Kredit götürüb aradan çıxanlar -Təhlil
16 Mart 2020 16:47 İqtisadiyyatEtibardan sui-iqtifadə qohum-əqrabanı barışmaz düşmənə çevirir
Azərbaycan qanunvericiliyinə görə, görülən işlər və göstərilən xidmətlər tərəflər arasında bağlanan müqavilə əsasında həyata keçirilməlidir. Əgər qanunvericiliklə təsdiq olunmuş forma yoxdursa, müqavilə şərtləri tərəflərin razılığı ilə müəyyənləşdirilir. Lakin reallıq ondan ibarətdir ki, ölkədə nəinki görülən işlər və göstərilən xidmətlərə görə, bir çox hallarda hətta nikaha daxil olmaq üçün müqavilə bağlanmır. Etiraf edilməlidir ki, hələ də ölkədə müqavilə əsasında qurulmasına ehtiyac olan mülki münasibətlər müqaviləsiz həyata keçirilir. Xüsusən, borc, kirayə, alqı-satqı kimi gündəlik həyatda rastlaşdığımız münasibətlərdə belə müqavilə arxa plana keçirilir. Bu zaman, insan ən yaxın bildiyi, etibar etdiyi şəxslər tərəfindən aldadılaraq çıxılmaz vəziyyətdə qalır. Son vaxtlar ən çox müşahidə olunan borc qalmaqalının ən yaxın tanışlar və yaxud qohum-əqraba arasında baş verir. Vəziyyət o həddə çatıb ki, hətta qardaş bacının, bacı ananın etibarından sui-istifadə edərək borc alır, lakin ən müxtəlif bəhanələrlə ödəməkdən yayınır. Artıq geniş ayılmış hallardan biri ondan ibarətdir ki, dost, tanış, yaxud qohum müraciət edərək bildirir ki, onun adı bankların "qara siyahısı"nda olduğundan kredit vermirlər. Təklif edir ki, öz adına mənə kredit götür, 500 manatı sənin olsun, ödənişi də özü həyata keçirəcək. Belə şirinləşdirici təkliflə kredit götürülür. 500 manat kredit götürənə verir, 2 ay krediti ödədikdən sonra imtina edir. Nəticədə kredit götürən qalır bankla məhkəmələrin qapısı ağzında. Mütəxəssislərin qənaətinə görə bütün hallarda mülki münasibətlər zamanı tərəflər arasında müqavilə imzalanmalıdır. Lakin digər bir problem müqavilənin standart şərtlərinin bir sıra tələblərə cavab verməməsidir. Müqavilə şərtləri isə aşağıdakılardan ibarət olmalıdır: Tərəflər arasındakı münasibətlərin tənzimlənməsi, onlara öhdəlik xarakterinin verilməsi; öhdəliklərin ardıcıl olaraq fasiləsiz, təhlükəsiz və keyfiyyətlə yerinə yetirilməsi üçün qayda və üsulların müəyyənləşdirilməsi; öhdəliyini yerinə yetirməyən tərəflər barədə tətbiq olunacaq tədbirlərin həyata keçirilmə qaydası. Çox təəssüf ki, əksər hallarda ölkədə görülən işlər və göstərilən xidmətlər yalnız şifahi müqavilə əsasında həyata keçirilir. Bağlanılan müqavilələrdə isə ikitərəfli razılaşma deyil, xidmət və iş sahibinin maraqları təmin olunur. Əksər müqavilələrdə sifarişçi tərəfin hüquqları deyil, yalnız öhdəlik və məsuliyyətləri əksini tapmış olur. Nətcədə göstərilən keyfiyyətsiz xidmətə görə maddi təzminat tələb etmək müşkül məsələyə çevrilir. Belə hallar adi məişət avadanlıqlarının alınmasından tutmuş, borc və kredit müqavilələrinə qədər baş verməkdədir. Hazırda banklarla müştərilər arasında yaranan anlaşılmazlıqlar da məhz müqavilələrin ikitərəfli razılaşma olmadan bağlanması hesabına mümkün olub. Məlumat üçün qeyd edək ki, Milli Məclis Mülki Məcəlləyə etdiyi dəyişikliyə əsasən ölkədə üç min manatdan yuxarı məbləğdə bağlanan borc müqaviləsi yazılı formada olmalıdır. Əvvəllər isə borc müqaviləsi şifahi bağlanırdı, tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilərdi. Təəssüf ki, bu yenilik yalnız borc müqaviləsini tənzimlədiyindən digər sahələrə şamil edilmir. Bəs, belə halda vətəndaş müqavilə bağlayarkən hansı hallara diqqət yetirməlidir?
