Autizm xəstəliyi nədən yaranır?

Tünzalə Verdiyeva: “Autizmin daha çox oğlan uşaqlarında müşahidə edilməsi, bəzi genetik xəstəliklərdə autizm əlamətlərinin meydana çıxması, onun genetik olduğu fikrini yaradıb”

Autizm xəstəliyinin yaranma səbəbləri haqda hələ də tam olaraq bir fikir söylənilmir. Bəzi mütəxəssislər bu xəstəliyin irsi olduğunu söyləsə də digərləri bu fikirləri təkzib edir. Ümumiyyətlə xəstəliyin yaranmasına səbəb olan amillər haqda psixoloq Tünzalə Verdiyeva ilə əlaqə saxladıq. Tünzalə xanım xəstəliyin yaranma səbəbini, buna səbəb olan amilləri izah etməklə bir çox mütəxəssislərin fikirlərinə söykənərək onlar arasındakı fərqliliyi izah etdi.

-Ümumiyyətlə son dövrlər digər xəstəliklər kimi autizm xəstələrinin da sayı artmaqdadır. Siz bunun səbəbini hansı amillərlə izah edə bilərsiniz?

-Autizmə qəti olaraq nəyin səbəb olduğu demək mümkün deyil. Çünki bu haqda hələ ki dəqiq bir fikir söylənilmir. Bəziləri bu xəstəliyin irsi olduğunu desə də, digər mütəxəssislər bu fikri inkar edir. Dünyanın istənilən ölkəsində, istənilən mədəniyyət səviyyəsində, istənilən yaşda insanlar autist bir uşağa sahib ola bilərlər. Bu günə qədər autizmin yaranma səbəbləri haqqında bir çox nəzəriyyələr meydana çıxıb. Ümumilikdə isə deyə bilərik ki, araşdırmalar əsasən üç istiqamətdə: genetik, psixoloji və nevroloji-biokimyəvi yöndə aparılır.

-Bu xəstəlik uşaq ana bətnində ikən hansısa əlamətlərə görə aşkar edilə bilərmi?

-Xeyr. Autizm, uşaq ana bətnində ikən aşkar edilə bilən bir problem deyil. Bunun uşaq sahibi olmaq istəyib-istəməmək, valideynin övladına yaxınlıq göstərib-göstərməməsi, yoldaşını sevib-sevməməsinin ilə də heç bir əlaqəsi yoxdur.

-Ümumiyyətlə konkret olaraq hansısa hərəkət, davranışla bu xəstəliyi aşkarlamaq olarmı?

-Autistik davranışları tək bir səbəblə bağlamaq mümkün deyil. Buna görə də autizmin qəti diaqnozu üçün istifadə edilən obyektiv bir üsul və ya bioloji bir test yoxdur. Bir fərdə autizm diaqnozu qoyulması üçün bəzi məqamlara diqqət yetirmək lazımdır. Bu cür xəstələrdə sosial qarşılıqlı münasibəti təmin etmək üçün istifadə edilən əl-göz hərəkətləri, alınan bədən mövqeyi, üz ifadəsi, göz-gözə gəlmək kimi bir çox şifahi olmayan davranışlarda pozulma gözə çarpır. Onlar yaşıdları ilə inkişaf səviyyəsinə uyğun sosial münasibətlər qura bilmirlər. Digər insanlarla əylənmək, maraq, ya da hansısa uğurlarını sərbəst şəkildə paylaşmaq istəmirlər (məsələn, maraqlandığı obyektləri göstərməmək, gətirməmək və ya ifadə etməmək). Yaranan bir çox problemlər onların hansısa məsələyə sosial və ya emosional qarşılıq verə bilməsinə də əngəl törədir. Bundan başqa autistik nitqin inkişafında gecikmənin olması, ya da heç inkişaf etməməsi ilə əlaqədar nitqi olsa da  ətrafındakı şəxslərlə ünsiyyət yaratmaqda çətinlik çəkirlər. Bu cür xəstələr həmişə şablon, təkrarlayıcı, ya da özünəməxsus bir dildə danışırlar. Bundan başqa autistik xəstələr inkişaf səviyyəsinə uyğun müxtəlif xəyali, ya da ictimai təqlidlərə söykənən oyunları da sərbəst şəkildə oynamaqda çətinlik çəkirlər.

-Bu xəstəliyin əsas əlamətini izah etdiniz. Davranışlarında müəyyən məhdudiyyəti olan belə xəstələr daha çox nəyə maraq göstərirlər?

