Bölgələrdə yeni vergi ödəyicilərinə xidmət mərkəzləri açıldı

Vergilər Nazirliyi Tərtər və Bərdədə sahibkarlarla görüşdü

Tərtər və Bərdə şəhərlərində Vergilər Nazirliyinin rəhbər vəzifəli şəxslərinin, ərazi vergilər idarələrinin, sahibkarların və ictimaiyyət nümayəndələrinin iştirakı ilə daha iki vergi ödəyicilərinə xidmət mərkəzinin açılışı olmuş, vergi ödəyiciləri ilə görüşlər keçirilib. Bu barədə "OLAYLAR"a Vergilər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Vergilər nazirinin müşaviri Ələkbər Məmmədov bildirib ki, vergilərin könüllü ödənilməsi sisteminin və sahibkarlığın inkişafı məqsədilə Vergilər Nazirliyi tərəfindən regionlarda, xüsusilə vergi orqanı olmayan iri şəhər və rayonlarda vergi ödəyicilərinə xidmət mərkəzləri yaradılır. Hazırda respublikada müasir standartlara cavab verən 34 belə xidmət mərkəzi uğurla fəaliyyət göstərir və cari ildə daha 6 mərkəzin istifadəyə verilməsi nəzərdə tutulur. Xidmət mərkəzlərində vətəndaşlara vergi qanunvericiliyinin tətbiqi barədə izahatlar verilir, vergi bəyannamələrinin elektron formatda düzgün tərtib edilməsi və göndərilməsi, vergi ödəyiciləri ilə vergi orqanı arasında elektron sənəd mübadiləsinin aparılması ilə bağlı xidmətlər göstərilir. Burada həmçinin sahibkarlıq fəaliyyətinə yeni başlamaq istəyən şəxslər üçün təlimlər də keçirilir.
Vergi ödəyicilərinə xidmət idarəsinin rəis müavini Elçin Məmmədov 2011-2015-ci illəri əhatə edən "Vergi orqanları tərəfindən vergi ödəyicilərinə göstərilən xidmətlərin inkişafı Konsepsiyası"nın yerinə yetirilmə vəziyyəti, vergi sistemində tətbiq olunan elektron xidmətlər barədə görüş iştirakçılarına məlumat verib.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31