Hacıqabul-Muğan avtomobil yolu yenidən qurulur

Hacıqabul rayonunun Hacıqabul-Muğan avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan yenidənqurma işləri yekunlaşmaq üzrədir.

"OLAYLAR"-a Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, sözügedən avtomobil yolunun uzunluğu 11.5 km-dir. Yolun 6.4 km-lik hissəsi III texniki dərəcəli, 5.1 km-lik hissəsi isə şəhər daxili yoldur. Bu üzdən yolun hərəkət hissəsinin eni müxtəlif ərazilər üzrə fərqlidir və 7-20 metr arası dəyişərək 2-5 hərəkət zolağı təşkil edir. Yolun hər bir istiqaməti üzrə 2.5 metr enində çiyinlər, şəhər daxilində isə piyada səkiləri mövcuddur.

Sözügedən avtomobil yolu uzun illər istismar olunduğundan örtük yararsız vəziyyətdə idi. Bu üzdən yolun yenidən qurulması ilə 32 min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini arasında nəqliyyat əlaqəsi daha da yaxşılaşacaq, yük və sərnişin daşıması asanlaşacaq. Ən əsası əhalinin bir neçə istiqamətdən həm Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtromobil yoluna, həmçinin Hacıqabul-Şirvan avtomobil yolu vasitəsilə respublikanın digər şəhər və rayonlarına rahat çıxışı təmin olunacaq.

Hazırda Hacıqabul-Muğan avtomobil yolu boyunca əsaslı təmir işlərinin sonuncu mərhələsi üzrə asfaltlanma işləri aparılır. Yola ərazilərdən asılı olaraq bir-neçə laydan ibarət yeni asfalt-beton qarışığı döşənir. Bunun ardınca avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədi ilə yol boyu 77 müxtəlif yol nişanı və məlumatverici lövhə, 196 siqnal dirəyi quraşdırılacaq, həmçinin yolcizgi və yolgöstərici xətlər çəkiləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31