Əhaliyə qənim kəsilən banklar - ARAŞDIRMA
Vətəndaşları “tora salan” banklar onları talamaqla məşğuldur
2 May 2013 15:26 İqtisadiyyatXeyli müddətdir ki, ölkənin bank cektorunda islahatlar aparılaraq onların sayının ciddi şəkildə azaldılacağı ilə bağlı məlumatlar dolaşmaqdadır. Buna səbəb kimi bankların adının külli miqdarda fırıldaqçılıq faktlarında hallanması və ümumiyyətlə bank sektorunda baş verən özbaşınalıq göstərilir. Son illər isə bankların vətəndaşlara verdikləri kreditlər əsasında onları öz "toruna salması" məsələsi gündəmə gəlib. Məsələnin mahiyyəti ondan ibarətdir ki, banklar verdikləri kredit müqabilində vətəndaşları öz təsirləri altına salaraq onların müflisləşməsinə nail olurlar. Artıq məsələnin ciddiliyi qanunverici orqanda müzakirələrə səbəb olub. Milli Məclisin sonuncu iclasında millət vəkili Vahid Əhmədov qeyd edib ki, son zamanlar özəl banklar vətəndaşları yüksək faizlər müqabilində girova çevirərək əmlakını əlindən alır. Bir sıra banklar isə ümumiyyətlə mərkəzləşdirilmiş bank sistemindən kənara çıxaraq əhalini talamaqla məşğuldur: "Bu banklar əhaliyə yüksək faizlərlə kredit verir, sonra bu kreditin ödənməsi ilə bağlı problemlər çıxanda vətəndaşın bütün əmlakını almağa cəhd edirlər". Deputat V.Əhmədov Mərkəzi Bankı özəl bankların kredit siyasətinə müdaxilə etməyə çağırıb: "Yaxşı olardı ki, banklara 2-3 milyon manat transfer edilsin ki, vətəndaşlar bu problemdən yaxa qurtara bilsinlər". Məlumat üçün qeyd edək ki, Azərbaycanda 47 bankın lisenziyası olub, onlardan 1-i dövlət, 46-sı isə özəl bankdır. Xarici kapitalın iştirakı ilə 23 bank fəaliyyət göstərib. Xarici kapital 7 bankın nizamnamə kapitalının 50%-dən 100%-nə qədərini, 14 bankın nizamnamə kapitalının isə 50%-dən az olan hissəsini təşkil edir. Xarici bankların yerli filiallarının sayı isə 2-yə bərabərdir. Fəaliyyətdə olan bankların yerli filiallarının sayı 631-ə bərabər olub. Bunların 38-i dövlət, 593-ü isə özəl bankların payına düşür. Yerli filialları olan bankların sayı 41-ə, bank şöbələrinin sayı isə 109-a bərabərdir. Bankların xaricdə fəaliyyət göstərən strukturlarının sayı 9-a bərabərdir. Bunlardan 6-sı nümayəndəlik, 2-si törəmə bank, digəri isə filialdır. Təsəvvür edək ki, bunların hamısı müəyyən şərtlərlə vətəndaşlara kredit verir və onlar üzərinə müvafiq öhdəliklər qoyulur. Bunun üzərinə kredit təşkilatları və lombardları da əlavə etsək ölkədə az qala "hər üç nəfərdən" birinə bir bank düşür. Digər tərəfdən isə banklara nizamnamə kapitallarının artırılması üçün ciddi tələblər qoyulur. Belə halda banklar üçün ən optimal çıxış yolu fırıldaqçılıqla məşğul olub maksimum qazanc əldə etməkdir. Etiraf edək ki, artıq belə hallar bank sistemində dəfələrlə qeydə alınıb. Təbii ki, artıq belə hallara yol verən bir neçə bank barədə müvafiq ölçü götürülüb. "RöyalBank"ın lisenziyasının geri alınması, "TexnikaBank"ın rəhbər şəxslərinin məsuliyyətə cəlb edilməsi kimi addımları elə bank sektoruna bir mesaj kimi qəbul etmək mümkündür. Məsələ orasındadır ki, bəzi bankların fəaliyyətində qanunsuz hərəkətlər o dərəcədə dərinə işləyib ki, artıq onların inzibati metodlarla cəzalandırılması mənimsənilmiş pulların geri qaytarılmasında heç bir təsir vasitəsi rolunu oynaya bilmir. Digər tərəfdən, bir sıra inhisarçı məmurlar