Nərimanovda uzunluğu 9.15 km olan küçə və yol təmir olunur
4 May 2020 12:38 İqtisadiyyatVətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində həyata keçirilən yol infrastrukturu layihələri çərçivəsində Nərimanov rayonu ərazisində geniş miqyaslı işlər aparılır. 2020-ci ilin investisiya proqramına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlər Agentliyi tərəfindən rayon ərazisində təmirə ehtiyacı olan daha 9.15 km uzunluğa malik küçə və yollarda təmir işlərinin aparılmasına start verilib.
"OLAYLAR" Agentliyə istinadən xəbər verir ki, proqrama uyğun olaraq ayrılmış vəsait hesabına, Nərimanov rayonunun ümumi uzunluğu 3.4 km olan Əliyar Əliyev, Asif Məmmədov və Aşıq Qərib küçələrinin, həmçinin "Daş karxanası"nın 1.2 km-lik yollarının, ümumi uzunluğu 3.6 km olan Böyükşorun "DYUA" və "40-cı rezervuar" y/massivlərinin, o cümlədən "205-ci məhəllə"sinin yollarının, bundan başqa Elçin İsaqzadə adına y/massivinin 0.5 km-lik yolunun, "Qarametal emalı" y/məhəlləsində isə ümumi uzunluğu 0.56 km olan Süphan Ələsgərov və Rəhim Şıxəliyev küçələrinin təmiri nəzərdə tutulurdu. Ümumilikdə təmir işlərinin əhatə edəcəyi sahə 15 min kv.m-dir.
Təmir işləri əsasən uzun müddət əsaslı şəkildə bərpa olunmadan istismar olunan, yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, həmçinin torpaq əsaslı və çınqıl örtüklü küçə və yollarda aparılır.
Ümumilikdə aparılan təmir-tikinti işləri çərçivəsində küçələr boyu zəruri olan yerlərdə köhnə örtük sökülür və yararsız qrunt qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək kipləşdirilir. Daha sonra isə yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.
Qeyd edək ki, prezident İlham Əliyevin sərəncam və tapşırıqları əsasında agentlik tərəfindən 2019-cu il ərzində Nərimanov rayonu ərazisində 11 km uzunluğunda olan küçə və yol təmir edilib.