"Dünya Bankı ilə layihələrin uğurlu icrasına dair müzakirələr həyata keçirilib"

"Azərbaycan Prezidenti ilə Dünya Bankı rəhbərliyi arasında keçirilən videogörüşdə 100 milyon və 50 milyon ABŞ dolları həcmində iki layihə istiqamətində fikir mübadiləsi aparılmış və artıq nəzərdə tutulan işlərə başlanıldığı, bu layihələrin də digərləri kimi Azərbaycan hökuməti ilə birgə uğurlu icrasına dair müzakirələr həyata keçirilmişdir". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü olan deputatı Məzahir Əfəndiyev Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Dünya Bankı rəhbərliyi ilə videokonfrans vasitəsilə görüşünün əhəmiyyətindən danışarkən deyib.

Onun sözlərinə görə, Azərbaycan hökuməti ilə Dünya Bankı arasında artıq 25 ildir ki, çox gözəl və qarşılıqlı hörmətə əsaslanmış əlaqələr mövcuddur və bu münasibətlər fonunda da faliyyət həyata keçirilir: "Bu günə qədər Dünya Bankının kreditləri, texniki yardımları, qrantları ilə demək olar ki, 100-dən artıq Azərbaycan hökumətinin və Azərbaycan Respublikasında layihələr həyata keçirilmişdir. Bildiyiniz kimi bu çərçivədə Dünya Bankı ənənəvi olaraq Azərbaycan rəhbərliyi ilə görüşlər keçirdir. Dünən baş tutmuş görüş də ənənəyə əsaslanan görüşlərdən biri idi. Artıq, Dünya Bankının Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Navid Həsən Naqvinin səlahiyyət müddəti başa çatıb. Bununla əlaqədar Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə vitse-prezidenti xanım Anna Byerde vəzifəyə təyin olunub. Bu görüşdə yeni təyin olunmuş şəxslərlə Prezident İlham Əliyevin videogörüşü keçirildi. Bir daha Prezidentə məlumat verildi ki, Dünya Bankının vitse-prezidenti Avropa və Asiya regionu üzrə, eləcə də ölkə üzrə yeni rəhbəri xanım Anna Byerdedir. Eyni zamanda vurğulandı ki, Azərbaycanla Dünya Bankı arasında əlaqələr yüksək səviyyədə həyata keçirilir".

Millət vəkili əlavə edib ki, bu ildən etibarən Dünya Bankının özünüməşğulluq layihəsində 100 milyon ABŞ dolları həcmində iştirakı olacaq: "100 milyon ABŞ dolları həcmində olan kredit layihəsi ilə özünüməşğulluq sahəsini əhatə edən layihənin həyata keçirilməsinə başlanılır. Eyni zamanda, Azərbaycanda uğurlu hesab olunan və Dünya Bankının krediti ilə ərsəyə gələn Ədliyyə Nazirliyi ilə birgə məhkəmə islahatları kontekstində bir layihə həyata keçirilir. Bu layihəyə isə 50 milyon ABŞ dolları həcmində kredit vəsaiti ayrılıb. Bu hər iki layihə istiqamətində fikir mübadiləsi aparılmış, artıq nəzərdə tutulan işlərə başlanıldığı və bu layihələrin də digərləri kimi Azərbaycan hökuməti ilə birgə uğurlu icrasına dair müzakirələr həyata keçirilmişdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31