Üzümçü-Şərabçı Gənclər Birliyi maarifləndirici təlimlərə başlayıb
Üzümçü-Şərabçı Gənclər Birliyi maarifləndirici təlimlərə başlayıb
11 Mart 2020 14:19 İqtisadiyyatAqrar Elm və İnnovasiya Mərkəzinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunda yeni fəaliyyətə başlamış "Üzümçü-Şərabçı Gənclər Birliyi"nin üzvləri "Üzümü tanıyaq və tanıdaq" layihəsinin icrasına başlayıb. "Olaylar" xəbər verir ki, layihə çərçivəsində ilk maarifləndirici təlim Abşeron rayonundakı fermer təsərrüfatında keçirilib. İnstitutun direktoru Vüqar Səlimov bildirib ki, "Üzümü düzgün budayaq, bol məhsul əldə edək" şüarı ilə keçirilmiş təlimə əsasən gənclər cəlb edilib. Təlim zamanı ali məktəblərdə təhsil alan gənclərə, eləcə də gələcəkdə üzümçülük ixtisasını əsas götürəcək aqronom mütəxəssislərə alimlər tərəfindən qış mövsümündə üzümçülükdə ən vacib tədbirlərdən biri olan quru budamanın tələbləri izah olunub. Bildirilib ki, budamanın əsas məqsədi tənəyə uyğun formanın və müvafiq gözcük yükünün verilməsi, bar budaqlarının fəzada düzgün və nizamlı şəkildə yerləşdirilməsi, tənəkdə uzun illər sabit və yüksək məhsulun əldə olunması, uzunömürlülüyünün təmin edilməsi, dərmanlama, məhsul yığımı və digər əməliyyatların asanlaşdırılması, tənəkdə əl əməyinin, yaşıl əməliyyatların azaldılmasıdır.