Fermer qadınların problemləri müzakirə edilib
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədarük və Təchizat” ASC və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə AFAQ layihəsi çərçivəsində Şəkidə arıçı fermer qadınlarla görüş keçirilib.
5 Mart 2020 12:26 İqtisadiyyatKənd Təsərrüfatı Nazirliyinin tabeliyində "Aqrar Tədarük və Təchizat" ASC və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə AFAQ layihəsi çərçivəsində Şəkidə arıçı fermer qadınlarla görüş keçirilib. Görüşdə Şəki daxil olmaqla şimal-qərb regionunda fəaliyyət göstərən arıçılar iştirak ediblər. Nazirlikdən "Olaylar"a bildirilib ki, görüşün keçirilməsində əsas məqsəd arıçı fermer qadınları bir araya gətirərək mövcud imkanlar və layihələr barədə məlumatlandırmaq, onların "AFAQ" layihəsindən yararlanması imkanlarının müəyyənləşdirmək, arıçılıqla məşğul olan qadın fermerlərin fəaliyyətləri zamanı qarşılaşdıqları çətinlikərin araşdırılması və aradan qaldırılması yollarını müzakirə etməkdən ibarətdir.
Görüşdə arıçılıq məhsullarının istehsalında keyfiyyət göstəriciləri, məhsulların qablaşdırılması, satışı, marketinqi və ixracı mövzularında bu sahənin mütəxəssisləri tərəfindən məlumatlar verilib. Məhsul istehsalında qida təhlükəsizliyi standartlarının əhəmiyyəti, martketinq və satış kanalları ilə daha operativ iş, xarici ölkələrə məhsul ixrac etmə qaydaları barədə diqqət yetirilməli vacib qaydalar izah edilib. Təlimin yekununda iştirakçı fermer qadınlara sertifikat və müxtəlif hədiyyələr təqdim olunub.