Azərbaycan regionun ən böyük enerji istehsalı gücünə malik ölkələrindən birinə çevrilib – Aydın Quliyev
22 Avqust 2020 13:10 İqtisadiyyat"Ölkəmizin enerji təhlükəsuzliyinin tam təmin olunması istiqamətində görülən işlər böyük strateji əhəmiyyətli bir vəzifənin həmişəlik həll edildiyini qətiyyətlə söyləməyə əsas verir. Azərbaycan prezidenti İlham Əliyev Qobu elektrik stansiyasının açılışında bir daha əminlik yaratdı ki, cəmiyyətin enerji təhlükəsizliyinə möhkəm təminatlar yaradılması dəyişməyən fəaliyyət kurslarından biridir."
Bu fikirləri Olaylar.az-a açıqlamasında "Bakı-Xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev bildirib.
Aydın Quliyev bildirir ki, prezidentin çıxışı qəti bir qənaəti ortaya qoydu ki, Azərbaycanda elektrik istehsalı ilə əhalinin və iqtisadiyyatın artım sürətləri bir-birinə sinxron şəkildə çox uğurla uyğunlaşdırılıb: "İndi kimsədə xof yoxdur ki, demoqrafik və iqtisadi inkişafın artım templəri günlərin birində elektrik enerjisinin yetərli olmadığı kimi forsmajor bir situasiyanı ortaya qoya bilər. Ölkədə elektrik stansiyalarının tikintisi, ümumi generasiya gücünün artırılması və bərpa olunan enerji mənbələrinin geniş şəbəkəsinin yaradılması elə bir sistem halına gətirilib ki, enerji istehsalı prosesinin iqtisadiyyatın inkişaf tələbatlarından bir an da olsun geridə qalması mümkün deyil.
Diqqət çəkən mətləblərdən biri odur ki, ölkənin enerji təhlükəsizliyi sistemi Prezidentin iradəsi sayəsində qabaqlayıcı taktika prinsipi ilə qurulub. Dəqiq desək, Prezident bu gün enerji təminatı sistemini ölkənin iqtisadi-demoqrafik artım templərinin bütün tələbatlarını öncədən müəyyən etməklə qurur. Elektrik enerjisi istehsalının bəzən dövlətimizin bir qəpik belə xərci çıxmadan yaradılması xüsusilə bu səhədə xarici investisiyaların çox uğurlu iştirak modelinin yaradıldığını göstərir."
Siyasi ekspert qeyd edir ki, prezidentin yerli və xarici investorlara ünvanlı müraciəti enerji sektorumuzun gələcəyi üçün xüsusilə mühüm əhəmiyyət kəsb edir: "Prezident Əliyev beynəlxalq investisiya şirkətlərinə Azərbaycanın timsalında böyük perspektiv göstərdiyini bildirdi. Ölkə başçısı elektrik enerjisinin ixracı sahəsində Azərbaycanın yeni və daha böyük bir mərhələni açmaq ərafəsində olduğunu inamla göstərə bildi. İndi Azərbaycan həm özünün enerji təchizatını fasiləsiz hala gətirə bilib, həm də region dövlətlərinin enerji inteqrasiya sistemlərinin daha da güclənməsinə böyük töhfələr vermək həddinə çatıb. Əliyevin istilik, su elektrik və bərpa olunan enerji istehsalı sahələrini inkişaf etdirmək kursu sayəsində Azərbaycan regionun ən böyük enerji istehsalı gücünə malik ölkələrindən birinə çevrilib."