Vaşinqtonda məcburi köçkün və qaçqın qadınlarla bağlı müzakirələr aparılıb

Vaşinqtonda məcburi köçkün və qaçqın qadınlarla bağlı müzakirələr aparılıb

Vaşinqton şəhərində Müsəlman Amerika Liderlik Alyansının təşkilatçılığı ABŞ-Azərbaycan Ticarət Palatası və Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyinin dəstəyi ilə Palatanın mənzil-qərargahında "Sosial sahibkarlıq fəaliyyəti vasitəsilə gender boşluğunun aradan qaldırılması: irəliləyiş və çağırışlar" mövzusunda panel müzakirəsi keçirilmişdir. Panel müzakirəsi məcburi köçkün və qaçqın qadınların sahibkarlıq fəaliyyətinin dəstəklənməsi  məzmununu əhatə etmişdir.

Olaylar.az bildirir ki, ABŞ-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Natiq Baxışov və Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyinin müşaviri Vüqar Qurbanov tədbiri açaraq qonaqları salamlayıb və müzakirə mövzusunun hazırda aktual olduğunu qeyd edərək Azərbaycan dövlətinin bu məsələyə xüsusi diqqət yetirdiyini və bu istiqamətdə tədbirlərin dəstəklədiyini vurğulamışdır. Bundan əlavə, Azərbaycanda qadınlara seçki hüququnun ABŞ-dan öncə 1918-ci ildə Azərbaycan Demokratik Respublikası dövründə verildiyi, və bugün də Azərbaycanda gender bərabərliyini təmin etmək üçün işlərin aparıldığı və bu istiqamətdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xüsusi rolunu vurğulamışdır.

Daha sonra panel müzakirəsinin moderatoru, Müsəlman Amerika Liderlik Alyansının icraçı direkotru Zeynəb Xan giriş sözü ilə mövzu haqqında məlumat verərək panel müzakirəsinin iştirakçılarını auditoriyaya təqdim etmişdir. Müzakirələr məcburi köçkün və qaçqın qadınların sahibkarlıq fəaliyyəti ilə bağlı dövlət siyasəti və layihələr, şəxsi təcrübə, bu qadınların sahibkarlığa cəlb olunması ilə bağlı təhsilin rolu və Azərbaycanda qadınların sahibkarlıqda rolunun təhlili üzrə dörd istiqaməti əhatə etmişdir.

Panel müzakirəsi Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyinin siyasi məsələlər üzrə əməkdaşı Şəlalə Vəliyevanın çıxışı ilə başlamışdır. Ş.Vəliyeva ilk olaraq məcburi köçkün və qaçqın qadınların sahibkarlıq fəaliyyətinin dəstəklənməsi layihəsi ideyası barədə məlumat verərək qadınların iqtisadi gücü və potensialının inkişaf etdirilməsinin vacib səbəblərini qeyd etmişdir.

Bundan əlavə, Azərbaycanda qadınların sahibkarlığa cəlb olunmasına misal olaraq Azərxalça ASC məcburi köçkünlərin yerləşdiyi ərazilərdə xalça müəssisələrinin yaradılması və qadınların cəlb olunması barədə danışılmışdır. Daha sonra Səfirliyin əməkdaşı Fidan Muradzadə daha ətraflı məlumat verərək bu layihənin məcburi köçkün qadınların bu sahədə fəal iştirakı, xalçaçılıq məktəblərinin açılması və Azərbaycan mədəniyyətinin inkişafına təsiri barədə məlumat vermişdir. İştirakçılar ABŞ-Azərbaycan Ticarət Palatasında məcburi köçkün qadınların əməyi ilə toxunulan xalça sərgisi ilə yaxından maraqlanmış və çoxsaylı suallar ünvanlamışdır.

MALA təşkilatını həmtəsisçisi Əhməd Fleks Ömər qaçqın olaraq üç bacısı ilə ABŞ-a köçdüyü zaman onların təhsil və iş ilə bağlı üzləşdiyi çətinliklər və çıxış yolları ilə bağlı təcrübəsini paylaşaraq qadınların cəmiyyətə inteqrasiyası və iqtisadi gücünün artırılması üçün praktiki tədbirlərin əhəmiyyətli olduğunu bildirmişdir.

Növbəti panel iştirakçısı Corc Vaşinqton Universitetinin təhsil üzrə elmlər namizədi Sevinc Məmmədova qadınların sahibkarlıq sahəsində artırılmasında təhsilin vacib rolu haqqında danışmışdır. Ümumi olaraq Azərbaycanda məcburi köçkünlər üçün təhsil sahəsində verilən üstünlüklər və növbəti addımlar üçün təkliflərlə çıxış etmişdir.

Corc Vaşinqton Universitetinin insan resurslarının inkişafı üzrə elmlər namizədi Çilənəy Səfərli Azərbaycan məcburi köçkün qadınların sahibkarlıq fəaliyyətinin artırılması barədə statistik təhlil təqdim edərək bu mövzu üzrə dünya təcrübəsini və mövcud tədqiqatın qısa xülasəsini paylaşmış və bu nəticələrin Azərbaycan kontekstində necə tətbiq olunması ilə bağlı müzakirələr aparmışdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31