Neftin ucuzlaşmasının Azərbaycan iqtisadiyyatına şok təsiri qeyri-mümkündür -Ekspert rəyləri
Neftin ucuzlaşmasının Azərbaycan iqtisadiyyatına şok təsiri qeyri-mümkündür-Ekspert rəyləri
11 Mart 2020 14:02 İqtisadiyyatHazırda dünya birjalarında neftin qiymətində kəskin enmələr bəzi ölkələrdə benzinin qiymətinin ucuzlaşmasına səbəb olub. Məlumata görə, dünya birjalarında bazar ertəsindəki düşüşdən sonra bu gün Brent markalı neftin 1 bareli 38,66 dollar, WTI markalı neftin 1 bareli 35,41 dollardır. Məlumat üçün bildirək ki, hazırda Honq Konqda benzinin 1 litri 2,23 dollar, Monakoda 1.96 dollar, Yunanıstanda 1,78 dollar, İtaliyada 1,73 dollar, Fransada 1,62 dollar, Almaniyada 1,54 dollar, İspaniyada 1,44 dollar, Türkiyədə 10,9 dollar, Çində 0,98 dollar, Gürcüstanda , 0.90 dollar, Rusiyada 0.63 dollar, Birləşmiş Ərəb Əmirliklərində 0.56 dollar, Azərbaycanda 0.47 dollardır. İlkin məlumata görə, ölkəmizə idxal olan məhsulların maya və daşınma xərcləri də azalıb. Neftin qiymətinin enməsi əsas neft istehsalçısı və ixracatçısı olan Azərbaycana hansı təsirini göstərə bilər?
Xatırladaq ki, OPEK+ ölkələri arasında istehsal həcminin azaldılması ilə bağlı fikir ayrılığı səbəbindən dünya bazarında neftin qiymətinin kəskin aşağı düşüb. Lakin bunun Azərbaycan iqtisadiyyatına elə də ciddi təsir edəcəyi gözlənilmir. Elə bu səbədən də hazırda ölkədə benzinin qiymətinin aşağı salınması müzakirə mövzusu deyil. Tarif Şurasının mətbuat xidmətinin rəhbəri Abbas Əliyev mətbuata açıqlamasında qeyd edib ki, neftin qiymətinin ucuzlaşması ilə bağlı benzinin qiymətinin ucuzlaşdırılması üçün SOCAR Tarif Şurasına müraciət etməyib: "Hələ 2015-ci il hadisələrindən sonra Tarif Şurası dünya bazarlarında duruma rəğmən ölkədə benzinin ucuzlaşması üçün əsas olmadığını, Azərbaycanda istehlak edilən benzinin 95 faizindən çoxunun tam olaraq ölkə daxilində istehsal edilən Aİ-92 markalı yanacaq olmasından irəli gəldiyini açıqlamışdı. Qeyd olunurdu ki, dünya bazarlarında neftin ucuzlaşması fonunda Azərbaycanda benzinin qiymətlərinin əvvəlki səviyyədə qalması onunla Aİ-92 markalı benzinin dəyərinin formalaşmasına təsir edən xərclərin (neftin istehsalı və emalına, vergiyə çəkilən və s.) dəyişməməsilə əlaqədardır. Bu markadan olan benzin Azərbaycanda istehsal edildiyindən, dünya bazarında baş verən proseslər onun qiymətinə təsir etmir. Buna görə də hazırda benzinin qiymətinin dəyişdirilməsi məsələsini müzakirə etmirik. Azərbaycana idxal edilən "Premium Evro-95" markalı benzinə gəlincə, onun ümumi istehlakda payı azdır (4-5 faiz) və Tarif Şurası bu markanın qiymətini tənzimləmir".
