, quruculuq, inkişaf başlayacaq". Eyni zamanda, Azərbaycan Ordusunun hərbi qüdrətinin daha da möhkəmləndirilməsi üçün də məqsədli vəsaitlər nəzərdə tutulub. 2021-ci ildə dövlətin milli təhlükəsizliyinin, müdafiə qabiliyyətinin və ordumuzun hərbi qüdrətinin daha da artırılması, texniki təminatının gücləndirilməsi ən ümdə prioritet kimi qəbul edilib.