Samir Şərifov BVF-nın sərəncamçı direktoru ilə görüşüb

Samir Şərifov BVF-nın sərəncamçı direktoru ilə görüşüb

Maliyyə naziri Samir Şərifov ABŞ-ın paytaxtı Vaşinqtona səfəri çərçivəsində martın 2-də Beynəlxalq Valyuta Fondunun (BVF)  sərəncamçı direktoru Kristalina Georgiyeva ilə görüşüb. Nazirlikdən "Olaylar"a bildirilib ki,  S.Şərifov BVF-nin sərəncamçı direktoruna Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən genişmiqyaslı islahatlar haqqında müfəssəl məlumat verib. K.Georgiyeva Prezident İlham Əliyev ilə 2019-cu ilin yanvar ayında Davos İqtisadi Forumunda keçirdiyi görüşü xatırladaraq Azırbaycanda həyata keçirilən iqtisadi islahatlarla bağlı ətraflı məlumat aldığını və BVF-nin bu istiqamətdə ölkəmizə lazım olan bütün zəruri dəstəyi göstərməyə hazır olduğunu bildirib.

Maliyyə naziri S.Şərifovun BVF-nin Yaxın Şərq və Orta Asiya departamentinin rəhbəri Cihad Azur və Fondun Azərbaycan üzrə missiya rəhbəri Nataliya Tamirisa ilə keçirdiyi görüşdə Azərbaycanda Ortamüddətli Xərclər Çərçivəsinin tətbiqi və BVF-nin 4-cü Maddəsi çərçivəsində bu qurumun missiyasının cari ilin iyul ayında ölkəmizə nəzərdə tutulan səfəri ilə bağlı hazırlıqlar müzakirə edilib.  Samir Şərifov dünən həmçinin Dünya Bankının (DB) vitse-prezidenti S.Müller ilə də görüşüb. Görüşdə ötən ay Prezident İlham Əliyev və DB-nin icraçı direktoru Aksel Van Trontsenburq arasında Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilmiş görüşündən irəli gələn məsələlərin icrası və gələcək əməkdaşlıq planları barədə müzakirələr aparılıb.

Səfər çərçivəsində Azərbaycanın maliyyə naziri ABŞ-ın dövlət katibinin iqtisadiyyat və biznes məsələləri üzrə köməkçisinin birinci müavini və Azərbaycan-ABŞ İqtisadi Tərəfdaşlıq Komissiyasının ABŞ tərəfindən həmsədri Peter Xaas ilə də görüşüb. Görüşdə Hökumətlərarası Komissiyanın növbəti iclasının 2020-ci ilin payızda Vaşinqtonda keçirilməsi və iqtisadi əməkdaşlıq çərçivəsində qarşılıqlı maraq kəsb edən digər məsələlər müzakirə edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31