Qətərdə Azərbaycan kənd təsərrüfatı məhsulları üçün ixrac bazarları araşdırılır
Qətərdə Azərbaycan kənd təsərrüfatı məhsulları üçün ixrac bazarları araşdırılır
3 Mart 2020 13:59 İqtisadiyyatKənd Təsərrüfatı Nazirliyinin tabeliyində "Aqrar Tədarük və Təchizat" ASC İdarə Heyətinin sədri Leyla Məmmədovanın başçılıq etdiyi nümayəndə heyəti Qətər Əmirliyində işgüzar səfərdədir. Nazirlikdən "Olaylar"a bildirilib ki, missiya çərçivəsində nümayəndə heyəti Azərbaycanın Qətərdəki səfirliyinin dəstəyi ilə bu ölkənin Kənd Təsərrüfatı və Balıqçılıq İşləri nazirinin müavini Şeyx Falih Bin Naser Əl Tani və "Al Meera Group" şirkətinin baş icraçı direktoru Yusif Əli Əl Obaydan ilə görüşüb. Görüşdə Azərbaycanın bu ölkədəki səfiri Rəşad İsmayılov da iştirak edib. Görüşlərdə aqrar sahədə iki ölkənin birgə əməkdaşlığı nəticəsində görülən işlər, Azərbaycan və Qətər arasında kənd təsərrüfatı sahəsində münasibətlər, yerli istehsal olan kənd təsərrüfatı və qida məhsullarının ixracı istiqamətində müzakirələr aparılıb, qətərli nümayəndələrə Azərbaycanın ixrac potensialı barədə ətraflı məlumat verilib."Aqrar Tədarük və Təchizat" ASC-nin İdarə Heyətinin sədri Leyla Məmmədova səfər çərçivəsində keçirilən görüşlərdə təkcə ixrac prosesinin deyil, həmçinin Azərbaycanın investisiya mühitinin şəffaflığının da qətərli nümayəndələrin diqqətinə çatdırıldığını vurğulayıb: "Keçirdiyimiz görüşlərdə qətərli dövlət və özəl sektor nümayəndələrinə ixrac potensiallı kənd təsərrüfatı məhsulları ilə yanaşı, ölkəmizdə mövcud olan şəffaf investisiya mühiti barədə də ətraflı məlumat verdik, kənd təsərrüfatı sahəsində mümkün əməkdaşlıq üzrə hazırladığımız təklifləri onların diqqətinə çatdırdıq. Qeyd etmək istərdim ki, görüş keçirdiyimiz "Al Meera Group" şirkətinin sahib olduğu mağazalar şəbəkəsi Qətərlə yanaşı, Omanda da fəaliyyət göstərir. Holdinq Azərbaycan istehsalı olan məhsulları öz mağazalarında satmaqda maraqlıdır. Görüşdə bu mövzu üzərində də müzakirələr aparıldı. İnanıram ki, yaxın gələcəkdə Azərbaycan kənd təsərrüfatı və qida məhsullarını Qətər və Omanda fəaliyyət göstərən marketlər şəbəkəsində satışa çıxarılacaq."