Dəmir yolu nəqliyyatında xidmətlərin keyfiyyəti yaxşılaşdırılır
21 İyul 2020 10:32 İqtisadiyyatSon illərdə ölkədə bir çox sahələr kimi dəmir yolu nəqliyyatında da inkişaf, tərəqqi baş verib, bu sahədə bir sıra uğurlara imza atılıb. Sevindirici hal ondan ibarətdir ki, əldə edilən nailiyyətlərlə kifayətlənməyən dəmiryolçular istər yerli, istərsə də beynəlxalq donor təşkilatlarla bilrikdə yeni-yeni inkişaf strategiyaları, proqramları üzərində işləyir, onların həyata keçməsi istiqamətində çalışırlar. Bunlardan biri də dəmir yolu sektorunun inkişaf proqramıdır. Məlumat üçün qeyd edək ki, 2016-cı ilin sonundan etibarən, Asiya İnkişaf Bankının (AİB) texniki dəstəyi, o cümlədən "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) mövcud vəsaitləri hesabına, Respublikamızın dəmir yolu sistemində korporativ, institusional, maliyyə və insan resursları sahəsində islahatların həyata keçirilməsini nəzərdə tutan "Dəmir Yolu Sektorunun İnkişafı Proqramı" işlənib hazırlanıb.
Həmin Proqramın həyata keçirilməsi üçün Azərbaycan Respublikası Hökuməti və Asiya İnkişaf Bankı arasında 19 dekabr 2017-ci il tarixində 250 mln. ABŞ dolları məbləğində Dəmir yolu Sektorunun İnkişafı Proqramı üçün kredit müqaviləsi (Siyasət Krediti) və 150 milyon ABŞ dolları məbləğində Dəmir yolu Sektorunun İnkişafı Layihəsi üçün kredit müqaviləsi (Layihə Krediti) bağlanıb. Qeyd olunan islahatların həyata keçirilməsi ilə bağlı Fransa İnkişaf Agentliyi tərəfindən də hər iki layihənin reallaşması üçün müvafiq dəstək göstərilib.
Siyasət krediti iki tranşdan ibarət olmaqla müəyyən edilib. Hər bir tranş üzrə ödənişlərin təmin edilməsi üçün Azərbaycan Hökuməti və "ADY" QSC tərəfindən konkret islahat tədbirlərinin həyata keçirilməsi üzrə öhdəliklər nəzərdə tutulub.
2017-ci il ərzində 23 islahat tədbiri həyata keçirildikdən sonra 175 milyon ABŞ dolları məbləğində birinci tranş verilib və həmin vəsaitlər "ADY" QSC-nin dövlət zəmanəti olmadan alınmış borclarının restrukturizasiyasına cəlb olunub. Həmin kredit üzrə 150 milyon ABŞ dolları (75 milyon ABŞ dolları Asiya İnkişaf Bankından və 75 milyon ABŞ dolları Fransa İnkişaf Agentliyindən) məbləğində ikinci tranşın alınması üçün sözügedən müqavilənin əlavəsi olan "İnstitusional islahatlar matrisi"nə əsasən əlavə 22 tədbirin həyata keçirilməsi nəzərdə tutulub.
Qeyd olunan islahatların uğurla həyata keçirilməsi nəticəsində 2022-ci ilə qədər Azərbaycanda dəmir yolu nəqliyyatında xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması, həmçinin fəaliyyət istiqaməti üzrə əməliyyatların maliyyə dayanıqlığının artırılması planlaşdırılır.
Dəmir yolu nəqliyyatında inkişaf proqramında islahatların nəticələri üzrə aşağıdakılar hədəflənir. Qabaqcıl dünya təcrübəsinə əsaslanan və korporativ idarəetmə tələblərinə uyğun idarəetmənin qurulması, dəmir yolu nəqliyyatı fəaliyyətinin bilavasitə qanunla tənzimlənməsi, maliyyə müstəqiliyinin gücləndirilməsi, borcların effektiv qaydada yenidən maliyyələşdirilməsi, Müəssisə Resurslarının Planlaşdırılması (ERP) sisteminin tam tətbiq edilməsi, maliyyə nəzarəti və hesabatlıq sisteminin təkmilləşdirilməsi. Bundan başqa Əsas Fəaliyyət Göstəricilərinin (ƏFG) müntəzəmliyinin təmin edilməsi və yenilənməsi, işçilərin bilik və bacarıqlarının inkişaf etdirilməsi, əsas funksiyaların və qeyri-profil aktivlərin strateji ayrılmasını nəzərdə tutan korporativ restrukturizasiya planı və məsuliyyət zəncirinin aydın şəkildə formalaşdırılmasının icra olunması da proqramın hədəfləri sırasındadır.
