Dövlət Aqrar İnkişaf Mərkəzlərinin Respublika müşavirəsi keçirilib

Ucar rayonunda Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Aqrar İnkişaf Mərkəzlərinin (DAİM) Respublika müşavirəsi keçirilib. "Olaylar" xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən müşavirədə Kənd Təsərrüfatı naziri İnam Kərimov, nazirlik Aparatının nümayəndələri, struktur bölmə rəhbərləri, 60 rayonun Dövlət Aqrar İnkişaf Mərkəzinin rəhbərləri iştirak ediblər. Müşavirəni giriş sözü ilə açan Kənd Təsərrüfatı naziri İnam Kərimov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkədə ərzaq təhlükəsizliyinin təmin olunması, bu məqsədlə torpaq və su resurslarından daha səmərəli istifadə edilməsi, yüksək məhsuldarlığın əldə olunması ilə bağlı mühüm tapşırıqlar qoyulub: "Aqrar sahədə inkişafın davamlılığını təmin etmək üçün dövlət başçısının müəyyən etdiyi strateji kursa uyğun olaraq Kənd Təsərrüfatı Nazirliyi öz fəaliyyətini fermerlərə yaxınlıq, düzgün idarəçilik və innovasiyaların tətbiqi prinsiplərinə əsasən qurub. Son iki il ərzində aqrar sahədə əhəmiyyətli islahatlar həyata keçirilib. Bu islahatların bir istiqaməti Dövlət Aqrar İnkişaf Mərkəzlərinin fəaliyyəti ilə bağlı olub. Belə ki, aparılan institusional islahatlar nəticəsində kənd təsərrüfatı idarələri əsasında Dövlət  Aqrar İnkişaf Mərkəzləri yaradılıb, yeni qurum xidmət strukturu kimi fəaliyyət göstərməyə başlayıb. Artıq DAİM-lər aqrar sahədə çalışan insanlara zəruri xidmətlərin göstərildiyi Mərkəz rolunu oynamaqdadır. Hazırda Mərkəzlər fermerlərə yaxınlıq prinsipi əsasında öz fəaliyyətini qurub və 70-dən artıq xidmətin göstərilməsini təmin edir".

Nazir qeyd edib ki, DAİM-lər rayonlarda fermerlərlə işin sürətləndirilməsi, Dövlət Proqramları ilə əlaqədar işlərin koordinasiyalı şəkildə həyata keçirilməsi, fermerlərə göstərilən xidmətlərin təkmilləşdirilməsi istiqamətində fəaliyyətə xüsusi diqqət yetirməlidirlər: "Bu istiqamətlərdə bir sıra addımlar atılıb, qarşıda duran məsələlərin həlli istiqamətində çox ciddi işlər görülüb. Kənd təsərrüfatı daim dinamik inkişaf edən sahə olduğu üçün biz məqsədlərimizə çatmaq üçün qarşımıza qoyulan bütün vəzifələrin icrasını təmin etməli və Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən qarşımızda qoyulan vəzifələrin həyata keçirilməsi üçün səylə çalışmalıyıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31