Azərbaycan ixrac çeşidini artırır - Təhlil
13 May 2020 11:56 İqtisadiyyatÖlkəmiz tibbi maska və qoruyucu kombinezonlarla təmin olunacaq
Etiraf edilməlidir ki, koronavirus pandemiyasının yayıldığı bir zamanda Azərbaycanda iansan sağlamlığı və təhlükəsizliyinin təmin edilməsi istiqamətində ciddi addımlar atıldı. Prezident İlham Əliyevin şəxsi təşəbbüsü və göstərişi ilə yeni-yeni emal müaəssisələri aşıldı, ölkə vətəndaşlarının sağlamlığının təmin edilməsi məqsədilə əməli tədbirlər həyata keçirildi. Məlum olduğu kimi koronavirus pandemiyasının yayıldığı ilkin mərhələdə bütün dünyada olduğu kimi Azərbaycanda da tələbatın kəskin artması səbəbindən tibbi ləvazimat və qoruyucu vasitələrin, o cümlədən tibbi maskanın böyük qıtlığı yaşanırdı. İstehsalçı ölkələr isə tibbi maska ixracını dayandırmaqla yanaşı, istehsal avadanlığı və xammalın ixracını da dayandırmışdılar. Koronavirus pandemiyasının qarşısının alınması ilə bağlı Azərbaycanda həyata keçirilən bütün işlər Prezident İlham Əliyevin daim diqqət mərkəzində olduğuundan dövlət başçısı əhalinin sağlamlığının təmin olunması məsələsinə xüsusi diqqətlə yanaşdı. Prezident İlham Əliyevin tapşırığına əsasən, aidiyyəti dövlət qurumları qısa müddətdə tibbi maska istehsalı avadanlığının və xammalın Azərbaycana gətirilməsinə nail oldular. Nəticədə "Bakı Tekstil Fabriki" MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsi Sumqayıt Kimya Sənaye Parkının ərazisində müvafiq yerlə təmin edildi və ona Sənaye Parkının rezidenti statusu verildi. Məlumat üçün qeyd edək ki, bu status müəssisəyə sənaye parklarına tətbiq edilən güzəştlərdən faydalanmağa imkan yaradır. İstehsalçıya İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu vasitəsilə 1,2 milyon manat güzəştli kredit verildi. Onu da qeyd edək ki, müəssisənin yaradılması üçün investisiya xərcləri 3,9 milyon manat təşkil edir. Tibbi maskaların qablaşdırılması üçün xüsusi qutular da yerli istehsaldır. Onlar Balaxanı Sənaye Parkının rezidenti olan müəssisədə hazırlanır. Tibbi maska istehsalı üçün Türkiyədən gətirilmiş müasir avadanlıq qısa müddətdə quraşdırılıb. Müəssisədə 30-dan çox yeni iş yeri yaradılıb. İstehsal prosesi üçnövbəlidir. Müəssisədə İSO beynəlxalq standartlarına uyğun xammaldan istifadə olunmaqla birinci mərhələdə hər gün 120 min tibbi maska istehsal ediləcək. Maskalar qablaşdırıldıqdan sonra xüsusi avadanlıqla əlavə olaraq sterilləşdiriləcək. Müəssisənin məhsulları ilkin olaraq, daxili bazarda tələbatı ödəməyə yönəldiləcək, ardınca isə onun ixracı mümkün olacaq.
