Vüqar Gülməmmədov: “Hesablama Palatasının auditorları tərəfindən 561 sayda nöqsan müəyyən edilib”

Milli Məclisin mayın 1-də keçirilən plenar iclasında Hesablama Palatasının illik hesabatı təqdim olunub. "Olaylar" xəbər verir ki, HP  sədri Vüqar Gülməmmədov təqdim edib. V. Gülməmmədov bildirib ki, hesabat ilinin iş planı ilə həyata keçirilmiş tədbirlərin nəticəsi olaraq, 10700,1 min manat dövlət vəsaitinin müvafiq qaydada bərpası, o cümlədən 9205,6 min manat (bundan əlavə 4,2 min ABŞ dolları) məbləğində vəsaitin dövlət büdcəsinin hesabına bərpası təmin edilib.

Əlavə edib ki, ümumilikdə dövlət büdcəsinə hesabat ilində bərpa edilmiş cəmi vəsaitin 43,0%-i tikinti ilə bağlı xərclərin icrası prosesində yol verilmiş nöqsanlar üzrə olub. Bu istiqamətdə bərpa olunmuş cəmi vəsaitin 35,3%-i yerinə yetirilməyən işlərə görə, 20,5%-i iş həcminin artıq müəyyən edilməsi və 44,2%-i normativlərin düzgün tətbiq edilməməsi səbəbindən artıq ödənilmiş vəsaitləri əhatə edib.

Hesablama Palatasının sədri qeyd edib, 2019-cu ilin İş planına uyğun olaraq, məxfi qaydada keçirilmiş auditlər də daxil olmaqla 46 auditin nəticələri üzrə məlumatlar Milli Məclisə təqdim olunub. Hesabat ilində auditlərin 34-ü Bakı şəhərində, 11-i respublikanın ayrı-ayrı rayon və şəhərlərində, 1 isə xarici ölkədə yerləşən səfirlikdə aparılıb: "2019-cu ildə 47 audit və 6 analitik fəaliyyət həyata keçirilib. Hesabatda 43 maliyyə və uyğunluq auditin nəticələri icmallaşdırılıb. 2019-cu ildə Hesablama Palatasının auditorları tərəfindən 561 sayda nöqsan müəyyən edilib. Bu hər bir auditə orta hesabla 13,1 nöqsan deməkdir. Əvvəlki illərlə müqayisədə nəzarət tədbirlərinin sayı 18,9%, nöqsanların sayı 21,4% azalıb. Nəticədə, 2018-ci illə müqayisədə 1 tədbirə düşən nöqsan sayının azalması təqribən 3% təşkil edib. Əvvəlki illərdə olduğu kimi, əsas pozuntular büdcə qanunvericiliyi, dövlət satınalmaları, dövlət əsaslı vəsait qoyuluşları kimi sahələrdə, eləcə də mühasibat uçotu və hesabatla bağlı sahələrdə üstünlük təşkil edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31