- Bu cür insanlarda ətrafda baş verən olaylara maraq az olduğundan onlar özlərinə qapanaraq yalnız  şablon və məhdud maraq çərçivəsində qalırlar. Daha çox spesifik, funksional olmayan, gündəlik işlərə və ya davranış formalarına heç bir dəyişiklik etmədən əməl edirlər. Hər zaman şablon və təkrarlayıcı kiçik motor hərəkətləri (məsələn, əl çalmaq və s.) və ya kompleks bütün bədən hərəkətlərindən (məsələn, yellənmək, fırlanmaq, dayanmadan o tərəf-bu tərəfə qaçmaq və s.) istifadə edirlər. Bütünlükdə əşyanın özü ilə deyil, onun hansısa bir hissəsi ilə məşğul olurlar.

-Ümumiyyətlə bu cür xəstəlik irsi olaraq keçə bilərmi?

-Autizmin daha çox oğlan uşaqlarında müşahidə edilməsi, bəzi genetik xəstəliklərdə autizm əlamətlərinin meydana çıxması, autizmin genetik olduğu fikrini yaradıb. Autizmin genetik əsası hələ də tam öyrənilməyib. Lakin bəzi ailələrdə birdən çox autist uşağın olması autizmin genetik əsasının olması istiqamətindəki fərziyyələri gücləndirir. Bir-birlərinə genetik olaraq bənzəyən əkizlərin autist olma ehtimalı 70%-dir. Bununla yanaşı autist uşağı olan ailənin digər uşaqlarının da autist olma ehtimalı 5%-dir. Genetik sahədəki araşdırmaların ən böyük məhdudluğu, autist fərdlərin uşaq sahibi ola bilməyəcəklərindədir. Məncə autizm 100% genetik bir pozuntu olsaydı, eyni valideynin digər övladı da bu xəstəliyə düçar olmalı idi. Elə araşdırmalar da bir çox hallarda eyni yumurta əkizlərindən birinin autist olarkən, digərində heç bir autistik pozuntunun olmadığını göstərmişdir. Autizmlə əlaqəsi olduğu təxmin edilən genlər on beşinci xromosom, on üçüncü xromosom, altıncı xromosom və yeddinci xromosom üzərində yerləşir. Mütəxəssislər də autizmin meydana çıxmasında genetik faktorun təkbaşına yetərli olmadığını söyləyir.

-Autizmin psixoloji amillərlə bağlılığı haqda danışaq.

-Autizmi psixoloji səviyyədə də açıqlamağa çalışan bir çox nəzəriyyələr mövcuddur. Belə ki, autizmin meydana çıxdığı ilk dövrlərdə onun sırf psixoloji səbəbdən yarandığı söylənilirdi. "Psixodinamik nəzəriyyə" görə autizm, ana-uşaq münasibətində uşağın soyuq, rəddedici olaraq qəbul edilən davranışlarla qarşılaşması nəticəsində meydana çıxan psixoloji geri çəkilmədir. 1950-60-cı illərdə bu nəzəriyyənin tərəfdaşları soyuq, rəddedici, uşaqları ilə ünsiyyət qura bilməyən orta sosial-iqtisadi səviyyədə olan anaların uşaqlarının autistik əlamətlər göstərdiyini, özünə qapandığını, sosial münasibətlərdə çatışmazlıqların olduğunu irəli sürürdülər. Lakin sonrakı araşdırmalar bu nəzəriyyəni təkzib etdi. Övladın bu xəstəliyə düçar olmasında valideynlərin davranışının elə də böyük rolu yoxdur

-Autizmin sosial və ruhi pozuntu ilə necə, əlaqəsi varmı?

-Bir çoxları autizmi sosial və ruhi bir pozuntu olduğunu söyləyərək uşaqlardakı dil və koqnitiv bacarıqların təməldə normal olduğunu, daha sonra sosial və emosional sahələrdəki pozğunluqla əlaqədar özünəqapanma ilə müşahidə olunduğunu söyləyirlər. Bununla yanaşı belə uşaqlarda emosional ünsiyyət yaratmağın anadangəlmə bioloji bir çatışmazlıq olduğu qeyd edilir. Valideynlərindən kifayət qədər diqqət görməyən uşağın, insan  münasibətlərindəki mexanikləşməyə meylli olduğunu bildirən mütəxəssislər eyni zamanda həmin uşaqların öz dünyasında yaşadığını, özlərinə qapalı olduqlarını vurğulayır. Aparılan son tədqiqatlarda autist və normal inkişaf göstərən övlada sahib valideynlər qarşılaşdırılmış və davranışlarında elə də ciddi fərqlər aşkarlanmamışdır. Bu cür ailələrdə dil və koqnitiv pozuntular, eyni zamanda ciddi ruhi pozuntular normal populyasiyaya nisbətən daha çoxdur.

