Holdinqlərin mühüm təsirlərindən biri özünü dövlət müəssisələrinin ixrac potensialının artırılmasında göstərəcək- Aydın Quliyev
8 Avqust 2020 13:37 İqtisadiyyat"Dövlət İnvestisiya Holdinqlərinin yaradılması Azərbaycanda iqtisadi islahatların zəruri davamı və tərkib hissəsi olmaqla əhəmiyyətli struktur təkmilləşməsi faktına çevrilə bilər. Dövlət müəssisələri Azərbaycanın iqtisadi sektorunun hələ ağır çəkiyə malik elementi kimi fəaliyyət göstərir və ölkənin iqtisadi gücünü artlrmaq üçün böyük potensiala mailkdir. Təsadüfi deyil ki, ən iri 15 dövlət müəssisəsinin aktivləri ümumilikdə Azərbaycanın illik ÜDM həcminə bərabərdir, yəni bu haradasa 80-90 trilyon manata ekvivalentdir. Bu qədər böyük iqtisadi aktivin potensial imkanlarının tam üzə çıxarılması və daha səmərəli yönəldilməsi ölkəmizin iqtisadi inkişafına fantastik dərəcədə təsir göstərə bilər."
Bu fikirləri Olaylar.az-a "Bakı-Xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev açıqlamasında bildirib.
Aydın Quliyev qeyd edir ki, dövlət holdinqləri heç də bəzilərinin dediyi kimi, dövlət müəssisələrinin sadəcə bir yerdən idarə olunması mexanizmi deyil, daha geniş və dərinə təsir effektlərinə malik mexanizmdir:
"Holdinqlər sözsüz ki, dövlət müəssisələrinin korporativ idarəçilik orqanlarında iştirak edəcəklər. Lakin bu iştirak dövlət müəssisələrinin investisiya proqramlarının səmərəsini və şəffaflığını artıran ən optimal üsul kimi özünü doğrulda bilər. Yerli və xarici investisiyaların cəlb olunması və kapitallaşma səviyyəsinin artması, habelə əmək ehtiyatlarını daha məhsuldar formalarda yönəldilməsində holdinqlər çox əhəmiyyətli strukturlara çevrilə bilər. Holdinqlərin mühüm təsirlərindən biri özünü dövlət müəssisələrinin ixrac potensialının artırılmasında göstərəcək. İxracın artımı dövlət müəssisələrinin beynəlxalq bazar rəqabəti tələblərinə daha da yüksək səviyyədə uyğunlaşmaq imkanlarının genişlənməsi deməkdir."
Siyasi ekspert qeyd edir ki, ən mühüm gözləntilərdən biri holdinqlər vasitəsilə Azərbaycanda dövlət-özəl sektor tətəfdaşlığını yeni səviyyələrə çıxarmaqdan ibarətdir. Razılaşmaq lazımdır ki, dövlət müəssisələrinə özəl sektordan investisiya axını Azərbaycan iqtisadiyyatının hələlik ağrıyan yerlərindən biridir. Halbuki, hələlik çox az səviyyədə də olsa özünü göstərən bu tərəfdaşlığın çox böyük iqtisadi, maliyyə və təbii ki, sosial nəticələrinin olduğunu biz praktikada görürük. Əsasən Prezidentin və birinci vitse prezidentin çağırışlarına qoşularaq sosial infrastruktur tikintilərində iştiraka meyllənən özəl sektor təmsilçiləri indiyədək bu sahədə özlərini çox yaxşı tərəflərdən göstərə bilirlər. Deməli, özəl investisiyanın dövlət müəssisələrinə daha geniş cəlb olunmasının yalnız müsbət yekunlarından danışmaq olar. İnvestisiya holdinqləri büdcə gəlirlərinin, iqtisadi fəallıq miqyasının, məşqulluğun artmasına və sosial proqramlara daha böyük dövlət vəsaitlərinin ayrılmasına birbaşa perspektivlər açacaq."