Bitki və torpaq mühafizəsi mövzusunda beynəlxalq elmi seminar keçirilib

Bitki və torpaq mühafizəsi mövzusunda beynəlxalq elmi seminar keçirilib

Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Aqronomlar İttifaqının və "HH GROUP" şirkətinin təşkilatçılığı ilə beynəlxalq elmi-praktiki seminar keçirilib. Nazirlikdən "Olaylar" a bildirilib ki, intensiv bitki yetişdirilməsi şəraitində bitki mühafizəsi və torpaq qorunması mövzusunda keçirilmiş seminarda Nazirliyin tabeli qurumlarının, Aqrar Elm və İnnovasiya Mərkəzi, Tərəvəzçilik, Bitki Mühafizəsi və Texniki Bitkilər İnstitutu, Azərbaycan Dövlət Aqrar Universiteti, AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun, eləcə də respublikanın digər elmi müəssisələrinin əməkdaşları, fermerlər və rusiyalı elm xadimləri iştirak ediblər. Tədbir iştirakçıları intensiv əkinçilik zamanı torpağın münbitliyinin qorunub saxlanılması yolları barədə müzakirə aparıblar. Qlobal iqlim dəyişikliyi və məhsul yetişdirmə şəraiti ilə əlaqədar müasir kənd təsərrüfatının ciddi çətinliklərlə üzləşdiyi vurğulanıb. Bununla əlaqədar tədbir iştirakçılarına bitki sağlamlığı tədbirlərinin elmi təminatı haqqında geniş məlumat verilib. Bildirilib ki, stres amillərinə qarşı dözümlü bitki sortlarının yaradılması, onların əkin arealının genişləndirilməsi, ziyanverici və zərərvericilərə qarşı effektiv mübarizə tədbirlərinin təşkili, texnoloji innovasiyaların tətbiqi, əkinlərdə pestisid yükünün azaldılaraq bioloji mübarizə üsullarından istifadənin genişləndirilməsi vacib addımlardır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31