Azərbaycanda turizmin bərpasına kömək edə biləcək bütün amillər mövcuddur

Müasir dünya iqtisadiyyatının ən gəlirli və sürətlə inkişaf edən sahələrindən biri turizmdir ki, hazırda bu sahə tənəzzül dövrünü yaşayır. Sirr deyil ki, dünyada koronavirus (COVİD-19) pandemiyası yayılana qədər gəlir mənbələrini itirməmək üçün dünya ölkələri bir-birilə rəqabətə girərək daha çox turist cəlb etməyə çalışırdılar. O da nəzərə alınmalıdır ki, turizmin inkişafı yalnız bir sektoru deyil, bütövlükdə bütün sahələri əhatə edir. Bu, ölkələrin inkişafından tutmuş yeni iş yerlərinin yaradılması və daha çox sayda insanların işlə təmin olunmasına qədər bir çox sahələri əhatə edir. Etiaf edilməlidir ki, Azərbaycanın təbii sərvətləri, rəngarəng iqlimi, zəngin tarixi-mədəni irsi turizmin inkişafına və ölkəyə daha çox turistin cəlb edilməsinə imkan yaradır. Turizm sahəsi həm regionların inkişafı, həm də ölkənin iqtisadi potensialının möhkəmlənməsi, Azərbaycanın imici, dünyaya inteqrasiyası üçün çox mühüm bir vasitədir. Turizmlə bağlı ölkənin inkişaf strategiyası ümumilikdə iqtisadiyyatının gücləndirilməsinə böyük töhfə verir. Son illər turizm sahəsində, ilbəil ölkəyə gələn turistlərin sayında dinamika müşahidə edilir. 2019-cu ilin yanvar-sentyabr aylarında Azərbaycana dünyanın 191 ölkəsindən 2.4 milyon xarici qonaq gəlib ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 9.6% çoxdur. Bu, göstərir ki, turizm sahəsində stabil və dinamik inkişaf var. Heç şübhəsiz ki, turizm sahəsindən əldə olunan gəlirlərin həcminin artırlması üçün ölkəyə gələn turistlərin sayının artırılması mütləq şərtdir. Son vaxtlar Azərbaycanda təşkil olunan idman və musuqu yarışlarının artması paralel olaraq ölkəyə gələn turistlərin də sayına təsirsiz ötüşmürdü. Lakin koronavirus pandemiyasının yayılması ilə əlaqədr olaraq Azərbaycanın sərhədlərinin bağlanması həmin tədbirlərin təxirə salınması ilə nəticələnib ki, bu da öz növbəsində ölkəyə turizm axınının qarşısını alıb. Yaranmış vəziyyətdən çıxış yollarının araşdırılması və beynəlxalq miqyasda turizm sahəsinin inkişaf strategiyasının müəyyən edilməsi məqsədilə BMT-nin Ümumdünya Turizm Təşkilatının təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə bu təşkilatın Baş katibi Zurab Pololikaşvili arasında videokonfrans keçirilib. Videokonfransda Azərbaycan prezidenti İlham Əliyevin çıxışından bəlli oludu ki, Azərbaycanda turizmin bərpasına kömək edə biləcək bütün amillər mövcuddur. Lakin hazırki vəziyyət bütün imkanlardan səmərəli istifadəyə imkan vermir: "Eyni zamanda, onu da demək istərdim ki, indi, xüsusən pandemiya dövründə biz daxili turizmə böyük diqqət yetiririk. Çünki daxili turizm xarici turizmi tam əvəz etməsə də, hər halda, bizim turizm infrastrukturunu, o cümlədən regionlarda müəyyən dərəcədə doldura bilər. Azərbaycan vətəndaşlarının hələlik xaricə gedə bilmədiklərini nəzərə alaraq, əlbəttə, daxili turizm sənayesini dəstəkləyən amil ola bilər. Pandemiya sovuşandan dərhal sonra biz, əlbəttə, öz addımlarımızı çox dəqiq planlaşdırmalıyıq".