İqtisadçı ekspertlərin qənaətinə görə, son illər Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar dünya bazarında neftin ucuzlaşmasının ölkədə şok effekti yaratmasının qarşısını alır. Nəzərə almaq lazımdır ki, Azərbaycan manatının 2015-ci ildəki ikili devalvasiyasıdan sonra neft qiymətlərinin ölkə iqtisadiyyatını təsirini azaltmaq üçün xeyli iş görülüb. Bu baxımdan "qara qızıl"ın indiki ucuzlaşmasından narahat olmağa ehtiyac yoxdur. Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan hökuməti neqativ iqtisadi təsirlərin neytrallaşdılması üçün preventiv tədbirlər planlarına malikdir. Neftin qiymətinin kəskin ucuzlaşmasının tədiyə balansına təsirlərinin proqnoz ssenariləri mövcuddur. Yaranmış vəziyyətin xarici təsirləri nəzərə alınaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin operativ iclasında dünya bazarında xam neftin qiymətinin aşağı düşməsinin iqtisadiyyata təsiri müzakirə olunub. Müzakirələrin nəticələrindən belə qənaətə gəlmək olar ki, Azərbaycanın strateji valyuta ehtiyatları - 52 mlrd. ABŞ dolları (ÜDM-in həcmini 8 faizdən çox üstələyir) həcmindədir. Xarici dövlət borcunun ÜDM-ə nisbəti 17% (dünyada ən aşağı göstəricilərdəndir) təşkil edir. 2014-cü ildən başlanan qlobal maliyyə-iqtisadi böhran fonunda belə Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafı təmin olundu və son illərdə bu dayanıqlıq daha da möhkəmlənib. Ölkə iqtisadiyyatı iqtisadi təlatümlərə hazırdır. Xatırladaq ki, ölkədə dövlət büdcəsi xərclərinin neftin qiymətinin dəyişməsindən asılılığını minimuma endirmək üçün büdcə qaydaları müəyyən olunub. Digər tərəfdən qeyri-neft sektorunun inkişafına, qeyri-neft ixracının artmasına və bu yolla iqtisadiyyatın şaxələndirilməsinə dəstək verilib, Azərbaycana xarici valyutanın daxil olma mənbələrinin sayı artırılıb. İdxalın əvəzlənməsi üçün yeni istehsal sahələri yaradılıb, maliyyə sektorunda, o cümlədən banklarda sektorunda sağlamlaşdırma tədbirləri görülüb. Bütün bu addımlar, həm də ölkənin strateji valyuta ehtiyatları əmtəə birjalarında neftin qiymətinin indiki həddə və bundan da aşağı olduğu halda iqtisadiyyatın şok effetki yaşamamasına imkan verir. Bundan başqa, Azərbaycanda həyata keçirilən şaxələndirilmiş iqtisadi islahatlar nəticəsində iqtisadi inkişafın davamlılığı təmin olunub. Əvvəlki illərdə olduğu kimi, 2020-ci ildə də müsbət inkişaf dinamikası davam edir (2020-ci ilin yanvar-fevral aylarında qeyri-neft ÜDM-i 6,7%, ÜDM isə 2,8% artıb, inflyasiya 2,8% təşkil edib). Hazırda da bu proses davam etdirilərək büdcə xərclərinin səmərəliliyi artırılır və optimallaşdırılır, iqtisadiyyatın şaxələndirilməsi sürətləndirilir.
Lakin bütün sadalananlara baxmayaraq ekspertlər hesab edirlər ki, neftin ucuzlaşmasının nə qədər davam etməsi önəmli məsələdir. Əgər indiki qiymət bir ildən çox davam edəcəksə, bu, istənilən neft ixrac edən ölkənin iqtisadiyyatına təsirsiz ötüşməyəcək. Odur ki, qabaqlayıcı iqtisadi tədbirlərin görülməsi zərurəti yaranır. Azərbaycanda isə bu məqsədlə uzun müddətdəri ki, monetar və fiskal tədbirlər həyata keçirilməkdədir. Belə ki, ölkədə milli iqtisadiyyatın inkişaf xüsusiyyətlərini və perspektivlərini ehtiva edən vergi və gömrük rüsumlarının effektivliyinin artırılması məqsədilə çevik dövlət tənzimləməsi tətbiq edilib. Məhz bu kimi addımların nəticəsidir ki, Azərbaycanda indiyə qədər heç bir sosial layihələrin icrası dayandırılmayıb. Mövcud vəziyyəti davam etdirmək məqsədilə istehlak bazarına ciddi nəzarət təşkil olunub. Vəziyyətdən sui-istifadə etməyə çalışanlara, süni qiymət artımına yol verənlərə və əsassız olaraq dövriyyədən çıxarılmaqla mal qıtlığı yaratmağa cəhd edənlərə qarşı sərt tədbirlər görülür. Heç şübhəsiz ki, atılan addımlar infilyasiyanın qarşısının alnmasında mühüm rol oynayacaq.
Zəka
Olaylar.az