Maliyyə Nazirliyi 2013-cü ilin 1-ci rübündə dövlət büdcəsinin icrasına dair məlumat yayıb

2013-cü ilin birinci rübündə dövlət büdcəsinin mədaxili 4669,6 mln. manat, xərcləri 4514,8 mln. manat olmuş, 154,8 mln. manat məbləğində büdcə artıqlığı (profisit) yaranmışdır. "Olaylar" Maliyyə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, 2013-cü ilin 1-ci rübündə dövlət büdcəsinin mədaxili 3565,3 mln. manat proqnoza qarşı 4669,6 mln. manat və ya 31,0 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə isə 1181,8 mln. manat və ya 33,9 faiz çox olmuşdur.  Vergilər Nazirliyi mədaxil proqnozu 103,2 faiz icra edilməklə dövlət büdcəsinə 1523,5 mln. manat vəsait təmin edilib ki, bu da proqnoza nisbətən 47,2 mln. manat, ötən ilin eyni dövrü ilə müqayisədə 133,0 mln. manat və ya 9,6 faiz çoxdur.
2013-cü ilin 1-ci rübündə  Dövlət Gömrük Komitəsi proqnoza 100,3 faiz əməl edərək büdcəyə 289,5 mln. manat vəsait təmin edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 15,0 faiz və yaxud 37,8 mln. manat çoxdur.
Sair daxilolmalardan nəzərdə tutulan 6,3 mln. manata qarşı büdcəyə 16,2 mln. manat və ya proqnoza nisbətən 2,6 dəfə çox vəsait daxil olub. Dövlət Neft Fondundan dövlət büdcəsinə 2840,4 mln. manat vəsait transfert edilib. Məlumatda həmçinin bildirilir ki, 2013-cü ilin 1-ci rübündə dövlət büdcəsinin xərcləri 4514,8 mln. manat icra olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1671,6 mln. manat və ya 58,8 faiz çoxdur. İqtisadi təsnifata uyğun olaraq cari ilin 1-ci rübündə dövlət büdcəsi xərclərinin 25,8 faizi və ya 1164,0 mln. manatı sosialyönümlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilib.
2013-cü ilin 3 ayı ərzində dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinə 1913,0 mln. manat və yaxud 2012-ci ilin eyni dövrü ilə müqayisədə 929,0 mln. manat və ya 1,9 dəfə çox vəsait yönəldilib. İstifadə olunmuş vəsaitdən təhsil, səhiyyə, sosial, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına 225,0 mln. manat, enerji, su təchizatı, qaz, yol, su, hava və metro nəqliyyatı, kommunal, meliorasiya infrastrukturlarının tikintisinə, yenidənqurulmasına və digər sahələrə 1688,0 mln. manat vəsait yönəldilib . Cari ilin 1-ci rübündə icmal büdcənin gəlirləri 5573,5 mln. manat icra edilib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31