Komitə sədri yeni fondun yaradılmasını təklif edib

"İşğaldan azad olunmuş ərazilərin bərpası üçün büdcədən 2,2 milyard manat vəsait ayrılmasını yaxşı qarşılayırıq. Deputat həmkarlarımız xaricdə və ölkədə yaşayan sahibkarların da öz vəsaitləri hesabına bu layihələrdə iştirak etməsi ilə bağlı təkliflər səsləndirib". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin dekabrın 28-də keçirilən iclasında millət vəkili, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib. Komitə sədri bildirib ki, bu istiqamətdə ayrıca fondun yaradılması yaxşı olardı: "Burada təkcə dövlət büdcəsindən olan vəsaitlərin deyil, sahibkarlardan və digər şəxslərin də ianələri hesabına fondun gəlirləri arta və bu gəlirlər işğaldan azad olunmuş ərazilərin bərpasına yönələ bilər. Bu da işlərin daha sürətlə aparılmasına imkan verər". Milli Məclisin Sədri Sahibə Qafarova bildirib ki, bu məsələyə hökumət üzvləri öz münasibətini bildirəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31