Mayın 12-də isə Sumqayıtda "Gilan Tekstil Park" MMC-nin tibbi maska fabrikinin və qoruyucu kombinezonların istehsalı müəssisəsinin açılışı oldu. Məlumat üçün qeyd edək ki, tibbi maska fabrikində birdəfəlik istifadə üçün maskalar istehsal olunacaq. Maskalar üçqatdır və orta qatı xüsusi süzgəc funksiyasını yerinə yetirən toxunmamış parçadan ibarətdir. Bu maskalar müxtəlif kateqoriyalı virus və infeksiyalara qarşı davamlıdır. İlk mərhələdə fabrikdə gün ərzində 140 min ədəd maska istehsalı nəzərdə tutulur. May ayının sonunadək burada əlavə avadanlıq quraşdırılacaq. Bu isə öz növbəsində istehsal gücünü artırmağa imkan verəcək. Beləliklə, fabrikdə mərhələli şəkildə bu göstərici 300 min ədədədək artırılacaq. Hazırda istehsalat prosesinə cəlb olunmuş işçilərin sayı 30 nəfərdir, əlavə avadanlıq quraşdırıldıqdan sonra isə 50 nəfərə çatacaq. "Gilan Tekstil Park" Məhdud Məsuliyyətli Cəmiyyətində birdəfəlik istifadə üçün qoruyucu kombinezonların da istehsalına başlanılıb. Məhsullar polietilen qoruyucu membranla örtülüb, yüksək sıxlıqlı polipropilendən olan toxunmamış parçadan tikilir. Bu isə öz növbəsində məhsulun keyfiyyətini artırır. Belə ki, bu parça möhkəmliyi, sukeçirməzliyi, kimyəvi maddələrə davamlılığı, yüngüllüyü ilə fərqlənir. İstehsal olunan qoruyucu kombinezonlar istifadəçiləri virus, infeksiya, zərərli kimyəvi maddələrdən və ya həssaslıq yarada bilən məhsul və proseslərdən qoruyur. Məhsulun uyğunluğu müvafiq standartlar üzrə sertifikatlaşdırılıb. Burada gün ərzində 6 min ədəd qoruyucu kombinezonun istehsalı nəzərdə tutulur. Müəssisənin istifadəyə verilməsi yeni iş yerlərinin açılması baxımından da böyük əhəmiyyət daşıyır. Belə ki, buradakı istehsalat prosesinə 210 işçi cəlb olunub. Yerli tələbat ödənildikdən sonra həm tibbi maskaların, həm də qoruyucu kombinezonların ixracı da nəzərdə tutulur. Beləliklə, bu cür müəssisələrin fəaliyyətə başlaması Azərbaycanın ixrac potensialının artırılmasına xidmət etməklə bərabər, qeyri-neft sektorunun inkişafı baxımından da böyük rol oynayır. Millət vəkili Azər Badamov qeyd edib ki, bu tipli müəssisələrin istifadəyə verilməsi ölkəmizin iqtisadi potensialının yüksək səviyyədə olduğunun göstəricisidir: " Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Sumqayıtda "Gilan Tekstil Park" MMC-nin tibbi maska fabrikinin və qoruyucu kombinezonların istehsalı müəssisəsinin açılışını etdi. Təbii ki, pandemiya dövründə ölkədə tibbi maskaya və qoruyucu kombinezonlara olan tələbatını ödənilməsi baxımından bu müəssisələr çox əhəmiyyətlidir. Ümümdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirusun dünyada pandemiya elan olunan zaman ölkəmizdə bu məhsullara kəskin tələbatın artdığını deyən deputat söyləyib ki, bu təlabat bütün dünyada artdığından həmin vasitələrin bütün ölkələrdə qıtlığı yaşandı".A.Badamov söyləyib ki, Azərbaycanda da apteklərdə tibbi spirt və maska tapmaq problemə çevrilmişdi: "Amma, ölkə başçısının tapşırığı ilə qısa bir zaman kəsiyində Azərbaycanda tibbi spirt və maska istehsalı sahələri yaradıldı. Artıq bu gün hər kəs heç bir çətinlik çəkmədən bu vasitələri sərbəst şəkildə əldə edə bilir". Deputat qeyd edib ki, bu müəssisələrin istehsal gücü çox olduğundan istehsal olunacaq məhsulların nəinki ölkəmizdə, hətta yaxın qonşularımıza da ixrac etmək imkanları yaranıb: "Bu ancaq pandemiya dövrünü əhatə etməyəcək. Həm də post-pandemiya dövründə də ixracımızın çeşidinin artmasına imkan verəcək. Hər bir yaranan yeni istehsal sahəsi yeni iş yerləridir. Tibbi maska fabrikinin və qoruyucu kombinezonların istehsalı müəssisəsinin açılışını həm də işsizliyin azaldılmasına bir töhfə hesab edirəm".
Zəka
Olaylar.az