Koronavirus pandemiyası dövlət büdcəsinə necə təsir göstərib?
6 Avqust 2020 10:40 İqtisadiyyatDünyanı cənginə almış koronavirus pandemiyası Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməyib. Rəsmi məlumata görə, pandemiya ölkəmizin xarici valyuta daxilolmalarının kəskin azalmasına və tədiyə balansının pisləşməsinə səbəb olub. Cari ilin mart ayından başlayaraq COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi və sosial təcrid tədbirləri ölkədə işgüzar fəallığın və artım sürətinin zəifləməsinə səbəb olub. İqtisadiyyatın əksər sahələrinin inkişafına mənfi təsir göstərib. Maraqlıdır, koronavirusun ölkə iqtisadiyyatına vurduğu ziyanın aradan qaldırılması məqsədilə hansı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur?
Millət vəkili, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, ölkədə iqtisadi aktivliyin zəifləməsi nəticəsində qeyri-neft gəlirlərinin azalması və digər maliyyələşmə mənbələrinin daralması dövlət büdcəsinin icrasında ahəngdarlığın, habelə onun gəlirləri və xərcləri arasında tarazlığın pozulması təhlükəsini yaradıb: "Belə ki, cari ilin ilk altı ayında ötən ilin eyni dövrü ilə müqayisədə ümumi daxili məhsulun həcmi real ifadədə 2,7 faiz, o cümlədən qeyri neft-qaz ümumi daxili məhsulun həcmi 2,5 faiz, əsas kapitala yönəldilmiş vəsaitin həcmi 2,7 faiz, o cümlədən qeyri neft-qaz sektoru üzrə 15,5 faiz azalıb. Kənd təsərrüfatı, informasiya və rabitə sahələri istisna olmaqla, ümumi daxili məhsulun strukturuna daxil olan digər sahələr üzrə azalma müşahidə olunub".
Onun sözlərinə görə, 2020-ci ilin ilk 2 ayının göstəriciləri, xüsusilə də bu dövrdə ÜDM-in 3%, qeyri-neft sektorunun 11% artması proqnozların özünü doğruldacağını deməyə əsas verirdi. Lakin 2020-ci ildə yeni növ koronavirus infeksiyasının (COVİD-19) dünyada sürətlə yayılması insanların ənənəvi həyat tərzini kökündən dəyişmiş, qlobal miqyasda səhiyyə sistemlərinin ağır sınağla üz-üzə qoymuş, qlobal iqtisadiyyatda neqativ meyllərin artmasına və başlıca istehlak tələbin kəskin çökməsinə gətirib çıxarmışdır: "Bununla bağlı cari ilin mart ayından başlayaraq dünya bazarında neftin qiyməti xeyli ucuzlaşmışdır. Beynəlxalq təşkilatlar tərəfindən neftin qiyməti ilə bağlı proqnozlara yenidən baxılaraq 2020- il üçün neftin orta qiymətinn 40-45 dollar arasında olacağı proqnozlaşdırılır. Beynəlxalq Valyuta Fondu dünya iqtisadiyyatının 3 faiz azalmasına dair cari ilin aprel ayındakı proqnozunu iyun ayında 4,9 faizədək pisləşdirmişdir. Bununla yanaşı, Fond 2021-ci ildə dünya iqtisadiyyatının sürətli bərpa olunması proqnozunu yeniləyərək, daha mülayim artımla əvəzləmişdir. Bu ilin 2-ci rübündə ABŞ iqtisadiyyatı 30%, Avropa Birliyi iqtisadiyyatı 10% azalmış, ölkələrin xarici borcları kəskin artmışdır. Adı çəkilən proseslər Azərbaycan iqtisadiyyatından da yan keçməmiş, ölkəmizin xarici valyuta daxilolmalarının azalmasına və tədiyə balansının pisləşməsinə səbəb olmuşdur. Bu ilin mart ayından başlayaraq pandemiya ilə bağlı tətbiq edilən karantin rejimi və sosial təcrid tədbirləri ölkədə işgüzar fəallığın zəifləməsinə səbəb olmuş, iqtisadiyyatın əksər sahələrinin inkişafına mənfi təsir göstərmişdir. Bu iln 6 ayının nəticələrinə görə Azərbaycanda ÜDM 2.7%, qeyri-neft sektoru 2.5%, ixracın həcmi 23%, idxalın həcmi isə 28% azalmışdır".
Komitə sədrinin bildirdiyinə görə, pandemiyanın bitməsi ilə bağlı qeyri-müəyyənliyin davam etməsi iqtisadiyyatın kiçilməsi üçün ciddi təzyiqlər yaratmaqdadır: "Amma bununla yanaşı kənd təsərrüfatı, qeyri-neft sənayesinin artması, əmək haqı fondunun böyüməsi, orta aylıq əmək haqqının artması, inflyasiyanın minimum həddə cilovlanması yaxşı xəbərlərdəndir. Bu zəmində qeyri-neft gəlirlərinin azalması və digər maliyyələşmə mənbələrinin daralması dövlət büdcəsinin icrasında ahəngdarlığın, habelə onun gəlirləri və xərcləri arasında tarazlığın pozulması təhlükəsini yaratmışdır. İlin birinci yarımilliyində dövlət büdcəsinin müsbət icrası müşahidə olunsa da, makroiqtisadi vəziyyəti səciyyələndirən göstəricilər ilin ikinci yarısında dövlət büdcəsinin maliyyə təminatı ilə bağlı əhəmiyyətli problemlərin yaranacağını təxmin edir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin təqdim etdiyi proqnoza əsasən "Azəri Layt" markalı xam neftin bir barelinin satış qiyməti büdcədə təsdiq olunmuş 55 ABŞ dolları proqnoza qarşı 35 ABŞ dolları səviyyəsinə endirilir, il üzrə ümumi daxili məhsulun azalması 5,0 faiz təşkil edəcəkdir. Azərbaycan Respublikasının Prezidentinin Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkənin müdafiə və təhlükəsizliyinin daha da gücləndirilməsi, pandemiyanın diktə etdiyi yeni çağırışlar fonunda səhiyyə sahəsinin artan ehtiyaclarının ödənilməsi, sosial və iqtisadi dəstək tədbirlərinin davam etdirilməsi və digər zəruri dövlət vəzifələrinin maliyyələşdirilməsi ilə əlaqədər olaraq əlavə maliyyə təminatının formalaşdırılması üçün Hökumət qarşısında bir sıra mühüm vəzifələr qoymuşdur. Yeni çağırışlar kontekstində dövlət büdcəsinin xərcləri üzrə əlavə tələbat 1 milyard 372 milyon manat məbləğində qiymətləndirilmişdir. Beləliklə dövlət büdcəsinin gəlirlərinin azalması, xərclərinin isə əlavə artması nəticəsində 2 milyard 299 milyon manat məbləğində maliyyə təminatı olmayan xərcləri formalaşdırmışdır".
Alim