Postpandemiya dövründə yeni iqtisadi modelin tətbiqi ....
13 May 2020 11:29 İqtisadiyyatAzərbaycanın anti-böhran paketi ən müxtəlif spektrləri əhatə edəcək
Koronavirus pandemiyasının əlamətləri səngidikcə dünya ölkələri iqrisadi dirçəliş tədbirlərini reallaşdırmaq barədə düşünürlər. Məlum olduğu kimi sözügedən pandemiyanın dünya iqtisadiyyatına vurduğu ziyanın aradan qaldırılması elə də asan başa gəlməyəcək. Çünki hazırda hətta iqtisadi baxımdan inkişaf edən ölkələr iqtisadi dayanıqlığın təmin edilməsində çətinlik çəkirlər. Müsbət haldır ki, Azərbaycan koronavirus pandemiyasının iqtisadiyyata vurduğu ziyanın minimuma endirilməsi istiqamətində müsbət addımlar atdı. Müvafiq tədbirlər ilkin olaraq 4 əsas sektor üzrə 20 fəaliyyət istiqamətini özündə birləşdirən 9 proqramda cəm olunub. Belə ki, proqramların əhatə dairəsinə 304 min işçinin çalışdığı 44 min sahibkarlıq subyekti də daxildir və bura sərf olunan vəsaitin əsas etibarilə əməkhaqlarının ödənməsinə sərf olunması planlaşdırılır ki, bu da hazırlanmış proqramın kifayət qədər geniş spektrləri əhatə etdiyini deməyə əsas verir. Müvafiq antiböhran proqramları çərçivəsində ən mühüm məqamlardan biri kimi 290 min mikro və fərdi sahibkarı əhatə edən maliyyələşmə proqramını göstərmək olar. Əlavə olaraq, müxtəlif sektorlar üzrə vergi tətilləri, müxtəlif vergi güzəştlərinin verilməsi nəzərdə tutulur ki, bu da mənfi təsirlərin mitigasiyasına, xüsusilə, iri vergi ödəyicilərinin maliyyə yüklərinin azaldılmasına müsbət təsir göstərəcək və biznes sektoruna yeni "təbii nəfəs" verəcək. İpoteka kreditlərinə dəstəyin göstərilməsi isə orta müddətli inkişafa hesablanmış addım kimi müsbət qiymətləndirilə bilər. Həmçinin, nəqliyyatlogistika sisteminə və aviasiya sənayesinə dəstəyin verilməsi mövcud infrastrukturun və əldə olunmuş nailiyyətlərin qorunmasına xidmət edirsə, kommunal xərclərlə bağlı güzəştlərin edilməsi iqtisadi dəstək proqramının sosial mahiyyətini göstərir. Kredit tətillərinin verilməsi, müddət güzəştləri və faizlərlə bağlı güzəştlər, vergi tətilləri isə qeyd olunanlarla birgə həm də iqtisadi genişlənməyə tətikləyici təsir göstərəcəkdir.Əlavə olaraq, iqtisadi təşviq proqramının həcminin 1 milyard AZN vəsaitdən 2,5 milyard AZN-ə kimi (ÜDM-in 3,1 faizi) kimi artırılması nəzərdə tutulur ki, bunu da təkcə anti-krizis tədbirləri kimi deyil, iqtisadi genişlənmə, kredit ekspansiyası və məcmu tələbin stimullaşdırılması proqramı kimi qəbul edilə bilər.
Hazırda dünya ölkələrində, eləcə də Azərbaycanda kölgə iqtisadiyyatının qarşısının alınması ilə bağlı səmərəli tədbirlər həyata keçirilməkdədir. Müxtəlif ölkələrdə anti-böhran tədbirləri həmin ölkələrin lokal xüsusiyyətlərindən asılı olaraq dəyişir. Azərbaycanın anti-böhran paketi həm geniş spektrləri əhatə etməsi, yəni demək olar ki, zərər çəkmiş bütün iqtisadi sektoral fəaliyyətləri nəzərə alması, inklüzivlik və sosiallıq prinsiplərini özündə ehtiva etməsi, yardım paketinin ümumi həcmi və ÜDM-də xüsusi çəkisi üzrə yüksək göstəriciyə malik olması və digər xüsusiyyətlərinə görə analoji proqramlarla müqayisədə kifayət qədər fərqlənir. Maraqlıdır, bəs post-pandemiya dövründə müşahidə olunacaq iqtisadi model özünü necə büruzə verəcək?