-Belə xəstələrdə duyğu probleminin də olması söylənilir...

-Autist insanlarda duyğu probleminin olması haqda da geniş müzakirələr olub. Belə insanlar başqalarının duyğularını anlamaqda, üz mimikasının və jestlərin nəyi ifadə etdiyini başa düşməkdə çətinlik çəkirlər. Lakin bəzi autist uşaqların birisinə bağlanması, göz kontaktı qura bilməsi bu fikirləri də şübhə altına alır. Belə xəstələr digər insanların ağıllarından keçənləri, o insanların düşüncələrini, inanclarını, istəklərini və niyyətlərini anlamaqda, hərəkətlərini mənalandırmaqda, gələcəkdə nə olacağını başa düşməkdə çətinlik çəkirlər. Normal inkişaf göstərən hər uşaq, ən gec dörd yaşında başqalarını duyğularını anlamağa başlayır.

-Bu cür insanlarda çox bilmişlik, yalandan danışmaq bacarığı necə, varmı?

-Yalandan danışaraq birini aldatmaq normal insanlara xas xüsusiyyətdir. Lakin autist uşaqlarda bu cür nüanslar inkişaf etməmiş olaraq qalır. Belə xəstələr başqalarının da özünəməxsus dünyasının olmasını anlamırlar. Elə son illərdə aparılan araşdırmalar da autizmdə, başqalarının inanc, düşüncə və fikirlərini anlaya bilmək və ona uyğun davranış nümayiş etdirməkdə ciddi əksikliklərinin olduğunu göstərir. Sözsüz ki, bu çətinliklər onlar üçün sosial həyatda hansısa rola mlik olmaqda da əngəllər törədəcək. Belə xəstələr baş verən hadisələri gələcəklə əlaqələndirməkdə də çətinlik çəkirlər. Onlar qərar verməkdə, nəyisə planlaşdırmaqda, səhvlərini düzəltməkdə çətinlik çəkirlər

-Beyində yaranan problemlər də autizmə səbəb olan amillərdən hesab olunur?

-Autizmin beyin quruluşundakı və ya funksiyalarındakı anormallıqlardan qaynaqlandığı fikri də qəbul edilir. Beynimizin fərqli bölgələri fərqli funksiyalara malikdir. Nevroloji sahədə aparılan araşdırmalar autist insanlarda beynin bir çox bölgələrində, xüsusən alın nahiyəsində, beyincikdə və beyin yarımkürələrini əlaqələndirən sinirlərdə funksiya pozuntusunun olduğunu göstərir. Aparılan nevropatoloji araşdırmalara zamanı autizm beynin bir neçə nahiyəsi ilə əlaqəli olduğu aşkarlanıb. Belə ki, 2-14 yaş arası autistlərlə aparılan tədqiqatlar zamanı bu uşaqların beyinlərinin müəyyən bölgələrində, xüsusən xarici qıcıqların analiz edildiyi yollar və bölgələrdə anormallıqların ollduğu sübut olunub. Bu da autist uşaqlarda müşahidə olunan duyğu problemi ilə əlaqədardır. Aparılan nevropsixoloji testlər nəticəsində autist insanlara məxsus bəzi xüsusiyyətlər aşkarlanıb. Belə ki, bu cür xəstələr qərar vermək, planlaşdırmaq, səhvi görüb düzəltməkdə çətinlik çəkirlər.

-Ümumiyyətlə autizmin sosial-iqtisadi problemlərlə bağlılığı varmı?

-Ümumiyyətlə, autizmin meydana çıxdığı ilk dövrlərdə bu problemin ancaq yüksək sosial-iqtisadi ailələrdə meydana çıxdığını düşünürdülər. Lakin sonrakı araşdırmalar göstərdi ki, bu heç də belə deyil. Sadəcə olaraq, sosial-iqtisadi cəhətdən yüksək olan ailələr digər ailələrə nisbətən daha məlumatlı olurlar və mütəxəssisə daha tez müraciət edirlər.

Nigar Məhərrəm

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31