Gələn il pensiya və müavinətlər artacaq?
21 Dekabr 2020 14:21 İqtisadiyyat2021-ci ilin dövlət büdcəsində sosial müdafiə və sosial təminat xərcləri üçün 3692,7 milyon manat vəsait proqnozlaşdırılıb ki, bu da 2020-ci illə müqayisədə 455,7 milyon manat və ya 14,1 faiz çoxdur. "Olaylar" xəbər verir ki, bu barədə "Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində qeyd edilib. Sosial müdafiə və sosial təminat xərclərinin maliyyələşdirilməsi üçün nəzərdə tutulan xərclərin növbəti ilin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 12,9 faiz təşkil edəcək ki, bu da 2020-ci illə müqayisədə 1,1 faiz-bənd çoxdur. ÜDM-ə nisbətən həmin xərclər 4,9 faiz təşkil edəcəkdir ki, bu da 2020-ci illə müqayisədə 0,4 faiz-bənd çoxdur. Qeyd edilir ki, son 5 ildə (2016-2021-ci illər) bu xərclər 1047,4 milyon manat va ya 39,6 faiz artıb.
Dövlət Sosial Müdafiəsi Fondunun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün yönəldiləcək vəsait 1631,5 milyon manat təşkil edəcək ki, bu da 2020-ci illə müqayisədə 442,6 milyon manat və ya 37,2 faiz çoxdur. Bu vəsait hesabına 1,3 milyon nəfərə yaxın əmək pensiyaçısının pensiyalarının bir hissəsinin maliyyələşdirilməsi həyata keçiriləcək. Dövlətin apardığı uğurlu sosial-iqtisadi siyasət nəticəsində əhalinin gəlir əldə etmək imkanlarının və rifahının yaxşılaşması, yoxsulluq səviyyəsinin azaldılması, aztəminatlı ailələrin, xüsusilə də sosial cəhətdən həssas qrupların sosial müdafiəsinin gücləndirilməsi və digər sosial tədbirlərin maliyyə təminatı üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 2021-ci il dövlət büdcəsindən 1567,9 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub. Həmin mənbə hesabına ümumilikdə sosial müavinət və təqaüdlərin maliyyələşdirilməsi üçün 1065,8 milyon manat vəsait nəzərdə tutulur ki, bu da 2020-ci illə müqayisədə 72,8 milyon manat və ya 7,3 faiz çoxdur.