Cəbhəyanı ərazilərdə elektrik enerjisi və təbii qaz təchizatının yaxşılaşdırılmasına dair birgə layihənin icrasına başlanılıb
Cəbhəyanı ərazilərdə elektrik enerjisi və təbii qaz təchizatının yaxşılaşdırılmasına dair birgə layihənin icrasına başlanılıb
11 Mart 2020 15:27 İqtisadiyyatAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstəriş və tapşırıqlarına uyğun olaraq, regionlarda elektrik enerjisi və təbii qaz təchizatının daha da yaxşılaşdırılması istiqamətində zəruri tədbirlər həyata keçirilir. Yeni elektrik və qaz xətləri çəkilir, paylaşdırıcı şəbəkələr gücləndirilir və genişləndirilir. "OLAYLAR"-a "Azərişıq" ASC-dən bildirilib ki, bununla əlaqədar olaraq, "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti və "Azəriqaz" İstehsalat Birliyi Ağdam rayonu ərazisində elektrik enerjisi və qaz təchizatı şəbəkələrinin təkmilləşdirilməsi və yenidən qurulması üzrə birgə layihənin icrasına başlayıblar. Layihənin işlənməsi üçün hər iki qurumun birgə apardığı monitorinqlər nəticəsində rayonun yaşayış məntəqələrində mövcud problemlərin həllini nəzərdə tutan tədbirlər planı hazırlanıb. İlkin mərhələdə Quzanlı qəsəbəsi yaxınlığında və Soltanbud meşə massivi boyunca yerləşən 230 məcburi köçkün ailəsinin müvəqqəti məskunlaşdığı yaşayış məntəqələrində paylayıcı elektrik şəbəkəsi tamamilə yenidən qurulacaq, o cümlədən açıq naqillər kabel xətləri ilə əvəzlənəcək, yeni güc mərkəzləri yaradılacaq. Yaşayış ərazisinin təbii qazla təmin olunması üçün daşıyıcı və paylayıcı boru xətlərinin çəkilməsi, müasir qaz tənzimləyici şkafların quraşdırılması, hər bir fərdi yaşayış evinin mətbəxindəki qaz işlədici cihaza qədər olan daxili qaz xətlərinin çəkilməsi, eləcə də məişət qaz sayğacının və fərdi qaz tənzimləyicinin quraşdırılması nəzərdə tutulub. Görüləcək işlər əhalinin kommunal xidmətlərə tələbatının daha keyfiyyətli və dayanıqlı şəkildə ödənilməsinə, eləcə də enerji itkisinin əhəmiyyətli dərəcədə azaldılmasına imkan verəcəkdir.
"Azərişıq" ASC və "Azəriqaz" İB tərəfindən nəzərdə tutulan tədbirlərin icrası üçün ayrılmış avadanlıq və materiallar martın 10-da Ağdam rayonuna gətirilib. Layihə üzrə işlərin icrasına başlanması münasibətilə keçirilən tədbirdə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, yerli icra strukturlarının və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.