Azərbaycanda ödənişli yollar istifadəyə veriləcək
Bununla bağlı “Avtomobil yolları haqqında” qanuna ciddi dəyişikliklər ediləcək
2 May 2013 18:16 İqtisadiyyatMayın 2-də Milli Məclisin iqtisadi siyasət komitəsinin iclası keçirilib. İclasda "Avtomobil yolları haqqında" qanuna əlavə və dəyişikliklər müzakirə edilib. Komitə sədri Ziyad Səmədzadə qanun layihəsinin ölkə Prezidenti tərəfindən parlamentə göndərildiyini bildirərək, qeyd edib ki, sənəddə avtomobil yollarının, bütövlükdə yol infrastrukturunun inkişafı ilə bağlı ciddi dəyişikliklər təklif olunur. Sonra qanun layihəsi ilə millət vəkillərini tanış edən Nəqliyyat Nazirliyinin hüquq şöbəsinin müdiri Adil Süleymanlı deyib ki, son illər ölkədə gedən güclü iqtisadi inkişaf yol-nəqliyyat sferasında da ciddi dəyişikliklərin əsasını qoyub və artıq bu sahədə də sürətli inkişaf meylləri özünü göstərməkdə, böyük layihələr həyata keçirilməkdədir. Adıçəkilən qanunun 1999-cu ildə qəbul olunduğunu və bunun üstündən 14 il keçdiyini xatırladan nazirlik rəsmisi artıq dövrün, zamanın tələblərinə uyğun olaraq, həmin sənəddə ciddi dəyişikliklərin edilməsi vacibliyinin ortaya çıxdığını bildirib.Onun sözlərinə görə, məhz bu səbəbdən mövcud sənədə ciddi dəyişiklikləri nəzərdə tutan qanun layihəsi müzakirələrə təqdim olunub: "Qanun layihəsində ayrıca "şəhər avtomobil yolları" adlı maddənin əksini tapması təklif olunur ki, burada da şəhər avtomobil yollarının ümumi istifadədə olan avtomobil yollarının tərkibinə daxil olmaqla, şəhərlərin inzibati-ərazi hüdudları daxilində olan küçə və prospektləri əhatə etməsi nəzərdə tutulur. Həmçinin təklif olunur ki, ümumi istifadədə olan avtomobil yollarının torpaq sahələrində müvafiq razılıq olmadan və ya razılıq şərtləri pozulmaqla, inşa edilmiş hər cür tikili- qurğular qanunsuz hesab ediləcək və bu tikili-qurğular onların özbaşına inşasına yol vermiş hüquqi və fizikin şəxsin qüvvəsi, yaxud da, vəsaiti hesabına söküləcək". A.Süleymanlı bildirib ki, mövcud qanunda əksini tapmasına baxmayaraq, yeni təklif olunan variantda ölkədə ödənişli yollarla bağlı məsələnin daha təkmilləşdirilmiş forması da öz əksini tapır. Yəni, ödənişli avtomobil yolu istifadəçisi gediş üçün ödənişi həmin yolun sahibi ilə bağlanmış müqavilə əsasında həyata keçirəcək. Müqavilənin bağlanması isə gediş üçün ödəmə sənədi ilə təsdiq ediləcək. Qanun layihəsinin müzakirəsi zamanı çıxış edən millət vəkili Vahid Əhmədov yolların qorunma zolaqlarının 25 metrdən ən azı 50 metrə qədər artırılmasını zəruri hesab edib. Millət vəkili həmçinin, çaylar üzərindəki körpülərin vəziyyətinin narahatçılıq doğurduqunu bildirərək qeyd edib ki, buna əsas səbəb çaylardan həddindən artıq çınqıl daşınmasıdır. Ona görə bunula bağlı məqam qanunda daha da sərtləşdirilməlidir.
Digər millət vəkili Əli Məsimli ödənişli yollar məsələsinə diqqəti yönəldərək, artıq bu praktikanın nəinki Avropada, o cümlədən, Cənub-Şərqi Asiyada da tətbiq olunduğunu və bunun böyük effekt verdiyini iddia edib. Ə.Məsimli həmçinin yolların asfaltlanmasından sonra onların tez bir zamanda yararsız hala salınmasından narahatçlılğını ifadə edib: "Bizim evin yerləşdiyi küçəyə Avropa standartlarına uyğun olan gözəl yol çəkilib. Ancaq məni də digər vətəndaşlarımız kimi hər gün bir məsələ narahat edir ki, görəsən, yolu qazacaqlar, yoxsa, qazmayacaqlar. Hər dəfə də gəlib küçənin qazılmadığını görəndə , uşaq kimi sevinirəm. Ancaq bu məsələyə də bir əncam çəkilməlidir. Mütləq qaz, işıq, kanalizasiya xətlərinin, sistemlərinin çəkilişi ilə məşğul olan təşkilatlar bu məsələdə yol infrastrukturu, sferası ilə koordinasiyalı fəaliyyət göstərməlidir. Eyni zamanda, onlar bu məsələdə məsuliyyət də daşımalıdırlar. Axı, belə olmaz? Yollar çəkilir, səhərisi gün isə qazılıb-dağlıdılr. Bu praktikaya son qoyulmalıdır". Millət vəkili, "Azəravtoyolservis" Səhmdar Cəmiyyətinin rəhbəri Cavid Qurbanov bildirib ki, mövcud qanunda ödənişli yollar məsələsi nəzərdə tutulsa da, faktiki olaraq həmin məsələ bu günədək həll olunmamış qalır. Əslində ödənişli yolları dövlət çəkməməlidir. Bu məsələ ilə daha çox özəl sektor məşğul olmalıdır. Çünki dünyanın hər yerində belədir: " Məsələn, Bakı şəhərində Sahil qəsəbəsi ilə Hacı Zeynalabdin Tağıyev qəsəbəsini birləşdirən üçüncü dairəvi yolumuz var. Biz istəyirik özəl sektora müraciət edək ki, onlar da keyfiyyətli ödənişli yolların çəkilməsi işində artıq iştirak etməyə başlasınlar və qeyd edim ki, müvafiq qanuna təklif olunan dəyişikliklərdə də bu məsələ daha təkmilləşdirilmiş formada əksini tapır". Körpülər məsələsinə gəlincə, C.Qurbanov deyib ki, hazırda ölkədə 1700-ə yaxın körpü var ki, onların da böyük əksəriyyəti ötən əsrin 80-ci illərinə kimi salınan və əsasən 10 tonluq maşınlar üçün nəzərdə tutulan körpülərdir".Qanun layihəsi geniş müzakirələrdən sonra parlamentin plenar iclasına tövsiyə olunub.
Alim