Koronavirus valyuta bazarına psixoloji təsir göstərib -Təhlil
16 Mart 2020 13:44 İqtisadiyyatİqtisadi təhlükəsizlik məsələləri hökumətin diqqət mərkəzindədir
Dünyanı cənginə alan koronavirus iqtisadi proseslərə də təsirsiz ötüşməyib. Belə ki, koronavirusdan qorunmaq üçün dövlətlər iqtisadi əməkdaşlığı məhdudlaşdırıb, idxal-ixrac əməliyyatını minimuma endiriblər. Heç şübhəsiz ki, belə vəziyyət iqtisadi cəhətdən inkişaf etməməş ölkələr üçün müəyyən çətinliklər yaradır. Məhz bunun nəticəsidir ki, dünyada baş verən iqtisadi proseslər dövlətlərin milli valyutalarının da dəyərdən düşməsi ilə nəticələnib. Avro, dollar, funt-sterlinqdən fərqli olaraq bir sıra milli valyutalar məzənnədən düşmək təhlükəsi ilə üzləşiblər. Etiraf edilməlidir ki, dünya ölkələrində baş verən proses Azərbaycana da təsirsiz ötüşməyib. Belə ki, son günlər manatın dollara nisbətən ucuzlaşması prosesi müşahidə olunmaqdadır. O da sirr deyil ki, bundan sui-istifadə etmək istəyən möhtəkirlər var ki, insanlar arasında təşviş yaratmağa çalışırlar. Məhz bunun nəticəsidir ki, insanlar əllərində olan manatı dollara çevirmək üçün saatlarla bankların qarşısında dayanmalı olurlar. Yaranmış vəziyyət dollara olan tələbatın artmasına səbəb olub. Manat-dollar və avronun hazırki kursları göstərir ki, valyuta səbətində dolların payı yenə də yüksək olaraq qalmaqdadır. Manatın dollara məzənnəsinin dünya valyuta bazarında baş verənlər fonunda dəyişməsinə baxmayaraq kursun son həftələr müqayisəli azalması dollara tələbi artırıb. Lakin monitorinqlər göstərir ki, son rəsmi məzənnələr valyuta bazarına psixoloji təsir göstərib. Etiraf edilməlidir ki, belə bir şəraitdə ABŞ pulu digər valyutalara nisbətən gücləncə, həm rəsmi məzənnədə, həm də valyutadəyişmə məntəqələrində milli valyutamız müqayisəli dəyər itirə bilər. Bəs, bu vəziyyətin qarşısını necə almaq olar?
***
Ekspertlər hesab edirlər ki, qlobal valyuta bazarında baş verənlər birbaşa psixoloji təsirlərlə bağlıdır. Azərbaycanda da son günlər manata psixoloji təzyiqin artdığı müşahidə edilir. Belə halların qarşısını almaqdan ötrü Mərkəzi Bank vətəndaşlarla mətbuat vasitəsilə daimi əlaqədə olub valyuta bazarındakı psixoloji təzyiqi azaltmağa çalışmalıdır. Manatın müqayisəli dəyər itirmə səbəblərinin ictimaiyyətə mütəmadi olaraq çatdırılması ilə yanaşı, gələcək məzənnə siyasəti barədə fikirlərin də bölüşdürülməsi məqsədəuyğundur. Ümumilikdə, Mərkəzi Bankda bu dəyişikliklərin valyuta bazarına psixoloji təsirlərinin azaldılması üçün də vətəndaşların məlumatlandırılmasına ciddi ehtiyac var. Nəzərə almaq lazımdır ki, dünya bazarında avronun məzənnəsində yeni azalmalar müşahidə edilərsə bu manatın dollara nisbətən müqayisəli ucuzlaşmasının davam etməsinə gətirib çıxaracaq. Digər tərəfdən, Azərbaycanın xarici ticarət dövriyyəsinə uyğun olaraq Mərkəzi Bankın iki valyutalı səbətdəki proporsionallığı dəyişməsi və yeniləməsi mümkündür. Bu möhkəm dollar təzyiqini müəyyən qədər azalda bilər. Həmçinin əhalinin qeyri-valyuta yığımlarının stimuallaşdırılması ilə bağlı təşviqedici tədbirlərin həyata keçirilməsinə ehtiyac var. Bu xüsusən əhalinin xarici valyutalara olan tələbini kəskin azalda bilər. Nəzərə almaq lazımdır ki, hazırda bir sıra banklarda dollar qıtlığı yaşanmaqdadır. Əhali həm dolların məzənnəsinin artacağından, həm də koronavirusun yayılma ehtimalından ehtiyatlanaraq əllərindəki pulu ərzağa verməyi üstün tutur. Elə bu səbəbdəndir ki, insanlar bütün kapitallarını ticarət şəbəkələrindəki ərzaq məhsullarına yönəldirlər.
