“Azərsun Holdinq” 1 hektardan 53 sentner taxıl yığımı ilə ümumrespublika göstəricisini 2 dəfə üstələdi
13 İyun 2012 15:18 İqtisadiyyat12 iyun tarixində "Azərsun Holdinq" Biləsuvarda yerləşən pilot kənd təsərrüfatı kompleksində nazir müavini Bəhram Əliyevin iştirakı ilə taxılçılıq mövzusunda səyyar seminar təşkil etdi.
İlk olaraq seminar iştirakçıları "Azərsun Holdinq"in 3400 hektarlıq ərazidə salınan ən müasir yağmurlama və damcılama suvarma sistemləri ilə təchiz olunmuş və ekoloji təmiz qaydada yetişdirilən müxtəlif tərəvəz, bostan bitkiləri, taxıl, nar, çuğundur, noxud sahələri ilə tanış oldular. Daha sonra seminar iştirakçıları ekoloji təmiz sertifikatlı gübrə istehsalı ilə də tanış oldular. Ərazidə müasir intensiv əkinliklə tanışlıq zamanı taxıl toxumu haqda ciddi fikir mübadilələri və məhsuldarlıqla bağlı mübahisələr aparıldı. Mübahisələrə son qoymaq və eyni zamanda nümayiş üçün ərazidə olan nisbətən zəif buğda sahəsindən 1 hektar seçildi, seminar iştirakçıları və KİV nümayəndələri müşahidəsi ilə buğda biçildi, tərəzidə çəkildi. Təsadüfən seçilmiş bir hektarından 5310 kiloqram (53 sentner) dən alındı. Ötən ilin ümumi respublika göstəricisinin 1 hektardan 25-27 sentner olduğunu bildirən kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyev, "Azərsun Holdinq" sahələrində əldə olunan nəticənin orta göstəricilərdən 2 dəfə çox olduğunu qeyd etdi və əldə olunan müsbət təcrübənin taxılçılıqla ilə məşğul olan digər fermerlə tərəfindən də mənimsəməsinin vacibliyini vurğuladı.