“AgroHackathon 2020” startap müsabiqəsinin qalibləri mükafatlandırılıb
“AgroHackathon 2020” startap müsabiqəsinin qalibləri mükafatlandırılıb
2 Mart 2020 15:35 İqtisadiyyatBakıda Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi, Aqrar Elm və İnnovasiya Mərkəzi, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin "Eazi Start" Startap və İnnovasiya Mərkəzi, Azərbaycan Sənaye Korporasiyasının təşkilatçılığı, "Bakcell" şirkətinin sponsorluğu ilə "AgroHackathon 2020" startap müsabiqəsinin yekun təqdimat mərasimi keçirilib. "Olaylar" xəbər verir ki, təqdimatdan öncə "AgroHackathon 2020" müsabiqəsi haqqında film nümayiş olunub. Tədbiri giriş sözü ilə açan Aqrar Elm və İnnovasiya Mərkəzinin direktor müavini Əkbər Abbasov müsabiqənin məqsədi və əhəmiyyəti barədə məlumat verib. O, bildirib ki, bu müsabiqə kənd təsərrüfatı sahəsində aqrar startapçıların innovativ ideyalarının reallaşması üçün əlverişli şərait yaradacaq.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi tərəfindən həyata keçirilən tədbirlər, o cümlədən startaplara dəstək mexanizmlərindən bəhs edib. O, startapçıları uzunmüddətli layihələr üzərində çalışmağa dəvət edib. Qeyd olunub ki, "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi tərəfindən startap layihələrinə davamlı dəstək göstəriləcək.
Tədbirdə çıxış edən Kənd Təsərrüfatı naziri İnam Kərimov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aqrar sahənin inkişafı prioritet istiqamət kimi elan edilib. Nazir bildirib ki, ardıcıl həyata keçirilən tədbirlər nəticəsində aqrar sahə özünün yeni inkişaf mərhələsinə qədəm qoyub və bu sahədə inkişaf tempi davam edir: "Cənab Prezident tərəfindən həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının daha da inkişafını nəzərdə tutur və bu məqsədlə dövlət tərəfindən çox böyük dəstək tədbirləri həyata keçirilir. Həyata keçirilən dövlət dəstəyi nəticəsində son bir neçə ildə aqrar sektorda daim inkişaf tempi müşahidə edilir. Təsadüfi deyil ki, təkcə ötən il kənd təsərrüfatı məhsullarının ümumi istehsal həcmi əvvəlki illə müqayisədə 7 faizdən çox artıb".
Daha sonra "AgroHackathon 2020" müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Müsabiqədə I yeri M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının "Mathemates" komandası, II yeri Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin "Origen" komandası, III yeri ADA Universiteinin SPD komandası tutub. Tərəvəzçilik Elmi-Tədqiqat İnsitutunun təşəbbüsü ilə müsabiqədə xüsusi fərqlənmiş Azərbaycan Texniki Universitetinin komandasının şərəfinə institut tərəfindən yetişdirilmiş yeni pomidor sortuna "AzTU-2020" adı verilib.