Samir Şərifov: “2020-ci ilin dövlət büdcəsində dürüstləşmələr aparılacaq”

"Cari ilin 6 ayında xam neftin qiymətinin 38 ABŞ dolları təşkil etməsi, OPEC+ sazişi çərçivəsində satış üxrə neft həcmlərinin azalması və koronavirus pandemiyası ilə mübarizə çərçivəsində tətbiq olunması qaçılmaz olan karantin və digər məhdudlaşdırıcı tədbirlərin iqtisadiyyata mənfi təsirlər ilin sonuna həm neft gəlirlərinin, həm də qeyri-neft sektorundan daxilolmaların azalmasını şərtləndirir". "Olaylar" xəbər verir ki, bunu bu gün Maliyyə naziri Samir Şərifov Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda bildirib. S.Şərifov deyib ki, bu ilin 6 ayında vergi, gömrük və məcburi dövlət sosial sığorta ödənişləri üzrə daxilolmalar proqnoznun artıq yerinə yetirilməsi nəticəsində formalaşan ehtiyat ilin sonuna kimi xərclərlə gəlirlər arasında gözlənilən natarazlığın aradan qaldırılması üçün kifayət etməyəcək: "Dövlət büdcəsindəki mövcud ehtiyatlar da Sizin müvafiq sərəncamınıza uyğun olaraq pandemiya ilə mübarizə və iqtisadiyyata mənfi təsirlərin azaldılması tədbirlərinə xərclərin optimallaşdırılması yolu ilə yönəldilib. Bununla yanaşı pandemiyanın yaratdığı keyfiyyətcə yeni sosial və iqtisadi davranış mühitinin xüsusiyyətləri, əhalinin həssas sosial qruplarına, dövlət şirkətlərinə, sahibkarlıq subyektlərinə, kiçik və orta biznesə dövlət dəstəyinin göstərilməsinin davam etdirilməsi, səhiyyə sahəsi və digər dövlət ehtiyacları dövlət büdcəsinin icrası ilə bağlı yeni çağırışları formalaşdırır, bununla bağlı əlavə maliyyə təminatının yaradılmasını gündəmə gətirir".  Maliyyə naziri cari ilin təsdiq olunmuş dövlət və icmal büdcələrinin xərclərinin prioritetliyinin və ünvanlılığının optimallaşdırılması, yaranmış vəziyyətə uyğun yeni ehtiyacların maliyyələşdirilməsi, dövlət büdcəsinin gəlir və xərcləri arasında tarazlığın təmin edilməsi məqsədi ilə 2020-ci ilin dövlət büdcəsinə yenidən baxılaraq düzəlişlər edilməsinin məqsədəuyğun olduğunu bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31