Windows planşetlər bazarının 7 faizinə sahib çıxıb
26 Aprel 2013 17:19 İqtisadiyyatWindows əməliyyat sistemi dünya planşet kompüterlər bazarının 7,4 faizini tutub. Bu barədə Strategy Analytics tədqiqat şirkətinin 2013-cü ilin birinci rübünə dair hesabatında deyilir. 2013-cü ilin ilk 3 ayında Windows sistemli planşetlərin tədarük həcmi 3 milyon ədəd təşkil edib. "Olaylar" Mincom.gov.az saytına istinadən xəbər verir ki, bir il əvvəl - 2012-ci ilin yanvar-mart aylarında əməliyyat sisteminin planşetlər bazarında payı sıfıra bərabər olub. Windows-un payının kəskin artması 2012-ci ilin payızında həm adi fərdi kompüterlərdə, həm də planşetlərdə istifadə oluna bilinən Windows 8 əməliyyat sisteminin buraxılması ilə əlaqədardır. Ümumilikdə 2013-cü ilin yanvar-mart aylarında 40,6 milyon planşet tədarük edilib ki, bu da əvvəlki analoji dövrlərin hamısından və 2012-ci ilin birinci rübündən 114 faiz çoxdur. Digər tendensiyalar sırasında iOS əməliyyat sistemin payının 50 faizdən aşağı düşməsini və Android sistemli qurğuların payının artmasını qeyd etmək olar. 2012-ci ilin birinci rübündə Google şirkətinə məxsus əməliyyat sistemi iOS-dan təxminən iki dəfə geri qalırdısa, hazırda onlar arasında fərq azalıb və beş faizə bərabərdir. Net Applications şirkətinin 2013-cü ilin martına olan məlumatına görə, Windows 8-in masaüstü kompüterlərdə payı 3 faizdən bir qədər çox olub.