Azərbaycan-Gürcüstan iqtisadi əməkdaşlığına dair müzakirələr aparılıb

Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov ölkəmizdə səfərdə olan Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Turnava ilə görüşüb.

Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov ölkəmizdə səfərdə olan Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Turnava ilə görüşüb. İqtisadiyyat Nazirliyindən "Olaylar"a bildirilib ki, görüşdə nazir Mikayıl Cabbarov Azərbaycanın qonşu Gürcüstanla əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu, əlaqələrin bütün istiqamətlərdə yüksələn xətlə inkişaf etdiyini vurğulayıb. Bildirilib ki, ölkələrimiz beynəlxalq tranzit dəhlizlərinin inkişafında əməkdaşlıq edir, Azərbaycan və Gürcüstan ərazisindən keçən tranzit yükdaşımaların həcmi artır. İqtisadiyyat naziri qeyd edib ki, Gürcüstan  Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan enerji və nəqliyyat layihələrində fəal iştirak etməklə regional əməkdaşlığa töhfə verir.

Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Natiya Turnava Azərbaycana səfərindən məmnunluğunu ifadə edib, ölkəmizin Gürcüstanın əsas ticarət tərəfdaşlarından olduğunu qeyd edərək, iqtisadi-ticarət əməkdaşlığının inkişafı istiqamətlərı barədə fikirlərini bölüşüb, birgə layihələrdə iştiraka dəvət edib. Görüşdə ölkələrimizin potensialından istifadə edərək mövcud iqtisadi əlaqələrin daha da genişləndirilməsi, Azərbaycanın Ələt Limanı ilə Gürcüstanın Poti Limanı arasında əməkdaşlığın qurulması, biznes forum və işgüzar görüşlərin təşkili və s. məsələlər müzakirə edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31