Xarici ölkələrdə Azərbaycan ticarət evlərinin sayı artırılır
Xarici ölkələrdə Azərbaycan ticarət evlərinin sayı artırılır
3 Mart 2020 12:22 İqtisadiyyatYerli məhsulların xarici ölkələrdə tanıdılması məqsədilə 2019-cu ildə BƏƏ-nin Dubay şəhərində "Azərbaycan Ticarət Evi", Rusiyanın Yekaterinburq şəhərində "Azərbaycan Şərab Evi" açılıb. Bununla yanaşı, Moskvada ticarət evi konseptində "Azərbaycan nemətləri" mağazası fəaliyyətə başlayıb. Bu günlərdə isə Moskvanın tanınmış hipermarketlər şəbəkəsində "Azərbaycan nemətləri" güşəsi açılıb. "Olaylar" xəbər verir ki, bu barədə AZPROMO-nun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev məlumat verib. Bildirib ki, ötən il 6 ölkədən olan 10 analoji qurumla 11 anlaşma memorandumu imzalanıb. Bu istiqamətdə işlər bu il də davam etdirilir. Belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İtaliya Respublikasına dövlət səfəri çərçivəsində AZPROMO və İtaliya Ticarət Agentliyi (ICE), İtaliyanın İxrac Kredit Agentliyi (Simest) və "K-BEKSPORT SRL" şirkəti, həmçinin, Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Azərbaycan səfəri çərçivəsində Türkiyə Dış Ekonomik İlişkiler Kurulu (DEİK) arasında anlaşma memorandumları imzalanıb: "Bu ilin əvvəlindən Azərbaycan məhsulları xarici ölkələrdə keçirilən 3 beynəlxalq sərgidə nümayiş olunub. Belə ki, Azərbaycan şirkətləri Almaniyanın Berlin şəhərində təşkil edilmiş "Beynəlxalq Yaşıl Həftə 2020", Rusiyanın Moskva şəhərində "Prodexpo 2020" və BƏƏ-nin Dubay şəhərində "Gulfood 2020" beynəlxalq sərgilərində "Made in Azerbaijan" vahid ölkə stendi ilə iştirak ediblər".