Nokia-nın satış həcmi 13 illik minimuma enib

Finlandiyanın mobil telefon istehsalçısı Nokia şirkəti istehsal etdiyi telefonların satışının azalması fonunda son 13 ildə qeydə alınan ən az rüblük mədaxil əldə etdiyini açıqlayıb. Analitiklər əvvəlcədən şirkətdən zəif hesabat gözləsələr də, əslində hesabat gözlənildiyindən də pis olub ki, bu da şirkətin səhmlərinin dəyərinin Helsinkidə keçirilən hərraclarda 13 faiz aşağı düşməsinə səbəb olub. "Olaylar" Mincom.gov.az saytına istinadən xəbər verir ki, birinci rübün yekunlarına görə Nokia-nın satış həcmi proqnozlaşdırılan 6,25 milyard avro əvəzinə 20 faiz azalaraq 5,85 milyard avro təşkil edib. Satılan mobil telefonların sayında il ərzində 25 faiz azalma müşahidə olunub. Ekspertlər qeyd edirlər ki, Asiya istehsalçıları tərəfindən Google Android əməliyyat sisteminin idarəetməsi ilə işləyən ucuz telefonlar ərsəyə gətirilməklə aparılan rəqabət Nokia-nın ucuz telefonlarının satışına böyük ziyan vurur. Əvvəllər Nokia smartfonların satışında itkilərlə üzləşərək ucuz telefonların satışında qazanc əldə edirdisə, hazırda şirkət ucuz modellərin satışında da buna nail ola bilmir. Hesabat rübündə Windows Phone 8 əməliyyat sisteminin idarəetməsi ilə işləyən qabaqcıl Nokia Lumia smartfonlarının satışı 2012-ci ilin birinci rübündəki 4,4 milyondan 5,6 milyon ədədədək artıb. Bazarın liderləri Apple və Samsung şirkətləri həmin müddət ərzində təxminən 100 milyon smartfon satıblar. Nokia ümumilikdə birinci rübdə 61,9 milyon telefon satıb, halbuki analitiklər bu göstəricini 73 milyon ədəd səviyyəsində olacağını gözləyirdilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31