var ki, himayələrində olan banklar vasitəsilə asanlıqla çirkli pulların yuyulması prosesini həyata keçirə bilirlər. Belə vəziyyətdə Mərkəzi Bank yeni cəza mexanizmi tətbiq etmək zorunda bulunub. Azərbaycan bank sistemi inkişafının yeni mərhələyə daxil olduğunu əsas gətirən Mərkəzi Bankın qərarı ilə fəaliyyətdə olan bankların məcmu kapitalının, habelə yeni yaradılan banklar üçün nizamnamə kapitalının minimum miqdarı 50 mln. manatadək artırılıb. Sözügedən qərarın 2014-cü ilin yanvarın 1-dan qüvvəyə minəcəyi nəzərdə tutulur. Mərkəzi Bank bu qərarın bankların kapital bazasının gücləndirilməsi, banklara olan etimadın daha da artırılması və onların beynəlxalq rəqabət qabiliyyətinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bəyan edib. Eyni zamanda əlavə edib ki, bu qərar iqtisadi subyektlərinin maliyyə xidmətlərinə çıxış imkanlarının artırılmasına, bank xidmətlərinin çeşidinin genişlənməsinə və dəyərinin ucuzlaşmasına dəstək verəcək, maliyyə bazarlarının, xüsusən də banklararası bazarın inkişafına müsbət təsir göstərəcək. Lakin bankların real vəziyyəti tamamilə başqa fikir yürütməyə əsas verir. Ekspertlərin fikrincə, Azərbaycanda fəaliyyət göstərən bankların əksəriyyətinin maliyyə vəziyyəti o səviyyədə deyil ki, müəyyən edilmiş nizamnamə kapitalını təmin edə bilsin. Nizamnamə kapitalının həcminin 5 dəfə artırılması (hazırda bankların nizamnamə kapitalı 10 mln. manat təşkil edir) onsuz də vəziyyətləri şətin olan banklar üçün ağır bir yük kimi qəbul edilməlidir. Güman ki, bankların real vəziyyəti Mərkəzi Banka daha yaxşı məlumdur. Belə bir şəraitdə məlum qərarın verilməsi, birdən-birə bankların nizamnamə kapitalının həcminin 5 dəfə artırılması düşünülmüş addım kimi qəbul edilməlidir. Mütəxəssislərin fikrincə, belə bir qərarın verilməsi ilk növbədə ölkədə fəaliyyət göstərən bankların sayının azalmasına hesablanıb. Onu da xatırladaq ki, hələ bir müddət öncə MB-dan bankların sayının 20-yə qədər azaldılacağı barədə mesaj vermişdi. Əslində isə bankların ardıcıl olaraq müxtəlif üsullarla bağlanması bu sahədə də inhisarşılığın pik həddə çatmasının real göstəricisidir. Məhz bu xaotik vəziyyətdən banklar geninə-boluna yararlanmağa üstünlük verirlər. Artıq banklar ağlasığmaz şərtlərlə vətəndaşları cəlb edərək qazanc əldə etmək yolu tutblar. Avtomobil, mənzil, demək olar ki, bütün növ məişət və elektron avadanlıqlarını bank kreditləri ilə əldə etmək mümkündür. Məsələ orasındasdır ki, təklif edilən şərtlər cəəbedici olduğundan vətəndaşlar tez aldanaraq özlərini işə salmış olurlar. Bu fırıldağın ən geniş yayılmış forması avtomobil və mənzil kreditləri ilə bağlıdır ki, banklar elə şirnikləşdirici təkliflər irəli sürürlər ki, az qala ailənin bütün üzvləri maşın sahibi olmaq arzusuna düşürlər. Sonda isə krediti ödəyə bilməyən vətəndaşların əmlakı əlindən alınmış olur. Onu da qeyd edək ki, bi işdə banklara məhkəmələr də dəstək vermiş olur. Banklar vətəndaşların əmlaklarına məhkəmə qərarları əsasında sahib çıxırlar. Demək olar ki, bu mübahisəli məsələdə vətəndaşların xeyrinə nadir hallarda qərar qəbul edilir. Əksər hallarda məhkəmələr bankların maraqlarını qorumuş olurlar. Nəticədə banklar vətəndaşların əlindən avtomobili, yaxud mənzili məcburi qaydada alaraq istədiyi qiymətə satışa çıxarır.
Alim