Struktur və kadr islahatları “kölgə iqtisadiyyatı”na da böyük zərbə vurdu

Məzahir Əfəndiyev: "İqtisadiyyatın ağardılmasında əsas prioritet istiqamətlərdən biri də əmək münasibətlərinin qanunvericiliyə uyğun tənzimlənməsidir"

Azərbaycan dövləti və hökuməti, xüsusilə dövlət başçısı Cənab İlham Əliyev bütün risk və təhlükələrə, dünyanı bürüyən koronavirus pandemiyasına qarşı səmərəli mübarizə aparmaqla bərabər, eyni zamanda əhalinin sosial rifah halının yaxşılaşdırılması, vətəndaşlarımızın sağlamlığının ən yüksək səviyyədə qorunması istiqamətində də məqsədyönlü addımlar atır, tədbirlər həyata keçirilir. Pandemiyasının birinci dalğası ərəfəsində 600 minə yaxın vətəndaşımıza iki ay olmaqla birdəfəlik yardımın verilməsi, müxtəlif sahələrdə çalışan sahibkarlara, iş adamlarına konpensasiyaların ödənilməsi Cənab Prezidentin əhalinin sosial durumuna, onun daha da yaxşılaşdırılmasına necə həssaslıqla yanaşdığını təsdiqləyirdi.

Qeyd etdiyimiz kimi əhalinin sosial durumunun yaxşılaşdırılması ilə yanaşı, onun sağlamlığının qorunması, səhiyyə sahəsinin daha da gücləndirilməsi və günümüzün tələblərinə uyğunlaşdırılması da prioritet istiqamətlərdən idi və ötən müddət ərzində qeyd edilən sahədə atılan addımlar, görülən tədbirlər bunu təsdiq etdi. Həm bu, həm də digər sahələrdə Azərbaycan dövləti və hökumətinin koronavirus pandemiyasına qarşı apardığı səmərəli mübarizə haqlı olaraq beynəlxalq təşkilatlar və qurumlar, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təqdir edilir, alqışlanır. Sevindirici hal ondan ibarətdir ki, qeyd edilən istiqamətdə tədbirlər davam etdirilir, hər ötən gün yeni bir addım atılır. Milli Məclisin deputatı Məzahir Əfəndiyev deyir ki, keçdiyimiz günlərdə Azərbaycan hökuməti koronavirus pandemiyasına qarşı mübarizədə mühüm əhəmiyyət kəsb edən daha bir addım atdı. Onun sözlərinə görə, Cənab Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə yeni üç modul tipli xəstəxana istifadəyə verildi: "Bu çətin sınaq günlərində Cənab Prezidentin rəhbərliyi ilə keçirilən kompleks tədbirlərin nəticəsində beynəlxalq ictimaiyyət üçün nümunə ölkəyə çevrilməyimiz, əhalimizin rifahının qorunması və davamlı yaxşılaşdırılması, makroiqtisadi sabitliyin saxlanılması dövlət büdcəsinin səmərəli istifadəsindən xəbər verir. Ona görə də təsadüfi deyil ki, 2019-cu il üzrə Azərbaycan korrupsiyaya qarşı mübarizədə Avropa Şurasına üzv 50 ölkə arasında 7-ci, Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri arasında 1-ci yerdədir". Məzahir Əfəndiyev bildirib ki, son illər baş verən dərin struktur və kadr islahatları yalnız korrupsiyaya və rüşvətxorluğa deyil, "kölgə iqtisadiyyatı"na da böyük zərbə vurmuşdur: "İqtisadiyyatın ağardılmasında əsas prioritet istiqamətlərdən biri də əmək münasibətlərinin qanunvericiliyə uyğun tənzimlənməsidir. Dövlət Vergi Xidməti tərəfindən görülən əməli tədbirlər nəticəsində qeyri-formal əmək müqavilələrinin qediyyata alınmasında ciddi artım müşahidə olunmuşdur və bu hal COVİD-19 koronavirusundan zərər çəkmiş sahibkarlıq subyektlərinə dövlət tərəfindən maliyyə dəstəyinin göstərilməsi prosesində də uğurla davam etmişdir. Karantin rejimi çərçivəsində bəzi sahibkarlıq subyektlərinin fəaliyyətlərinin dayandırılmasını nəzərə alaraq Cənab Prezident zərərçəkmiş sahibkarların fəaliyyətlərini bərpa etmələri və mikroiqtisadi sabitliyin qorunması məqsədilə dövlət tərəfindən maliyyə dəstəyinin verilməsi prosesini davam etdirməkdədir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 4 iyun 2020-ci il tarixli Fərmanı ilə Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası təsdiq olunmuşdur. Bu qaydaya əsasən sahibkarların dövlət zəmanətində olan biznes kreditlərinə çıxış imkanları genişlənmişdir". Milli Məclisin deputatı qeyd edib ki, əlavə olaraq ölkədə təsdiq olunan xüsusi vergi rejimi ilə birgə müvəqqəti vergi rejimi də tətbiq olunmaqdadır: "Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinin apardığı əməliyyatlara tətbiq edilən vergi dərəcələri, vergi güzəştləri və azadolmaları, vergilərin ödənilməsi müddətləri, vergi rejiminin seçilməsi ilə bağı məsələlər tənzimlənmişdir. Lakin təəssüflə bir məqamı da vurğulayıram ki, vergi güzəştləri "kölgə iqtisadiyyatı"nda gizlənən sahibkarlara şamil olunmur və belə sahibkarlara müraciətim odur ki, dövlətimizin qanunları və qərarları əsasında fəaliyyət göstərsinlər".

Füzuli

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31