Ağdamda 3 cəbhəyanı kəndin yolunun yenidən qurulması yekunlaşır
“OLAYLAR”-a Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, Ağdam rayonunda cari ildə 3 cəbhəyanı kəndi birləşdirən yolun əsaslı şəkildə bərpası istiqamətdə işlər yekunlaşmaq üzrədir. Söhbət IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulan və uzunluğu 15 km olan yerli əhəmiyyətli Səfərli-Zəngişalı-Hacılar avtomobil yolundan gedir.
7 May 2020 12:18 İqtisadiyyatCəbhəyanı kəndlərin sosial problemlərinin həlli istiqamətində dövlət başçısınının tapşırıq və sərəncamları ilə müxtəlif infrastruktur layihələri həyata keçirilir. Avtomobil yolarının yenidən qurulması dövlət siyasətinin əsas prioriteti hesab olunur. Məhz bunun nəticəsidir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təmas xəttində yerləşən yaşayış məntəqələrinə gedən yolların əsaslı şəkildə yenidən qurulması davam etdirilir.
"OLAYLAR"-a Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, Ağdam rayonunda cari ildə 3 cəbhəyanı kəndi birləşdirən yolun əsaslı şəkildə bərpası istiqamətdə işlər yekunlaşmaq üzrədir. Söhbət IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulan və uzunluğu 15 km olan yerli əhəmiyyətli Səfərli-Zəngişalı-Hacılar avtomobil yolundan gedir.
Yerli əhəmiyyətli Səfərli-Zəngişalı-Hacılar avtomobil yolu uzun illər istismar olunduğundan və təmir arası istismar müddəti keçdiyindən yol örtüyündə çalalar, çökmələr və qabarmalar əmələ gəlib, avtonəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranıb. Üstəlik yolun səviyyəsi yerin təbii relyefi ilə eyni səviyyədə olduğundan yolun torpaq yatağı atmosfer və qrunt sularının təsiri altında qalaraq yolun hərəkət hissəsi yuyulmuşdur.
Qeyd olunanlar nəzərə alınaraq yolun dağılmış hissələrin qazılaraq çıxarılması və yenidən təmir olunması, torpaq yatağının yerin təbii relyef səviyyəsindən qaldırılaraq təmir olunması məqsədi ilə hazırlanmış layihəyə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan yenidənqurma işlərinin sahəsi 150 min kv.m-dir.
Layihənin sonuncu mərhələsində zəruri olan yerlərdə avtobus dayanacaqları, hərəkətin normal təşkilı üçün isə yol nişanlarının, siqnal dirəklərinin və km göstəricicilərinin quraşdırılması, yolcizgi və yolgöstərici xətlərinin çəkilməsi nəzərdə tutulur.
Ümumilikdə 6 mindən çox əhalinin yaşadığı 3 cəbhəyanı kəndi əhatə edən yolun yenidən qurulması həmin yaşayış məntəqələrində yaşayan vətəndaşlarımızın birbaşa olaraq sosial rifah halına müsbət təsir göstərməklə, avtomobillərin hərəkətinin təhlükəsizliyinə zəmin yaradır, yük və sərnişin daşımasını asanlaşdırır, kənd təsərrüfatının inkişafına təkan verir, məhsulun tez bir zamanda istehsalçıdan istehlakçıya çatdırılmasına hərtərəfli şərait yaradır.