Avropa İttifaqı Azərbaycan üçün yeni bazardır - İqtisadçı
22 İyun 2020 14:14 İqtisadiyyatVüqar Bayramov: "Azərbaycan Aİ ilə əməkdaşlığın dərinləşməsini həyata keçirəcək"
Azərbaycan Avropa İttifaqının Cənubi Qafqaz regionunda əsas ticarət tərəfdaşıdır. Avropa İttifaqının bu regionla ticarətinin əsas hissəsi Azərbaycanın payına düşür. Bununla belə, ticarətin genişləndirilməsi üçün ardıcıl tədbirlər görülür. Ölkəmiz Avropa İtifaqı ilə investisiya sahəsində də uğurlu əməkdaşlıq edir. Belə ki, qarşılıqlı olaraq Avropa İttifaqı ölkələri Azərbaycan iqtisadiyyatına, Azərbaycanın isə Avropa İttifaqı ölkələrinə investisiya yatırır. Məlumata görə, Azərbaycanda Avropa İttifaqı ölkələrinin 1600-dan çox şirkəti fəaliyyət göstərir. Azərbaycan həm də Avropa İttifaqının əsas enerji tərəfdaşlarından hesab olunur. Cənub Qaz Dəhlizi layihəsinin reallaşdırılması bu sahədə əməkdaşlığın daha da genişlənməsi müşahidə olunur. Azərbaycan Aİ-nin enerji sahəsində strateji tərəfdaşı olmaqla, hazırda Aİ-nin neft tələbatının 5%-ni ödəyir. Azərbaycan həmçinin Xəzər dənizinin qaz resurslarının Cənub Qaz Dəhlizi vasitəsilə Aİ bazarına çatdırılmasında həlledici rol oynayır. Paralel olaraq, Azərbaycan regionun mühüm nəqliyyat və logistika mərkəzidir və Avropa İttifaqı ölkələri ilə bu sahədə uğurlu əməkdaşlıq həyata keçirilir. Ölkəmizin ərazisindən keçən Şərq-Qərb, Şimal-Cənub və Cənub-Qərb beynəlxalq nəqliyyat dəhlizləri yükdaşımalar üçün məsafə və müddət baxımından olduqca əlverişlidir. Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Azərbaycanın Xəzər dənizində ən böyük ticarət donanması, müasir gəmiqayırma zavodu, son standartlara cavab verən avtomobil yolları bu nəqliyyat dəhlizlərinin imkanlarını daha da genişləndirir. Bu imkanlar fonunda tranzit yüklərin həcmi də əhəmiyyətli dərəcədə artıb. Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan və Aİ arasında ticarət əlaqələri hazırda Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi ilə tənzimlənir. Xatırladaq ki, Azərbaycan Avropa İttifaqı (Aİ) münasibətləri 1991-ci ildə yaranıb. 1996-cı ildə imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi (1999-cu ildə qüvvəyə minib) siyasi dialoq, ticarət, sərmayə, qanunvericilik, elm və mədiyyət sahəsində əməkdaşlığı əhatə edib. Həmin dövrdən etibarən Aİ-nin Azərbaycana yardımlarının miqyası və həcmi tədricən artmağa başlanıb. 1998-ci il tarixində Aİ Azərbaycana xüsusi elçisini təyin edib, 2000-ci ildə isə Azərbaycanın Aİ yanında Nümayəndəliyi təsis edilib. 2003-cü ilin iyul ayında Aİ Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini təyin edib. 2004-cü ildə Azərbaycan Avropa Qonşuluq Siyasətinə, 2009-cu ildə isə onun Şərq istiqaməti üzrə çoxtərəfli əməkdaşlıq formatı olan Şərq Tərəfdaşlığı proqramına daxil edilib. 2014-cü ildə tərəflər arasında Azərbaycanın Aİ proqramlarında və agentliklərində iştirakına dair Protokol imzalanıb. Protokol Azərbaycan Respublikası Prezidentinin 30 sentyabr 2014-cü il tarixli fərmanı ilə təsdiq edilib. Protokol 6 iyul 2016-cı il tarixində Avropa Parlamenti tərəfindən ratifikasiya olunaraq qüvvəyə minib.Aİ Azərbaycanın ərazi bütövlüyü, suverenliliyi və müstəqilliyini dəstəkləyir. Aİ və onun üzv ölkələri Dağlıq Qarabağı tanımır.
Maraqlıdır, hazırda Azərbaycan-Avropa İttifaqı əlaqələri hansı səviyyədədir. Millət vəkili Vüqar Bayramov bildirib ki, Avropa İttifaqı (Aİ) Azərbaycanın əsas ticarət tərəfdaşıdır: "Nəzərə alsaq ki, Azərbaycanın ümumi ticarət dövriyyəsinin 40 faizdən çoxu Avropa İttifaqının payına düşür. Eyni zamanda, Azərbaycan ixracatının təxminən yarısı məhz Avropa İttifaqına yönəlib". V.Bayramov bildirib ki, Azərbaycan Avropa İttifaqı ilə Şərq Tərəfdaşlığı proqramı çərçivəsində əməkdaşlıq edir ki, bu istiqamətlərdən biri də iqtisadi inteqrasiya və standartların uyğunlaşdırılmasıdır: "Avropa İttifaqı Azərbaycan üçün əsas yeni bazardır. Avropa İttifaqı 500 milyondan çox istehlakçısı olan bir bazardır. Azərbaycan məhsullarının Aİ bazarına daxil olması əsas prioritetlərdəndir, rəqabətli bazardır, rentabellidir, xüsusən də qeyri-neft sektorunda çalışan sahibkarlar üçün burada gəlir əldə etmək imkanları daha genişdir. Azərbaycan, eyni zamanda, Avropa İttifaqının enerji təhlükəsizliyinə töhfə verən ölkədir". Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan Cənub Qaz Dəhlizinin Avropanın, xüsusən Cənubi Avropanın enerji təhlükəsizliyinə birbaşa töhfə verəcəyini qeyd edən millət vəkili diqqətə çatdırıb ki, bu il ərzində TAP-ın tikintisinin tamamlanması və "mavi yanacağın" son olaraq İtaliya bazarına çıxarılacağı gözlənilir: "Bu da imkan verəcək ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində yeni alternativ mənbə rolunu oynasın. Cənub Qaz Dəhlizinin ötürücülük qabiliyyəti hazırda illik 16 milyard kubmetrdir. Gələcəkdə bu həcmin 31 milyard kubmetrə çatdırılması nəzərdə tutulur. İlkin mərhələdə Avropaya 10 milyard kubmetr, ikinci mərhələdə 20 milyard kubmetr qazın nəqli planlaşdırılır. Bu da nəticə etibarilə Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlığın gücləndirilməsi ilə yanaşı, ölkəmizin Avropanın təhlükəsizliyinə töhfəsinin artmasına gətirib çıxaracaq. Bu, ondan xəbər verir ki, tərəflər arasında əməkdaşlıq stratejidir. Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, Azərbaycan müstəqil şəkildə xarici siyasətini qurur. Xarici iqtisadi siyasətin qurulmasında da Azərbaycan müstəqil mövqe nümayiş etdirir. Bu o deməkdir ki, Azərbaycan müstəqil mövqeyini qorumaqla növbəti mərhələdə də strateji olaraq Aİ ilə əməkdaşlığın dərinləşməsini həyata keçirəcək".
Zəka
Olaylar.az