Maliyyə Nazirliyi və Asiya İnkişaf Bankı Ortamüddətli Xərclər Çərçivəsinin Tətbiqinə dair seminar təşkil edib
Maliyyə Nazirliyi və Asiya İnkişaf Bankı Ortamüddətli Xərclər Çərçivəsinin Tətbiqinə dair seminar təşkil edib
24 Fevral 2020 16:35 İqtisadiyyatFevralın 24-də Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Asiya İnkişaf Bankının birgə təşkilatçılığı ilə "Ortamüddətli Xərclər Çərçivəsinin Tətbiqi" mövzusunda seminar keçirilib. "Olaylar" xəbər verir ki, seminarda Azərbaycanda ortamüddətli xərclər çərçivəsinin (OMXÇ) tətbiqi və nəticəəsaslı büdcə planlamasına keçidlə bağlı büdcənin tərtibində iştirak edən təşkilatlar üçün Maliyyə Nazirliyi tərəfindən təsdiq olunmuş OMXÇ-nin hazırlanması üzrə təfsilatlı təlimatlar təqdim edilib, bu mövzuda müzakirələr aparılıb.
Maliyyə nazirinin müavini Azər Bayramov Azərbaycan Prezidentinin müvafiq fərmanları ilə təsdiq edilmiş "Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Qaydası" və digər müvafiq sənədlərə əsasən, ortamüddətli xərclər çərçivəsinin hazırlanmasına dair qarşıya qoyulmuş vəzifələrə uyğun olaraq Maliyyə Nazirliyi tərəfindən dövlət xərclərinin səmərəliliyinin və ünvanlılığının artırılmasını təmin edən nəticəəsaslı büdcə tərtibi mexanizminə keçidlə bağlı görülən işlər barədə məlumat verib. Bildirib ki, maliyyə nazirinin müvafiq əmri ilə Nazirliyin Aparatında əsas fəaliyyəti OMXÇ-nin hazırlanması, nəticəəsaslı büdcə tərtibi mexanizminə keçidin təmin edilməsindən ibarət olan Ortamüddətli Xərclər çərçivəsinin hazırlanması Mərkəzi yaradılıb. Nazir müavini həmin mərkəzin sözügedən istiqamətdə qarşıya qoyulmuş tapşırıqları uğurla yerinə yetirəcəyinə və nəticəəsaslı büdcə tərtibi mexanizminə müsbət töhfə verəcəyinə əminliyini ifadə edib.
Asiya İnkişaf Bankının Azərbaycandakı Daimi Nümayəndəliyinin rəhbəri Nəriman Mannapbekov çıxış edərək Bankla Azərbaycan hökuməti, o cümlədən Maliyyə Nazirliyi ilə birgə həyata keçirilən layihələrdən bəhs edib. Bildirib ki, bu əməkdaşlığın istiqamətlərindən biri kimi, ortamüddətli xərclər çərçivəsinin tətbiqi, nəticəəsaslı büdcə mexanizminə keçidin reallaşdırılması, dövlət xərclərinin səmərəliliyinin təmin edilməsi və neft gəlirlərinin dəyişkənliyinin təsirinin azaldılması baxımından olduqca əhəmiyyətlidir.