“Qarabağ” yatağının istismara verilməsi ölkəmizin neft gəlirlərinin artmasına böyük töhfə verəcək
11 Avqust 2020 13:07 İqtisadiyyatSədaqət Vəliyeva: "Bu yataqdan gələcək neft və qaz gəlirləri Azərbaycan əhalisinin sosial rifah halının daha da yüksəldilməsinə səbəb olacaq"
Azərbaycan həyata keçirdiyi, təşəbbüs göstərdiyi və özünün də bilavasitə iştirak edərək reallaşdırdığı bir sıra qlobal əhəmiyyətli enerji, nəqliyyat tranzit layihələri vasitəsilə dünyanın diqqətini hər ötən gün daha da özünə cəlb edir, regionda, beynəlxalq aləmdə əhəmiyyətli mövqeyə malik olur. Məhz bu xüsusiyyətləri və beynəlxalq əməkdaşlığa açıq olması ölkəmizə dünyanın böyük maraq göstərməsinə gətirib çıxarır. Əgər zamanında Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri, eləcə də Bakı-Tbilisi-Ərzurum qaz kəməri, son illərin ən nəhəng layihələrindən olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin iştirakçısı yalnız 3 ölkə-Azərbaycan, Türkiyə və Gürcüstan idisə, indi artıq dünyanın bir çox ölkələri, Avropa dövlətləri həmin layihələrin iştirakçılarına çevrilib. Bu bir tərəfdən adlarını çəkdiyimiz layihələrin təkcə ilkin iştirakçı olan 3 ölkə üçün deyil, ümumilikdə Avropa, qlobal miqyasda əhəmiyyətli olduğunun göstəricisidirsə, digər tərəfdən Azərbaycanın dünyada etibarlı tərəfdaş, qarşılıqlı faydalı əməkdaşlığa meyilli bir dövlət imici formalaşdırması ilə bağlıdır. Ötən müddət ərzində Azəri-Çıraq-Günəşli, Şahdəniz, TAP, TANAP kimi layihə iştirakçıları fonunda bunu aydın görə bilirik.
Bu kimi layihələrin hər şeydən öncə Azərbaycan vətəndaşlarının sosial rifah halının yüksəldilməsinə də müsbət təsir göstərdiyi göz önündədir. Ötən illərdə həyata keçirilən bu və ya digər layihələrdən əldə edilən gəlirlər birmənalı olaraq qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə yanaşı, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına da istiqamətlənib ki, günümüzdə hər bir Azətbaycan vətəndaşı bunu öz gündəılik həyatında hiss edir. Bu baxımdan şübhə edilmir ki, "Qarabağ" yatağının dayaq blokunun dənizə yola salınması da Azərbaycanın gəlirlərinin artmasına və bu gəlirlərin vətəndaşlarının sosial rifahının daha da yüksəldilməsinə səbəb olacaq. Təsadüfi deyil ki, əksər siyasilər, ekspertlər də bu qənaətdədir. Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyir ki, "Qarabağ" layihəsi üzrə hazırlanan dayaq bloku SOCAR-ın tarixində həm ölçülərinə, həm də çəkisinə görə ən böyük sualtı konstruksiyadır. Onun sözlərinə görə, bu mənada dayaq blokunun hazırlanması və dənizə yola salınması mərasimi bir daha Azərbaycan dövlətinin qüdrətini nümayiş etdirdi, eyni zamanda neft-qaz sektorunda yeni perspektiv uğurların ilk elementinə çevrildi: "Bu kontekstdə vurğulanmalıdır ki, "Qarabağ" yatağının istismara verilməsi Azərbaycanın neft strategiyasının daha uğurla reallaşdırılmasına və ölkəmizin neft gəlirlərinin artmasına böyük töhfə verəcək. Çəkisi 16 min tondan çox, hündürlüyü təqribən 190 metr olan qurğunun hazırlanmasında iştirak edənlərin 95 faizi yerli mütəxəssislər olub və onların da orta əməkhaqqısı təqribən 1200-1500 manat ətrafındadır. Belə bir nəhəng qurğunun yerli istehsal olması ayrıca qeyd olunmalı bir nailiyyətdir. Çünki, hələ keçmiş sovet dövründə bu cür qurğular olmadığından dərinliyi 180 metr olan "Qarabağ" yatağında neft-qaz çıxarılmamışdı. Və bu gün çox sevindirici haldır ki, neft potensialı 60 milyon ton səviyyəsində qiymətləndirilən, eyni zamanda ildə ən azı 1,5 milyon ton neft və 1,5-1,8 milyard kubmetr qaz hasil ediləcək "Qarabağ" yatağı neft hasilatının sabit qalması və qaz hasilatının artırılması üçün böyük faydası olacaq. Həmçinin, bu yataqdan gələcək neft və qaz gəlirləri Azərbaycan əhalisinin sosial rifah halının daha da yüksəldilməsinə səbəb olacaq".
Deputat bildirib ki, 2022-ci ildən "Qarabağ" yatağının istismara başlanması ilə Azərbaycan dünyanın enerji xəritəsindəki yerini möhkəmləndirməklə yanaşı, çəkisini və nüfuzunu daha da artıracaq: "Bu gün Azərbaycan Cənub Qaz Dəhlizi, TANAP, TAP, eləcə də BTC və BTƏ layihələri vasitəsilə dünyanın enerji strategiyasında əhəmiyyətli rolunu alıb".
Sədaqət Vəliyeva deyib ki, Azərbaycan dünyada ən etibarlı və dayanıqlı enerji təchizatı mənbəyi kimi tanınmaqdadır: "Məhz, "Şahdəniz" yatağı ən azı yüz il bundan sonra Azərbaycanı və tərəfdaş ölkələri qazla təchiz edəcək. "Şahdəniz" qazı Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, İtaliyaya çatdırılacaq və perspektivdə Balkan bölgəsində yerləşən ölkələrə də qazın verilməsi mümkün olacaq. Bir sözlə, "Azəri-Çıraq-Günəşli", "Şahdəniz-2", "Şəfəq-Asiman", "Abşeron", "Qarabağ" və digər yataqların istismarı Azərbaycanın Avrasiyanın yeni enerji xəritəsindəki mövqeyini gücləndirəcək. Bununla da Azərbaycan uzun müddət bundan sonra bir çox ölkələr üçün strateji və etibarlı tərəfdaş olaraq qalacaq".
Süleyman