Komitə sədri: “Yaxın vaxtlarda 2021-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olacaq”
Sentyabrın 10-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib
10 Sentyabr 2020 16:12 İqtisadiyyatSentyabrın 10-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. "Olaylar" xəbər verir ki, komitə sədri Tahir Mirkişili bildirib ki, Maliyyə nazirliyi tərəfindən Azərbaycanın 2021-ci ilin dövlət büdcəsinin ilkin göstəriciləri açıqlanıb. Yaxın vaxtlarda 2021-ci ilin dövlət büdcəsi layihəsi müzakirə üçün Milli Məclisə daxil olacaq. Bildirdi ki, 2021-ci ildə 2,8-3,4 faiz iqtisadi artım proqnozlaşdırılır. Bu büdcə ilk dəfə orta müddətli xərclər əsasında hazırlanıb.
Komitə sədri pandemiya dövründə parlamentdə iclasların səmərəli və keyfiyyətli keçirilməsi sahəsində göstərdiyi diqqət və qayğıya görə Milli Məclisin Sədri Sahibə xanım Qafarovaya komitə adından minnətdarlığını bildirdi. Diqqətə çatdırdı ki, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi 2020-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə öz fəaliyyətini Milli Məclisin qanunvericilik planına uyğun şəkildə həyata keçirib. Ölkədə elan edilmiş karantin rejimi ilə əlaqədar vətəndaşlarla birbaşa ünsiyyət imkanları məhdud olsa da, komitə üzvləri seciçilərlə onlayn qəbullar keçirib.
Qeyd edildi ki, komitədə 26 iclas keçirilib bu iclaslarda 96 məsələ, o cümlədən 94 qanun layihəsi və 1 rəy geniş müzakirə edilib. Bu dövr ərzində Hesablama Palatasının 2019-cu il üzrə fəaliyyəti haqqında hesabat, "2019-cu il dövlət büdcəsinin icrası haqqında" Azərbaycan Respublikası qanununun layihəsi, "2020-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası qanununun layihəsi komitədə geniş müzakirə olunub. Bildirilib ki, keçirilən iclaslardan 14 video-konfrans formatında onlayn keçirilib. Yaz sessiyada komitəyə 24 vətəndaşın imzası ilə ərizə, şikayət və müraciət daxil olub, onlardan 15 tədbir görülməsi üçün müvafiq təşkilatlara göndərilib, 8 ərizə işə alınıb. Deputatlar 2020-ci il yaz və növbədənkənar sessiyalarda komitənin fəaliyyətini qənaətbəxş olduğunu nəzərə çatdırıblar. 2020-ci il payız sessiyasında görüləcək işlər barədə məlumat verilərək bildirilib ki, bu müddətdə "Turizm haqqında", "Lombardlar haqqında" və digər sənədlərə baxılması, dinləmələrin keçirilməsi nəzərdə tutulur. İclasda komitənin iş planı təsdiqləndi. Müzakirələrdən sonra Komitə üzvləri gündəlikdəki qanun layihələrini birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə etdilər.