İqtisadiyyat Nazirliyindən bildirilib ki, əhalinin təşvişə düşməsi üçün heç bir əsas yoxdur. Azərbaycanda əhalinin gündəlik tələbat malları, o cümlədən qida məhsulları tələbatının ödənilməsi ilə bağlı heç bir problem yoxdur. hazırda ticarət şəbəkələrində, mağazalarda və anbarlarda gündəlik tələbat malları, o cümlədən ərzaq məhsulları ilə bağlı kifayət qədər ehtiyat mövcuddur və panikaya heç bir əsas yoxdur. Bu gün ölkədə bütün əsas məhsullar üzrə ehtiyatlar var. Mal və məhsulların kifayət qədər ehtiyatı mövcuddur. Alınan mallar yeniləri ilə əvəz olunur və olunacaq. İqtisadiyyat naziri Mikayıl Cabbarov iqtisadi təhlükəsizlik məsələlərinin Azərbaycan Hökumətinin diqqət mərkəzində olduğunu vurğulayıb. O, əlavə edib ki, ölkənin ərzaq təhlükəsizliyinin etibarlı təmin edilməsi üçün ehtiyatlar mütəmadi monitorinq olunaraq qiymətləndirilib. Hazırda koronavirus təhlükəsi ilə əlaqədar ölkəmizin sərhədlərində tətbiq edilən məhdudiyyətlər yük daşımalarına şamil edilmir. Nazir hökumətin iqtisadi sahədə vəziyyətə nəzarət etmək üçün bütün vasitələrə malik olduğunu vurğulayıb. O, qeyd edib ki, yerli istehsalın artırılması üçün dövlət tərəfindən əlavə dəstək tədbirləri həyata keçiriləcək.
Qeyd edək ki, hökumətin gördüyü qabaqlayıcı tədbirlərə baxmayaraq yaranmış vəziyyətdən sui-istifadə halları da mövcuddur. Millət vəkili Vahid Əhmədov qeyd edib ki, hazırda bahalaşma müşahidə edilir: "Mən sahibkarlardan xahiş edirəm yaranmış vəziyyətdən öz mənafeləri üçün istifadə etməsinlər. İnsanların panik, narahat vəziyyətindən varlanmaq üçün istifadə firkinə düşməsinlər. Belə vəziyyətdə hamımız bir yumruq kimi birləşməliyik, dövlətin, xalqın yanında olmalıyıq. Sahibkar düşünməlidir ki, vətəndaş onsuz da çətin durumdadır, narahatdır. Bu vəziyyətdə onun cibinə əl uzatmamalıdır. Hökumət əlindən gələni edir ki, problem yaranmasın. Müvafiq qurumlar qiymət artımı ilə bağlı mövqe ortaya qoymalıdır. Biz illərdir deyirik, amma nəticəsi yoxdur. İndi gözləyirlər ki, cənab Prezident bu məsələyə də özü nəzarət etsin?! Olmaz axı, belə, bütün yükü bir nəfərin üzərinə yükləmək olmaz. Hər kəs, hər qurum öz məsuliyyətini dərk etməlidir. Marketlərdə, bazarlarda, apteklərdə monitorinqlər aparılmalıdır ki, vəziyyətdən istifadə edib süni qiymət artımına getməsinlər".
Alim
Olaylar.az