Millət vəkili Vüqar Bayramov qeyd edib ki, postpandemiya dövründə yeni iqtisadi modelin tətbiqi müşahidə ediləcək. Burada sahibkarların daha yaxından dəstəklənməsi ilə bağlı iqtisadiyyatın diversifikasiyası prioriteləri qorunub saxlanılacaq, bu baxımdan Azərbaycanda yeni modelin formalaşmasına gətirib çıxaracaq. Onun sözlərinə görə, İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanmış iqtisadi paketin özəlliyi ondan ibarətdir ki, bu yalnız pandemiya dövründə sahibkarlara koronavirus pandemiyasının təsirlərinin minimumlaşdırılması deyil, eyni zamanda strateji olaraq post-pandemiya dövründə sahibkarların daha yaxından dəstəklənməsi istiqamətində fəaliyyəti və tədbirləri nəzərdə tutur: "Bu baxımdan təbii ki, bu tədbirlər sahibkarların və xüsusilə də fərqli sektorlarda pandemiyanın təsir etdiyi sahələrdə çalışan sahibkarların birbaşa dəstəklənməsini həyata keçirəcək. Artıq, vergi güzəştləri ilə bağlı qərar parlamentdə təsdiq olundu və güman olunur ki, Prezident tərəfindən yaxın vaxtlarda imzalandıqdan sonra qüvvəyə minəcək və bununla da biz post-pandemiya dövründə, eləcə də pandemiya dövründə sahibkarlar üçün vergi güzəştlərinin tətbiq olunmasını müşahidə edə biləcəyik. Bir tərəfdən post-pandemiya dövründə sahibkarların daha yaxından dəstəklənməsi və bütövlükdə sahibkarlıq fəaliyyətinin təşviq edilməsinə xidmət edir, digər tərəfdən bu təbii ki, iqtisadiyyatın ağarması və şəffaflığının gücləndirilməsinə xidmət edir. Nəzərə alsaq ki, ölkə Prezidenti tərəfindən dövlət büdcəsində yeni gəlir mənbələrinin müəyyənləşdirilməsi ilə bağlı göstəriş verilib, burada məqsəd də ondan ibarətdir ki, post-pandemiya dövründə iqtisadiyyatdakı şəffaflığın gücləndirilməsinin fiskal baxımdan da təsirləri olsun və dövlət büdcəsinə daxilolmalara birbaşa təsir göstərsin". Millət vəkili qeyd edib ki, post-pandemiya dövründə iqtisadiyyatın diversifikasiyası, şəffaflığının gücləndirilməsi ilə bağlı tədbirlər daha da prioritet olacaq: "Xüsusilə də nəzərə alsaq ki, Azərbaycan Prezidenti 2020-ci ili dərinləşmiş islahatların davam etdirilməsi ili kimi xarakterizə edib, qiymətləndirib, bu o deməkdir ki, biz pandemiyadan sonra islahatların dərinləşməsini müşahidə edəcəyik. Bu da şəffaflığın gücləndirilməsinə xidmət edəcək. Təbii ki, bu fiskal gəlirlərimizə də birbaşa təsir göstərəcək. Xüsusilə də, 2019-cu ildə gizli iqtisadiyyata qarşı aparılan mübarizə həmin il 170 min yeni əmək müqaviləsinin imzalanmasına gətirib çıxarmaqla yanaşı dövlət büdcəsinə nəzərdə tutulandan 1 milyard manatdan artıq vəsaitin daxil olmasına imkan verdi. Pandemiyaya baxmayaraq, 2020-ci ilin 4 ayın yekunlarında da büdcəyə nəzərdə tutulandan daha çox vəsaiti cəlb etmək mümkün olub. Eyni zamanda bu müddətdə 100 mindən artıq yeni əmək müqaviləsi bağanıb. Bu da ondan xəbər verir ki, iqtisadiyyatın ağarması, şəffaflığın gücləndirilməsi həm qeyri-rəsmi məşğulluğun səviyyəsinin azalmasına, həm də rəsmi məşğulluğun miqyasının genişləndirilməsi ilə gizli iqtisadiyyatın miqyasının kiçildilməsinə, eyni zamanda büdcəyə daxilolmalara birbaşa təsir göstərir. Bu dayanıqlı iqtisadi inkişafı modelinin formalaşması baxımından vacibdir". Vüqar Bayramov əlavə edib ki, Azərbaycan post-pandemiya dövründə yeni iqtisadi modeli tətbiq edəcək: "Yeni iqtisadi modeldə sahibkarların daha yaxından dəstəklənməsi, prioritet sektorların dəstəklənməsi ilə bağlı fəaliyyətin gücləndirilməsi, eyni zamanda iqtisadiyatdakı şəffaflığın ağarmasının dəstəklənməsi və genişləndirilməsi ilə bağlı dərinləşmiş islahatların davam etdirilməsindən ibarət olacaq. Bu da təbii ki, xüsusilə də, inkluziv iqtisadi sistemin gücləndirilməsinə gətirib çıxaracaq. Biz post-pandemiya dövründə yeni iqtisadi modelin tətbiqini müşahidə edəcəyik. Burada sahibkarların daha yaxından dəstəklənməsi ilə bağlı iqtisadiyyatın diversifikasiyası prioriteləri qorunub saxlanılacaq, bu baxımdan Azərbaycanda yeni modelin formalaşmasına gətirib çıxaracaq".
Alim