Neft qiymətlərinin aşağı düşməsinə təsir edən beynəlxalq amillər hansılardır? -RƏYLƏR

Son günlər dünyanın əsas diqqət yetirdiyi məsələlərdən biri də dünya bazarlarında neft qiymətlərində minimum həddə düşməsidir. Kifayət qədər ciddi və riskli bir situasiyadan xəbər verən bu mənfi tendensiyanın aradan qaldırılması üçün neft ixrac edən ölkələr yollar axtarmaqdadırlar. Bəs görəsən dünyanı koronavirus pandemiyası vurduğu bir vaxtda neft qiymətlərində bu səviyyədə eniş təsadüfidir, yoxsa burada hansısa güclər maraqlıdır?

Politoloq Ramiyə Məmmədova hesab edir ki, koronavirus pandemiyasının əsas məqsədinin dünya iqtisadiyyatına vurulan zərbə olduğunu getdikcə görəcəyik. Onun sözlərinə görə, neftin 1 dollara düşməsi bu zərbənin planlaşdırılmış bir hissəsidir: "Təbii ki, nə netf, nə qaz erası bitən deyil. Çünki bir çox dövlətlərin ən başlıca iqtisadiyyatı yeraltı sərvətlərin üstündə qurulub. Lakin, bu siyasətin bir hissəsi olduğunu bilirik. Yəni dəngələr, yeni siyasi sistemlər və yeni iqtisadi mərhələlərin başlaması mümkündür. Neftin düşməsi neft ixrac edən ölkələrin xeyrinə nə qədərdisə, idxal edən ölkələrin də ziyanınadı". Ramiyə Məmmədova deyib ki, bir çox ölkələr hasilatı və satışı dayandırmaq məcburiyyətində qalacaqlar: "Bu da nefti baha satan ölkələrə yararlıdır. Neftini məcbur ucuz qiymətə satan ölkələrdən alıb, onların neftini sata bilərlər, daha keyfiyyətli neftlərini isə saxlayarlar. Beləliklə, neftin qiymətinin qalxmasını gözləyərlər. Məsələn, Iran öz iqtisadiyyatına zərbə vursa da, məcbur olub öz neftini satacaq. Çünki başqa yolu yoxdur. Dövlətlər arasındakı münasibətlərdə siyasi proseslər pandemiyadan sonra dəyişəcək. Lakin, müharibələrin səngiyəcəyini demək sadəlövhlükdür. Çünki pandemiyadan sonra vəziyyətdə gərginlik daha çox olacaq. Müharibələr getdikcə qızişacaq, siyasi böhranlar artacaq".

Müstəqil ekspert Rusif Məmmədsoy isə neft qiymətlərinin aşağı düşməsini şərh edərkən deyib ki, dünya enerji bazarında bu gün tarixin ən böyük enişi baş verdi: "İndiyə qədər ən aşağı eniş 1973-cü ilin böyük neft şoku dövründə 4,5, 86-cı ildə təxminən 10 (11-18 arası) dollar dəyişib. Bu gün isə dünya bazarında neftin qiyməti -40 dollar(WTI),-3 dollar(Ural),-3,75(Alyaska) olub. Azəri Light nefti 13 dollara qədər geriləyib. Neft bu gün 301% geriləməklə rekord eniş edib". Ekspert hesab edir ki, neftin qiymətinə bir-sıra faktorlar təsir edə bilər. Bunlar arasında coğrafi amil, iqlim(örnəyi Rusiya nefti Sibirdən çıxarıldığı və daha çətin regionlardan çıxdığı üçün etalon ola bilmir), hasilat (Azərbaycan nefti keyfiyyətinə görə bütün neft markalarını qabaqlasa da, hasilat imkanları məhduddur, bu amil ona etalon olmağa imkan vermir) siyasi-iqtisadi şərtlər, daha sonra OPEK-in təsir imkanları təklif və tələb arasında fərq və.s daxildir: "Bu gün neft istehsalçıları nefti havayı verməyə məcburdular. Onsuz da Səudiyyə Ərəbistanı özünün "Ərəb Light" neftini, "Dubay" və "Qətər" də öz neft markalarını 3-5 dollar həcminə satırdılar. Bununla da dünya bazarında neftin qiyməti istənilən səviyyəyə qalxmırdı. Dünyada neftin qiymətinə təsir edən və etalon sayılan iki marka var. Bunlar WTI(West Texas Intermediate),Brent Crude oil(Şimal dənizində çıxarılan Norveç və Britaniyanın ortaq markası). Əslində dünyada 300-dən artıq neft markası olsa da, yalnız, bunlar ikisi əsas etalon sayılır. WTI(Light Crude oil), NYMEX birjasında (Nyu-York), Brent isə London İnternational birjasında təklif edilir. Neftin qiyməti barrel ilə ölçülür (18-ci əsrdə Amerikada satışla bağlı olaraq, vahid və standart çəlləyin müəyyən edilməsindən sonra barrel(anqlosakson ölçü vahidi)neftin qiymətini və satışını müəyyən edən əsas ölçü vahidi oldu. Sual yarana bilər ki, niyə ton yox məhz barrel bu məhz sıxlıqla bağlıdır.1 barrel-159 litrə bərabərdir).

Rusif Məmmədsoy deyir ki, neftin qiymətinə təsir edən əsas amillərdən biri isə depolama, yəni ehtiyata yığmaqdır: "İndi dünyada anbarlar dolub, depolama da problem yaranıb, son ümid olaraq ölkələr nefti tankerlərə yükləyir, bu həm əlavə xərc tələb edir, həmçinin bu qədər tanker də tapmaq problematikdir. Bu günki qiymət enişinə səbəb olan digər amil isə artıq aprel fyuçerlərinin bitməsi (fyuçer neftin qiymətinin müəyyən edən xüsusi müqavilədir. Bu müqavilə ilə istənilən adam nefti birbaşa evinə də gətirə bilər. Amma əsasən bu müqaviləleri böyük şirkətlər imzalayır. Üstəlik bu müqavilələrin çoxu sadəcə kağız üzərində olur və real ixracı əks etdirmir əsasən neftin alım-satım müqavilələrini şərtləndirir. Ona görə iyun fyuçerlərinin qiyməti hazırda 22-23 dollardır.), Həmçinin OPEK+-un maydan hasilata blok qoyacağı, ABŞ-da Oklahoma anbarının dolması və onun bağlanması, habelə stoklanma bundan əlavə, birjalarda aprel müqavilələrinin başa çatması, hazırda hamının bazara neft çıxartması, tələbin kəskin durması səbəb olur. Bəs birjalarda bu cür mənfiyə eniş nə anlama gəlir?O anlama gəlir ki, artıq neft istehsalçıları satacağı neftə görə eniş ekvivalentində əlavə pul ödəməlidirlər, bu isə onların borclanmasına, ziyanına səbəb olacaq. Azəri Ligtın ABŞ nefti həcminə çatacağı inandırıcı deyil, lakin kəskin qalxışı da olmayacaq. İlin sonuna qədər 25-30 dollar intervalında olması ehtimalları çoxdur".

Məhəmməd

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31