Ləğv edilən banklarda təhvil-təslim prosesləri yekunlaşmaq üzrədir
12 May 2020 12:59 İqtisadiyyatQanunvericiliyin tələblərinə uyğun olaraq, Mərkəzi Bankın ərizəsi əsasında Bakı Apelyasiya Məhkəməsinin 30 aprel tarixli qərarları ilə "Atabank" ASC və "Amrahbank" ASC müflis elan olunub, Əmanətlərin Sığortalanması Fondu bu banklara ləğvedici olaraq təyin edilib. "Olaylar" xəbər verir ki, 1 may tarixindən bankların ləğvediciyə təhvil verilməsi prosesinə başlanılıb və hazırda təhvil-təslim prosesləri artıq yekunlaşmaq üzrədir. Artıq Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının qərarına əsasən, "Atabank" ASC və "Amrahbank" ASC-də qorunan əmanətlərin kompensasiyaların verilməsi üçün agent bank qismində "Kapitalbank" ASC seçilib və qorunan əmanətlər "Əmanətlərin tam sığortalanması haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tam kompensasiya olunacaq.
Ləğv edilmiş bankların hamısı Əmanətlərin Siğortalanması Fonduna üzv banklardır və əhalinin bu banklarda qorunan əmanətləri heç bir dövlət vəsaiti cəlb etmədən Fond tərəfindən bağlanmış bankların aktivlərinin reallaşdırılmasından daxil olan vəsait və fəaliyyətdə olan bankların ödədikləri təqvim haqqı hesabına ödəniləcək.