Məlumat üçün qeyd edək ki, son vaxtlar 3 milyondan çox əcnəbi vətəndaşının Azərbaycana səfər etməsi nəticəsində turist axını 15 faiz artıb. Xaricilər Azərbaycanda hər il təqribən 1,5-2 milyard dollar xərcləyirlər ki, bu da ölkə iqtisadiyyatına böyük valyuta axını deməkdir. Müstəqillik əldə etdikdən sonra Azərbaycanda turizm sənayesinin yaradılması üçün çox böyük qüvvə sərf olunub, otel biznesi ilə məşğul olan iri firmalar, dünyanın aparıcı brendləri Azərbaycana gəliblər. Məhz görülən işlər nəzərə alınaraq  turizm sahəsində əldə olunmuş uğurları itirmək olmaz, mövcud kadr potensialı, qazanılmış təcrübə qorunub saxlanmalıdır. Məhz bu amilləri nəzərə alan  dövlət başçısı bəyan edib ki, bu sahəyə sərmayə qoyulmasını bundan sonra da davam etdirəcək, əcnəbi turistlər üçün daha yaxşı şərait yaradılacaq: "Ona görə ki, Azərbaycanda buna kömək edə biləcək bütün amillər var: sabit ictimai-siyasi şərait, təhlükəsizlik, xalqımızın qonaqpərvərliyi, tarixi abidələr, təbiətin müxtəlifliyi, yay turizmi, qış turizmi və Azərbaycan mətbəxi. Belə ki, burada bütün amillər var. Həm coğrafi mövqeyimiz, həm dünyanın müxtəlif ölkələri ilə aviasiya əlaqələrimiz. Buna görə yalnız məqsədyönlü iş və potensialın artırılması, bir də, əlbəttə, məsələn, ölkəyə əcnəbi vətəndaşların böyük axınına mane olan bürokratik əngəllərin aradan qaldırılması lazımdır. Bütün bunlar gündəlikdədir".

Ümumdünya Turizm Təşkilatının Baş katibi Zurab Pololikaşvili öz növbəsində Azərbaycanda turizm sektorunun unkuşafına dəstək verəcəklərinə əminliyini ifadə edib. Bunun üçün  Azərbaycanın son illərdə nail olduğu rəqəmlərə mümkün qədər tezliklə qayıtması üçün istifadə edilə biləcək bütün yaxşı nümunələri təmsil etdiyi təşkilat tərəfindən çox fəal şəkildə yayacaq: "Sizinlə tamamilə razıyam. Yəqin ki, yay tətilləri dövründə bütün dünyada yerli turizm daha çox inkişaf edəcək. İş elə gətirib ki, hələ yanvar ayında 2020-ci ili "Kənd turizmi ili" və "Regional turizm ili" elan etmişik. Biz pandemiya olacağını bilmirdik. İndi ölkələrin regionlarda infrastruktura sərmayə qoyuluşunu bərpa etmələri üçün yaxşı şans var. Bu, regionlarda yeni iş yerləri yaratmağa imkan verəcək. Düşünürəm ki, bu dövrdə yerli turizm daha çox inkişaf edəcək. Bu, ölkələrin regional turizmi inkişaf etdirmələri üçün yaxşı şans ola bilər. Biz Sizinlə hökmən çox sıx əməkdaşlıq edəcəyik. Dəstəyinizə görə çox sağ olun. Sizinlə söhbətimiz bizim üçün çox vacibdir. Ona görə ki, turizmin bütün ölkələrin iqtisadiyyatının ən mühüm amillərindən biri olmasını bütün dünya liderləri təsdiqləyiblər. Əlbəttə, Sizin iştirakınız və fəallığınız bizim özümüzü daha inamlı hiss etməyimiz üçün hamımıza çox kömək edəcək və edir. Əminəm ki, Sizin dəstəyiniz Azərbaycandakı və bütün turizm sektorundakı yerli sahibkarlara böyük təkan, böyük dəstək olacaq". Videokonfransda müzakirə olunan məsələlər deməyə əsas verir ki, dövlət başçısının turizm sahəsinə verdiyi dəstək ölkənin bütün turizm sektorunun inkişafı ilə ynaşı,  yerli sahibkarlara ciddi təkan verəcək.

Zəka

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31