Dəmir yolu nəqliyyatının fəaliyyətinin hüquqi, təşkilati və iqtisadi əsaslarını, dəmir yolu nəqliyyatı təşkilatlarının və bu sahədə işləri (xidmətləri) yerinə yetirən başqa hüquqi və fiziki şəxslərin digər növ nəqliyyat təşkilatları ilə qarşılıqlı fəaliyyətinin, eləcə də ümumi istifadədə olan və ümumi istifadədə olmayan dəmir yolu nəqliyyatı sahəsində dövlət tənzimlənməsinin əsaslarını müəyyən edən "Dəmir yolu nəqliyyatı haqqında" Azərbaycan Respublikasının Qanununun layihəsi hazırlanaraq müvafiq dövlət orqanına təqdim edilib.
Beynəlxalq məsləhət şirkətləri cəlb edilməklə "ADY" QSC-nin hərtərəfli inkişafı üzrə qarşıya qoyulan strateji hədəflərin dairəsini, həmin hədəflərin reallaşdırılması tədbirlərini əks etdirən və 5 illik dövrü əhatə edən mükəmməl Biznes plan hazırlanıb.
"ADY" QSC -nin mövcud maliyyə vəziyyətinin sağlamlaşdırılması üçün 3 mərhələli maliyyə restrukturizasiyası planı hazırlanıb və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və "ADY" QSC tərəfindən 1-ci mərhələ üzrə müvafiq tədbirlər icra edilib.
Layihənin ikinci tranşı üzrə həyata keçirilmiş islahat tədbirləri də diqqətçəkicidir. Belə ki, "ADY" QSC -də idarəetmənin təkmilləşdirilməsi və maliyyə müstəqilliyinin gücləndirilməsi məqsədilə "Dəmir yolu nəqliyyatı haqqında" Azərbaycan Respublikası Qanununun layihəsinin hazırlanması üzrə: Qanun layihəsinin ilkin mətni hazırlanmış və layihə müvafiq dövlət orqanına təqdim edilib.
Müşahidə Şurasının (MŞ) təsis edilməsi üzrə: "ADY" QSC -də effektiv korporativ idarəetmə mexanizminin formalaşdırılması, o cümlədən idarəetmədə ümumi rəhbərliyi həyata keçirən Müşahidə Şurası institutunun yaradılması üzrə təkliflər hazırlanmış və bununla bağlı aidiyyəti dövlət qurumlarına müraciət olunub. .
"ADY" QSC və dövlət arasında dəmir yolu infrastrukturunun istismar və saxlanma xərclərinin bölgüsünə dair müqavilənin bağlanması üzrə də müəyyən tədbirlər həyata keçirilib. Belə ki, beynəlxalq məsləhətçilər cəlb edilməklə "ADY" QSC və Dövlət arasında ümumi istifadədə olan dəmir yolu infrastrukturunun 2020-2030-cu illər ərzində saxlanılması məqsədi ilə ardıcıl maliyyələşməyə dair müqavilənin bağlanması imkanları araşdırılıb, bu sahədə təcrübə öyrənilmiş və müqavilənin ilkin layihəsi hazırlanıb. Aidiyyəti işçi qrupu tərəfindən adıçəkilən infrastrukturun saxlanma xərcləri təhlil edilmiş və bununla əlaqədar məsələlərin tənzimlənməsi həmin layihədə müəyyən olunub. Müqavilənin layihəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilib.
"ADY" QSC -də Risklərin idarə olunması sisteminin yaradılması da layihədə öz əksiniu tapıb. Belə ki, risklərin idarə edilməsi sisteminin təşkil edilməsinə dəstək göstərmək məqsədi ilə, yerli və beynəlxalq ekspertlər cəlb edilib. Hüquqşünaslar və beynəlxalq ekspertlərlə ilkin müzakirələr aparılaraq bu sahədə iş prinsipləri müəyyən olunub. Müəssisə risklərinin idarə edilməsi (ERM) strategiya və siyasət sənədi, həmçinin dəmiryolunun müxtəlif sahələri üzrə çoxsaylı risklərin idarə edilməsinə dair prosedur sənədləri hazırlanıb. Risklərin idarə edilməsi üzrə qaydalar və siyasət sənədləri təsdiq edilmişdir. Risklərin idarəedilməsi bölməsi yaradılmışdır. "ADY" QSC-də risklərin fraqmental idarə edilməsindən daha mütərəqqi və sistemli şəkildə idarə edilməsinə keçidi təmin etmək, həmçinin, təşkilatda risk mədəniyyətini və risk idarəetmə bacarıqlarını artırmaq məqsədi ilə struktur bölmələrdə risk kordinatorları təyin edilib, bu sahədə vəzifə və səlahiyyətlərin dəqiq dairəsi müəyyən olunub. Risk koordinatorlarına Müəssisə risklərinin idarə edilməsi konsepsiyası barədə təqdimat, habelə yerli mütəxəssis tərəfindən ISO 31000 standartı üzrə təlim keçirilib. Risk kordinatorları tərəfindən risk reyestri tərtib edilmiş, risklərin qiymətləndirilməsi həyata keçirilib.
Süleyman
Olaylar.az