Hüquqşünas Alim Hüseynli bildirilib ki, müqaviləyə imza atanadək istehlakçı onun şərtlərini bənd-bənd oxuyub araşdırmalı və şərtlərin ona tam aydın olduğuna əmin olmalıdır. Alqı-satqı müqaviləsi imzalanarkən, orada yazılan bütün şərtlər mütləq oxunmalıdır. Əks təqdirdə, istehlakçının imzaladığı müqavilədəki şərtlər onun ziyanına ola bilər. Aydın olmayan hər hansı ifadə, yaxud şərtlə rastlaşdıqda bu sahə üzrə mütəxəssislə məsləhətləşmək olar. Müqavilə ilə tanışlıq zamanı kiçik şriftlərlə yazılmış informasiyalara diqqət yetirmək lazımdır. Əsasən müqavilə imzalayan istehlakçılar bu mətnlərə diqqət yetirmir və nəticədə özünə sərfəli olmayan şərtlərlə müqavilə bağlamağa gətirib çıxarır. Müqavilə alqı-satqı, xidmət göstərilməsi zamanı malın (işin, xidmətin) təqdim edilmə müddəti, qiyməti və digər şərtləri barədə istehlakçı ilə satıcı arasında şifahi yaxud yazılı razılaşmadır. Yazılı müqavilə kassa çeki, qəbz və digər sənədlərlə rəsmiləşdirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1. maddəsinə əsasən, "Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi, yaxud xitamı haqqında iki və daha artıq şəxsin razılaşması müqavilə sayılır". Quruluşuna görə müqavilə preambula, əsas və son hissədən ibarət olur. Mülki dövriyyədə iştirakçılar arasındakı münasibətlər bir qayda olaraq çoxsaylı müqavilələrlə nizama salınır. Hər bir müqavilə hüquqi məqsəd güdür. İstehlakçılara ticarət xidməti göstərilməsinin əsas mülki-hüquqi forması pərakəndə alqı-satqı, sifariş, daşıma və s. müqavilələridir. Müqavilədə onun məzmunu, tərəflərin hüquqları, öhdəlikləriləri, müddəti, mübahisələrin həlli qaydası, fors-major, yekun müddəalar, tərəflərin hüquqi ünvanları, rekvizitləri və s. əksini tapmalıdır. Müqavilədə həmçinin malın (işin, xidmətin) qiyməti, keyfiyyəti, ödəniş forması, malın təhvili, qəbulu, qablaşdırma, nişanlanma, tərəflərin məsuliyyəti və başqa şərtlər göstərilə bilər. İcraçı tərəfindən öhdəliklərin icra edilmədiyi, yaxud lazımınca icra edilmədiyi hallarda və qüsurlar aradan qaldırılmadıqda və digər problemlər yarandıqda istehlakçı öz hüquqlarını yalnız bağlanmış müqavilə ilə müdafiə edə bilər: "Müqavilə imzalayarkən yol verilmiş diqqətsizlik, səhv, anlaşılmazlıq sizin iradənizin sərbəst ifadəsi kimi başa düşülə bilər. Nəzərə almaq lazımdır ki, dövlət orqanları, vəzifəli şəxslər və məhkəmələr tərəfindən bu və ya digər problem araşdırılarkən, mübahisələr həll edilərkən tərəflərin öz iradəsini müqavilədə necə əks etdirdiyi əsas götürülür. Ona görə də istehlakçılar birinci növbədə iş görülməsi və xidmət göstərilməsi zamanı müqavilə bağlamalı və bu işdə çox diqqətli olmalıdır. Mal alarkən, işi sifariş edərkən diqqətsizliyə yol vermək, tələskənlik, müqavilənin şərtləri ilə yaxından tanış olmamaq çox böyük maddi zərərə, mənəvi sarsıntılara və zaman itkisinə səbəb ola bilir".
Zəka
Olaylar.az